Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-05 15:24:00
Zəfər şəhidləri, Zəfər şahidləri- Esmira İsmayılovadan təsirli yazı

 

 

 

27 sentyabr  2020-ci ildə  başlanan , 10 noyabrda  böyük qələbəmizlə bitən azadlıq savaşı  Azərbaycan xalqı üçün   olum və ya ölüm məsələsi idi. 44 günlük  Vətən müharibəsində  Azərbaycan  dövləti və ordusu elə bir tarix yazdı, elə bir hünər göstərdi  ki, bu günlər bütöv bir millətin ləyaqət rəmzi, milli qeyrət nümunəsi kimi Vətən tariximizə əbədi qızıl hərflərlə  həkk olundu, “güclü Ermənistan” mifi darmadağın edildi.

 

 

İkinci Qarabağ  savaşında   Azərbaycan ordusunun  böyük qələbəsi  imkan verdi ki, 30 ildə əyilən   qamətimizi düzəldək,  itirdiyimiz  maddi və mənəvi sərvətləri, milli dəyərləri, milli güvəni özümüzə qaytaraq, illərlə həsrətində olduğumuz torpaqlarımıza, yurd yerlərimizə  qovuşaq. O yerlərə ki, ata-baba məzarlarımız düşmən girovluğunda  , xan qızı Natəvanın ruhu səksəkədə  idi, Xanın səsindən  niskil yağırdı , Bülbülün ahu-zarı  yerə-göyə sığmırdı. Minlərlə şəhid eloğlumuzun ahı yerdə qalmışdı…

 

 İtirilmiş torpaq, Vətən dərdi ən ağır dərddir deyirlər.Və nə yaxşı ki,  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan  xalqı  30 illik mərhumiyyətə  44 gün ərzində  son qoymaqla tarixinin şərəf, zəfər səhifəsini qürurla   yazmağı  bacardı, əsgərlərimizin qanı və canı bahasına  torpaqlarımız azad olundu.  Azərbaycan əsgəri  qoymadı ki, xalqı hansısa super  güclərin təzyiqi altında boynübükük  qalıb  öz halalca haqqını minnətlə, həm də yarımçıq  alsın. Qanını halal etdi yurddaşlarına, döyüşdü, ölümün gözünə  baxa-baxa döyüş meydanında  tarix yazdı, hərb meydanında Zəfər qazandı. Bəli,  Vətən müharibəsindəki qələbəmizlə   təkcə torpaqlarımız geri  qayıtmadı, milli şərəf və ləyaqətimiz, özgüvənliyimiz, milli kimliyimiz  də özümüzə  qayıtdı…

 

…Tarixdəki  bütün müharibələr gec ya tez sona çatır. Amma çox təəssüf ki, qalib ya məğlub-fərqi yoxdur-müharibə həmişə  itkidir, ölümdür, göz yaşıdır…Bizim Zəfər bayramına  da  3 min şəhidin  müqəddəs qanı hopub, nakam taleyi yazılıb.. . Onlar 30 il öncə ayağı yalın, başı açıq öz torpaqlarından qovulan, hər şeyləri əlindən alınan atalarının, təhqir  olunan  ana-bacılarının, minlərlə şəhid sələflərinin  qisasını qanları ilə  aldılar.  Prezident İlham Əliyevin sözləri ilə desək: “Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular”.  Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, Şuşa şəhəri döyüşlə azad olundu. Hərb meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin.

 

8 Noyabr tarixi  Azərbaycan tarixinin şərəf nöqtəsidir deyərdim. Məhz Şuşa şəhəri düşmən tapdağından azad olunandan sonra sinə dolusu “Qarabağ Azərbaycandır” deyə bildik.  “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri, Üzeyir bəyin adını daşıyan musiqi günləri artıq Şuşada keçirilir, dahi Bülbülün ev muzeyi öz qonaqlarını qarşılayır. Şuşada və digər azad olunan ərazilərimizdə-Zəngilanda, Füzulidə aparılan sürətli  quruculuq işləri bizi Qarabağın bərpası ilə bağlı  hədəflərimizə daha da yaxınlaşıdırır. O, hədəflər arasında uzun illərdir blokada şəratində yaşayan Naxçıvan Muxtar Respublikasının tarixi Vətənlə birləşdirilməsi  məsələsi də var. Zəngəzur dəhlizinin işə düşməsini qarşıya mühüm məqsəd kimi qoyan Prezident İlham Əliyev bu hədəfə çatmaq üçün var gücü ilə çalışır.

 

Bir neçə gündən sonra elliklə  Zəfər bayramının 1-ci ildönümünü böyük fəxarət və qürur hissi ilə qeyd edəcəyik. Bizim nəsil xoşbəxtdir ki,  bu günlərin-böyük Qələbənin, ondan sonra başlanan sürətli quruculuq işlərinin  canlı şahidləriyik,  Zəfər şahidləriyik.

 

Zəfər şəhidləri, ruhunuz şad olsun, Zəfər şahidləri, bayramınız mübarək!

 

Esmira İsmayılova

 

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.