Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-31 14:05:00
“Bunker müəllim yanında hazırlaşmayanın yüksək bal toplaması mümkün deyil” -  SƏRT İDDİA

 

 

Dövlət İmtahan Mərkəzinin yeni qərarlarına əsasən yaxın zamanlarda müəyyən ixtisaslar üzrə İnformatika fənninin I qrupa, Coğrafiyanın isə III qrupa qəbulda əlavə olunmasıdır.

 

Bu qərar abituriyentlərin tədrisi ilə yanaşı, repetitor institutna da öz təsirlərini göstərməyə başlayıb.

 

 

Bəs,  görəsən,  III qrupa Coğrafiyanın əlavə edilməsi repetitor institutuna yoxsa abituriyent bacarığına təkan verəcək?

 

Mövzu ilə bağlı AzEdu.az-a  danışan təlimçi Rövşən Nəcəfov bu istiqamətdə verilən qərarları dəyərləndirib.

 

O bildirib ki, təhsillə bağlı qərarların müxtəlif müzakirələr əsasında verilməsi daha doğru olar:

 

Təhsil dövlətin ictimai sahəsidir, həm cəmiyyətin, həm də dövlətin gələcəyidir. İctimai və gələcəyə aid olan anlayış haqqında mütləq müxtəlif müzakirələr və istinadlara uyğun olaraq qərara verməyi daha üstün tuturam. Müsbət olduğunu düşündüyümüz hər hansı bir mövzu haqqında hazırda mütləq qərar vermək doğru olmaz. Sadəcə olaraq Coğrafiya fənni əvvəl də bu qrupda var idi və dəyişikliyə əsasən yenidən qaytardılar. Bir müddət öncə də ixtisaslar fərqli qruplara yönləndirildi. Məsələn, mən informatika fənni ilə bağlı yeni qərarın tərəfdarı deyiləm. Ola bilər ki, həmin qrupda olan müəyyən rəqəmsal ixtisaslara əsasən bu fənn daxil edildi”.

 

 

Təlimçi hər hansı qərarların gələcək üçün verilməli olduğunu vurğulayıb:

 

“Amma təhsil ilə bağlı hər hansı islahat yaxud qərar verildikdə mütləqdir ki, o qərar məsələn, 5 il sonraya aid edilməlidir. Gəlin reallığı etiraf edək ki, bu gün abituriyentlər artıq 2-3 il müddətində repetitor yanında qəbula hazırlaşırlar. Bu reallıq mütləq nəzərə alınmalıdır və qərarlar da ona uyğun tənzimlənməlidir. Əgər bu gün düşünsək ki, Coğrafiya fənni məhz müəyyən ixtisasa lazımdır, inanın bu doğru olmayacaq. Çünki dünyada qəbul şərtləri hansısa fənni kiminsə daha yaxşı bilməsi üzərində qurulmayıb. Ümumiyyətlə, təhsil rəqabət sahəsi deyil, əmsallar sahəsidir. Yəni qəbul olunması asan, məzun olunması isə əziyyətli olan bir sahədir. Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və dövlət bunu düşünməlidir. İndi orta məktəbdə təhsil alanlar informatika fənni keçirlər, 5 il əvvəl həmin fənlər keçirilmirdi. Bir daha deyirəm, təhsillə bağlı hər hansısa bir qərarı gələcək üçün vermək lazımdır, bu gün üçün deyil”

 

O repetitor hazırlığına diqqət çəkərək sadəcə, maddi vəziyyəti yaxşı olanların qəbulda yüksək bal toplaya bildiyini qeyd edib:

 

“Yeni qərarların hər hansı istiqamətdə müsbət təsir edəcəyini düşünmürəm. İnsanlar hansısa bir imtahana hazırlaşmaq üçün mütləq repetitora müraciət edirlər, çünki burada əlavə bir variant, şəxsin özünün hazırlaşa bilməsi kimi bir seçim yoxdur. Həm bakalavriat, həm magistratura, hətta doktorantura imtahanları üçün belə insanlar repetitora müraciət edirlər. Dünya təcrübəsində belə bir şey yoxdur. Həmçinin bu qərarların abituriyentlərə müsbət təsir edəcəyini düşünmürəm. Nəticədə, abituriyent yenə eyni sistemlə hazırlaşacaq, ali məktəbə qəbul olması üçün valideyni ona müəyyən imkanlar yaradacaq. Yenə də kimin maddi vəziyyəti yüksəkdirsə o yüksək bal, maddi vəziyyəti yaxşı olmayan isə aşağı bal toplayacaq. Təbii ki, istisnalar var, ancaq istisnalar qaydanı pozmur. Məsələn, bəzən ucqar kənddə birinin yüksək bal toplaması müşahidə edilir, ancaq inanın bu çox təsadüfidir. Çox təəssüf ki, bunker anlayışı var. Mümkün deyil ki, bu gün bunkerdə hazırlaşmayanlar yüksək bal toplasın”.

 

Təlimçi test üsulunun şagirdləri əzbərçiliyə təhrik etdiyini bildirərək, DİM-in fəaliyyətinə diqqət çəkib:

 

“Beləliklə bunun istənilən halda müzakirəsini təşkil etmək və əsaslandırmaq olar ki, test əzbərçilikdən başqa bir şey deyil. DİM və Təhsil Nazirliyi abituriyentləri əzbərçiliyə təhrik etməməli olduğumuz haqqında düşünməlidirlər. Onların şəxsiyyətinin ixtisasa uyğunluğunu müəyyən etməliyik. Ancaq bu zaman peşəkarlar yetişəcək. Ola bilsin ki, DİM bu gün qərarları media ilə bölüşür, amma ictimaiyyətə açıq deyil. Bu gün təhsil sahəsində fəaliyyət göstərən qurum və şəxsləri dəvət etsələr, inanın qərarlarında hansı ictimai uyğunsuzluqların olması ilə bağlı mənzərəni tam açıq görərlər”.

 

 

Təhsil jurnalisti Niyazi Şərifsoy isə məsələyə fərqli mövqe bildirib:

 

 

“Ümumiyyətlə İnformatika fənninin I qrupa əlavə edilməsini yüksək qiymətləndirirəm. Çünki artıq biz müasir dövrdə, komputer əsrində İKT bacarıqlarına doğru irəliləyirik. Əvvəllər də Coğrafiya III qrupda olub. Həmçinin bu fənlə bağlı yeni qərarı da yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu yenilik repetitor institutundan daha çox abituriyent bacarığına istiqamətlənib və müsbət təsir edəcək. Amma İnformatika fənni ilə bağlı qərarı daha önəmli hesab edirəm.

Ümumiyyətlə istəyərdim ki, texniki ixtisasların olduğu bütün qruplarda informatika ilə bağlı suallar salınsın. Burada müəyyən məsələlər var. DİM sualları tərtib edərkən tədrisə planını və  məktəbdə fənnin keçirilmə standartlarını nəzərə almalıdır. Qərar yeni olduğu üçün hələ repetitorlar və abituriyentlər sualların hansı istiqamətdə salınacağı ilə bağlı məlumatsızdırlar. Bu səbəblə suallar dərsliklərlə uyğunlaşmalıdır”.