Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-01 17:01:31
“Dövlət tələbələrə çox az güzəşt edir” – Qiymət artımının fəsadları

“Qiymət artımında ən çox yük düşən vətəndaş seqmenti də məhz tələbələr olacaqdır. Çünki çox aşağı təqaüd alırlar və  gediş haqqının 50% qalxması onların aylıq nəqliyyat xərclərini,  təxminən, 10-12 manat artıracaq. Yəni bu günə qədər xərclədiyindən  əlavə  10-12 manat da xərcləməli olacaq”.

Bu sözləri AzEdu.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib. O, tələbələr üçün xüsusi gediş kartlarının olmasını təklif edib:

“Bundan  çıxış yolu kimi bunu dəfələrlə təklif etmişik. O kartlarda elə bir sistem qurula bilər ki gediş haqqı hətta qiymət artımından öncəkindən aşağı, təqribən, 10-15 qəpik civarında olsun. Avropa ölkələrində, hətta Türkiyədə də bunu tətbiq edirlər. Ona görə də aylıq və yaxud da illik nəqliyyatdan istifadə kartları vasitəsilə tələbələrə dəstək olmaq lazımdır və bu, çox vacibdir . Çünki  ən çox zərbə dəyən kateqoriyaya məhz tələbələr aiddir”.

Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyevin sözlərinə görə, Azərbaycanda  çox az yerdə  tələbələrə özəl endirimlər olur, hətta onlara verilən güzəştlər olduqca aşağı səviyyəsindədir:

“Müəyyən şirkətlər müxtəlif kampaniyalar çərçivəsində tələbələrə endirim edir. Ancaq bu, sosial mesaj deyil, sırf biznes xarakterlidir. Yəni dövlət tərəfindən tələbələrə güzəşt edilən çox az sahə var”.

Ekspert  açıqlamasında bildirib ki,Almaniya  və digər Avropa ölkələrində isə tələbələr üçün xüsusi güzəştlər tətbiq olunur:

“Tiflisdə şagirdlər nəqliyyatdan pulsuz, tələbələr isə 70 faiz güzəştlə istifadə edə bilir. Rusiyada isə əlillər, birdən çox uşağı olan analar, müharibə, əmək veteranları nəqliyyatdan pulsuz yararlanırlar. Belarusda, ümumilikdə, 17 adda təbəqəyə, Tallin cə Estoniyada isə şəhər sakinlərinə nəqliyyat pulsuzdur. Budapeştdə nəqliyyatda aylıq gediş haqqı tələbələr üçün 15 avrodur.  İstanbulda da 14 adda güzəştli kateqoriyaya məxsus vətəndaşlar pulsuz istifadə edirlər. Almaniya və digər Avropa ölkələrində tələbələr üçün xüsusi güzəştli paketlər mövcuddur.

Düzdür, bizimkilər 0,30 AZN-nin Avropa ilə müqayisədə çox aşağı rəqəm olduğunu əsas gətirə bilərlər. Lakin unudacaqlar ki, Azərbaycanda oxuyan tələbənin aylıq təqaüdü də Avropa ilə müqayisədə olduqca fərqlidir”.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının qərarı ilə avqustun 1-dən metro və şəhərdaxili avtobuslarda sərnişin daşınması 1 gediş üçün 30 qəpiyə, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.