Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-02 10:15:00
“Müəllimlərin sayı tələbatdan 2 dəfədən çoxdur” - EKSPERT

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə keçirilən builki qəbul imtahanlarını yekunlaşdırıb. Sonuncu – iyulun 26-da II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının da nəticələri elan olunub. Qeyd edək ki, təhsil, test üsulu ilə qəbul və başqa məsələlər cəmiyyətin hər kəsimini maraqlandırır və narahat edir.

AzEdu.az xəbər verir ki, bu məsələ ilə bağlı fikirlərini “Şərq”lə bölüşən təhsil eksperti Nadir İsrafilov builki qəbul imtahanları ilə bir o qədər də yaxından maraqlanmadığını deyib:

“Düzü, elə bir ciddi keyfiyyət dəyişikliyi hiss olunmur. Yüksək bal toplayan abituriyentlərin sayında nisbətən artım var, amma aşağı bal toplayanların da sayı günü-gündən artır”. 

– 29 nəfər 700 bal toplayıb, bu da keyfiyyət göstəricisi hesab olunmur?

– Mən təhsilimizin bal üzərində cəmləşməsinin əleyhinəyəm. Bal məsələsi o qədər həyatı önəmli məsələyə çevrilib ki, qəbul imtahanında zəif nəticə göstərən uşaqlar intihara cəhd edir. Dünya təcrübəsində abituriyentlər universitetləri deyil, universitetlər onları seçir. Bal sistemi Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında da narazılıq yaradır. Bu qədər gərginlik, əsəbilik, ajiotaj, qarşılıqli ittihamlar kimə lazımdır və nə məqsədə xidmət edir, başa düşmək olmur. Hətta iş o yerə çatıb ki, son illər qəbul imtahanında az bal toplayan, yaxşı nəticə göstərə bilməyən abituriyentlər arasında intihar halları da onların psixoloji durumu ilə əlaqələndirilir, sosial şəbəkələrdə bu kimi hallar hətta, “Abituriyentlərin intihar dövrü başladı” kimi xarakterizə olunur və s. Bal toplamaq uğrunda yarış marafon qaçışı deyil, yetişməkdə olan və gələcəyimiz hesab etdiyimiz gənc nəslin taleyi məsələsidir”.

Ümumiyyətlə, bir və ya iki imtahanla biliyin tam üzə çıxarılması və obyektiv qiymətləndirilməsi o qədər də real görünmür. O ki qaldı test yolu ilə… Məktəbin missiyası ali məktəblərə tələbə hazırlamaq deyil. Məktəbin vəzifəsi sistemləşdirilmiş bilik, bacarıq, vərdişlər aşılamaqla yanaşı özünün vətəndaşlıq missiyasını dərk edən şəxsiyyət yetişdirməkdən ibarətdir. Şərt deyil ki, orta məktəbi bitirən bütün məzunlar ali təhsil alsın. Biz peşə təhsilinin inkişafına önəm verməliyik. Amma bu gün hər kəs diplom almaq istəyir. Təhsilimiz biznes kampaniyasına çevrilib. Repetitorluq məsələsi ayrı bir problemdir.

– Belə çıxır ki, ölkədə mövcud olan qiymətləndirmə mexanizmi biliyin qiymətləndirilməsinə imkan vermir?

– Tamamilə doğrudur. Bizim bugünki təhsil siyasətimizdə şəxsiyyətyönümlülüyün qiymətləndirmə kriteriyası yoxdur. Elə məktəb var ki, 5 şəhid verib. Heç kim bunun hesabatını aparmır. Məktəblərin yetişdirdiyi vətənpərvər, torpağına və millətinə bağlı, əsl vətəndaş mövqeyi olan, milli dəyərlərinə önəm verən insanların qiymətləndirilməsi üçün bir mexanizm yoxdur. Əmək adamlarını da məktəb yetişdirir. Pambıqçılıq, kənd təsərrüfatını inkişaf etdirən ölkə insanını da məktəb yetişdirir. Məqsədimiz təhsildə keyfiyyətə nail olmaq yox, baldır. Bal dalınca qaçmaq son nəticədə şagirdlər arasında psixoloji problemlərin yaranmasına da səbəb olur. Universiteti bitirən insanların yaşadığı işsizlik problemi də onların həyat keyfiyyətinə təsir edir. Bütün universitetlər müəllim hazırlayır. Müəllimlərin sayı tələbatdan 2 dəfədən çoxdur. Bunun isə ən böyük üstünlüyü ali təhsilli fəhlələrin sayının artmasındadır. Olmaz ki, bu uşaqları bir az da peşə təhsilinə yönləndirsinlər. Lap 50 nəfər 700 bal toplasın. Bunun kimə, nə xeyri var? İlahiyyat fakültəsinə keçid balı 100, hüquq fakültəsində isə 650-dən artıqdır. Məgər bizə savadsız dindarlar lazımdır? Bu bölgü nəyə əsasən aparılır?

– Deməli, fakültələr üzrə müəyyənləşdirilən keçid ballarını normal hesab etmirsiniz?

– Sovet dövründə müəllim olmaq istəyən şagird sənədlərini Müəllimlər İnstitutuna verirdi. Həkim olmaq istəyən də Tibb Universitetinə, mühəndis olmaq istəyənlər də Texniki Universitetə gedirdi. Amma bu gün hüquqşünas olmaq istəyən abitruyent aşağı bal toplayanda tarix müəllimliyinə qəbul olur. Balı lap aşağı olanda da kitabxanaçılıq oxuyur.