Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-01 11:30:00
Kənd müəllimi AzEdu-ya yazdı: “İstilik və internet təminatının zəif olması ciddi problemdir” - FOTO

AzEdu.az saytı Azərbaycanın müxtəlif  bölgə və şəhərlərində çalışan müəllimlərin silsilə yazılarını işıqlandırmağa davam edir.

Bu dəfəki yazı AzEdu.az –ın “Ucqar kənd müəllimləri” şəbəkəsinin Göygöl rayonundan olan üzvü, Göygöl rayon Çaylı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi Səltənət Qurbanovaya aiddir.

AzEdu.az yazını təqdim edir:

Salam…

Sizə Göygöl rayon Çaylı kəndindən yazıram.

2015-ci ildən Müəllimlərin işə Qəbulu imtahanlarında iştirak edərək Göygöl rayon Çaylı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətlə başlamışam. Gəncə şəhərində doğulub böyüdüyüm üçün ilk dəfə ucqar kənd məktəbinə gedəndə hər şey mənim üçün həddən artıq çətin görünürdü. Düşünürdüm ki, bir il işləyə bilsəm,yerdəyişmə imtahanlarında iştirak edib yerimi dəyişərəm. Lakin… Artıq 4-cü ildir ki,həmin məktəbdə çalışıram.

Kənd məktəbi deyəndə gözümdə şəraitsiz bina, səliqəsiz sinif otaqları canlanırdı…

Amma düşündüyümün tam əksi oldu. İki korpusdan ibarət məktəbimizdə sinif otaqlarının təmirli halda olması müsbət hal idi. Bir sevindirici hal da odur ki,bu il kəndə yeni yol çəkildi.Mənim kimi digər insanların da gediş-gəlişi asanlaşdı. Bununla belə,müasir təhsil prosesi bizdən daim yeniləşməyi tələb edir. Mən də bir gənc müəllim kimi məktəbimizin daha da inkişaf etməsini və şagirdlərimin öndə olmasını istərdim. Bunun üçün məktəbdəki problemləri əvvəlcə üzə çıxartmaq, sonra isə həllinə nail olmaq lazımdır. Bir dövlətin inkişafının əsasını məhz təhsil təşkil etmirmi? Bildiyimiz kimi,artıq tabaşirlə və ya markerlə yazılan lövhələr yerinə şəhər məktəblərində elektron lövhələrdən istifadə kütləvi hal alıb.Elektron lövhənin olması həm müəllim,həm də şagirdlər üçün dərsin daha səmərəli keçməsi və əlavə vaxt itkisinin olmaması deməkdir.

Qışda yanacaq kimi odundan istifadə olunması çox əziyyətlidir…

Həmçinin xüsusi istedadlı şagirdlərimiz var ki,onlar yol uzaq olduğu üçün müəyyən kurslara gedə bilmirlər. Tutaq ki, rəsm kursları və ya hər hansı çalğı alətlərində ifa etmək üçün müxtəlif kurslar… Çox yaxşı olardı ki, həmin şagirdlər üçün məktəbdən sonra kurslar təşkil olunsun. Bunun nəticəsində istedadlı şagirdlər üzə çıxar və onların "itib-batmasının" qarşısı alınar. Qeyd etmək yerinə düşər ki, bizim məktəbdə dərsdən sonra şagirdlərin biliklərinin artırılması istiqamətində zəif olduqları fənlərdən əlavə kurslar təşkil olunur və bu, çox təqdirəlayiq təşəbbüsdür...

İstilik və internet təminatının zəif olması isə bir başqa problemdir.Qışda yanacaq kimi odundan istifadə olunması ,təbii ki, həm əziyyətli, həm də əlverişsizdir. İnternet problemi isə nəinki məktəblilərin,eləcə də bütün kənd camaatının yaralı yeridir. Elektron vasitələrdən və internetdən istifadə olunmaması şəhər və kənd uşaqları arasındakı dünyagörüşü fərqinin qabarıq şəkildə üzə çıxmasına səbəb olur. Biz ki texnologiya əsrində yaşayırıq! İnternet olmayan bir yerdə texnologiyanın inkişafından danışmaq nə dərəcədə düzgündür? Nəzərə alsaq ki, tətbiq olunan kurikulum sistemi bizdən bunları tələb edir. Belə olan halda bu problemlərin həll olunması daha da zəruri olur.

Şagirdlər üçün xüsusi avtobuslar olsa, onların dünyagörüşlərinin artırılması istiqamətində gəzintilər təşkil edə bilərdik…

Məlum məsələdir ki, kənddə yaşayan uşaqlar teatr tamaşalarına, kinoteatrlarda kinofilmlərə baxa bilmədikləri üçün buna böyük maraq göstərirlər. Belə bir şəraitin olmaması isə gələcəyimiz olan uşaqların vaxtlarını səmərəsiz keçirməsinə səbəb olur. Mən inanıram ki, ucqar kənd məktəbləri də tezliklə şəhər məktəbləri səviyyəsində olacaq və bu problemlərin həlli yolunda lazımi tədbirlər görüləcək.

4 il bundan əvvəl məktəbə ilk getdiyim zamanlarda məktəbdə daha çox yaşlı müəllimlər idi. Amma artıq hər il gənc kadrlar gəlir. Məktəbimizdə kadr çatışmazlığı yoxdur. Bir çox fənləri MİQ imtahanlarında iştirak edib uğur qazanan gənc müəllimlər tədris edir.