Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-05 16:02:00
İmtahanlara  qısa müddətdə  hazırlaşmağın yolları – “İki ay qalmış, başlamısınızsa...”

Magistratura imtahanlarının birinci mərhələsinin keçirilməsinə  bir neçə ay vaxt qalıb. Tələbələrin  və namizədlərin bir qismi gündəlik iş rejimi və digər başqa səbəblərdən imtahana son 2-3 ay qalmış hazırlaşmağa başlayırlar.

 

 Bəs, bu qədər az müddətə imtahanda yaxşı nəticə göstərməyin yolları hansılardır?

 

 Məntiq-informatika  müəllimi, magistratura pilləsi üzrə təlimçi  Rəşadət Şərifov  AzEdu.az-a açıqlaması zamanı bildirib ki, burada əsas məsələ inamdır:

 

 “Özünə inam olduqdan sonra yerdə qalan 2-3 ay müddətində çox yüksək nəticə əldə etmək olar. İnam, əzmkarlıqla çalışsalar  və təlaşa düşməməyi bacarsalar, imtahandan uğur qazanacaqlar.

 

 Bir fəndən ancaq bir kitab seçib onunla hazırlaşsınlar. Eyni vaxtda bütün kitabları oxuyanda beyin qarışır və motivasiya aşağı düşür. İmtahana 15 gün qalmış hər gün azı 1 ümumi sınaq imtahanı işləmək lazımdır. Vaxt az olduğu üçün ayıra biləcəkləri maksimum vaxtı ayırsınlar. 7, 8 saat və ya daha çox. Ancaq bu heç də o demək deyil ki, bu qədər vaxtı olmayanlar magistr ola bilməyəcəklər. Sadəcə olaraq yüksək nəticə üçün çox vaxt ayırmaq lazımdır”.

 

Rəşadət Şərifov qeyd edib ki, tələbələrin bir qisminin beyni humanitar yönümlüdür:

 

“Onlar hesablama tipli suallara daha çox vaxt ayırmalıdırlar. Digər bir qismin beyni isə texniki yönümlüdür. Həmin tələbələr də əzbər tipli suallara daha çox vaxt ayırsalar yaxşıdır.

 

Xarici dildən dinləmə mətninin imtahana əlavə olunması tələbələrə müəyyən qədər çətinlik yaradacaq. Tələbələr daha çox psixoloji olaraq buna hazır deyillər. Ancaq özlərində bu inamı yaradaraq bunun da öhdəsindən gəlmək olar. Ümumiyyətlə, “listening”in əlavə olunması çox yaxşı haldır. Artıq tələbələr qrammatika əzbərləyərək imtahanı keçmək yox, dil öyrənmək haqda düşünəcəklər.

 

Düşünmək lazımdır ki, imtahan dünyanın sonu deyil. Bu il olmasa, növbəti il yenə şans var. O qədər böyük problemlər var ki, imtahan onların yanında heç problemə çevriləcək bir şey belə deyil. Başa düşün ki, gərgin olmaq heç nəyi dəyişməyəcək. Maksimum rahat bir şəkildə imtahan vermək lazımdır . Bu halda nəticə daha da yüksək olar”.