Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-01 10:45:00
Bakıda iranlı tələbəni öldürməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam edir

Bakı Ağır Cinayətlər Məhkəməsində iranlı iş adamının oğlunu yastıqla boğub öldürməkdə və digər cinayət törətməkdə təqsirləndirilən Yunus Camallı, Natiq Babaverdiyev, Pərvin Əlməmmədov, Zahid Dünyamalıyev, Ceyhun Talıblı və Rəşidə Seyidovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AzEdu.az-ın  xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində İmran Məmmədzadə ifadə verib.

O, təqsirləndirilən şəxslərdən Y.Camallını tanıdığını, 2014-cü ildə zərərçəkmişin hüquqi varisi Nemət Mohtatidən torpaq aldığını deyib: "Biz mərhumgillə qonşu olmuşuq. Hadisənin səhəri günü məni də şübhəli şəxs qismində apardılar. Sonra qətli törətmiş şəxslər həbs edildi, məni buraxdılar".

Zərərçəkmişin hüquqi varisi N.Mohtati deyib ki, hadisədən əvvəl şahid İ.Məmmədzadəyə torpaq satıb, evini tikib: "Biz pul haqq-hesabı edən zaman onun anası Leyla xanım və Yunus da bizə gəlmişdi. Soruşdum ki, Yunus kimdir? Bildirdi ki, tanışdı. Mən cənab nazirə də söylədim ki, bu işi törədən digər şəxslər də həbs edilsin. Məncə şahid düzünü danışmır. Onun da bu işdən xəbəri olub".

Məhkəmənin növbəti iclası avqustun 14-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin oktyabr ayında Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki villada baş verib.

Rəsmi məlumata görə, İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı evdə aşkar olunub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

İlkin istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub, 2017-ci ilin 11 oktyabrında, gecə saat 4:00 radələrində mərhumun yaşadığı ünvana gəlib, evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürüblər. Amma dəstə üzvləri evdən hər hansı qiymətli əşya əldə edə bilməyiblər.

Dəstə üzvlərinə həmin evə basqın etməyi bir müddət əvvəl hadisənin baş verdiyi mənzilin qonşuluğundakı evdə usta işləyən Y.Camallı təklif edib.

Onlar cinayəti törətməyə Z.Dünyamalıyevin avtomobili ilə gediblər. O, hadisədən sonra yenidən dəstə üzvləri ilə Novxanı qəsəbəsində görüşərək, onların hər birini yaşadıqları ünvanlara aparıb. Saxlanılan şəxslər barəsində Sumqayıt ŞPİ-də aparılan əlavə əməliyyat tədbirləri ilə onların Kürdəmir rayon Xırdapay kəndində yaşayan Zahid Zərbəliyevə məxsus evə basqın etdikləri də məlum olub. Saxlanılan şəxslər ev sahibi və həyat yoldaşının əl-ayağını yapışqanlı lentlə bağlayaraq, mənzildə olan pul və qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.

Kürdəmir rayonunda baş verən quldurluq hadisəsində Pərvin Əlməmmədovun tanışı Rəşidə Seydiyeva da dəstə üzvləri ilə əlbir olub. O, saxlanılan digər şəxslərə Kürdəmir rayonunda yaşayan bibisinin evinə basqın etməyi təklif edib. Bu məqəsdlə R.Seydiyeva dəstə üzvləri ilə birlikdə Kürdəmir rayonuna gedərək, qohumunun evinin yerini onlara göstərib.

Qətlə yetirilən 1994-cü il təvəllüdlü Saman Mohtati İran vətəndaşı olsa da Azərbaycanda doğulub. O, Azərbaycan Dövlət Tibb Universitetinin 5-ci kurs tələbəsi idi.

Məlumata görə, evə basqın edən şəxslər tələbəni yastıqla boğaraq qətlə yetiriblər. Dəstə üzvlərinin mənzilə daxil olmasını evdəki müşahidə kameraları lentə alıb.

Novxanıda iranlı iş adamının oğlunu öldürməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi keçirilib. Onlar evə qarət məqsədi ilə girsələr də evdən heç nə apara bilməyiblər.

Təqsirləndirilən şəxslər 1979-cu il təvəllüdlü Y.Camallı, 1967-ci il təvəllüdlü N.Babaverdiyev, Şəki şəhər sakini 1991-ci il təvəllüdlü P.Əlməmmədov, Ağsu rayon sakini 1983-cü il təvəllüdül Z.Dünyamalıyev və İmişli rayon sakini 1989-cu il təvəllüdlü C.Talıblı barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilənlərdən yalnız R.Seyidova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, azadlıqdadır.