Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-23 12:25:00
Mübariz İbrahimovun yaxın dostu olan, mərmidən qurtulan kənd müəlliminin təəssüfü -  “Heyf ki, mən...”

“Mübariz İbrahimovla hər gün birlikdə idik. Bir otaqda qalmışıq”, – Rahim Hüseynov.

Rahim Hüseynov Fiziki tərbiyə müəllimidir. O, 2016-cı ildə keçirilən Müəllimlərin İşə Qəbulu imtahanlarında 36 bal toplayaraq, Tərtər rayon Aslan Kərimov adına 3 saylı ümumi orta məktəbinə müqavilə ilə işə qəbul olunub.

Gənc müəllim 2018-ci ildə isə MİQ imtahanlarında 42 bal toplayıb, Tərtər rayon, Fazil Məmmədov adına Zolgörən ümumi orta məktəbinə daimi işçi kimi qəbul olunub.  

Gənc müəllim əvvəlcə, özünü AzEdu.az-a təqdim edir:

-Mən, Hüseynov Rahim Güloğlan oğlu 1988-ci ildə Tərtər rayonunun Qaynaq kəndində anadan olmuşam. 1995-2004-cü illərdə Qaynaq kənd Xəlil Əzimov adına ümumi orta məktəbdə, 10-11-ci sinifləri isə Qazyan kənd tam orta məktəbində oxumuşam.

2006-cı ildə məktəbi bitirdikdən sonra, 2007-ci il yanvarın 5-də hərbi xidmətə çağırılmışam. Daxili qoşunlarda Milli qəhrəman Mübariz İbrahimovla birgə xidmət etmişəm. Buna görə də, özümlə hər zaman fəxr edirəm!

2012-ci ildə ali məktəbə, Fiziki tərbiyə müəllimliyi fakültəsinə qəbul olmuşam. 2016-cı ildə məzun olduqdan sonra Təhsil Nazirliyinin təşkil etdiyi MİQ imtahanlarında iştirak etmişəm.

R.Hüseynov əsgər yoldaşı olan Milli qəhrəman, şəhid Mübariz İbrahimov haqqında maraqla danışır:

-Mübariz bizdən əvvəlki çağırış olub, yəni, o, mən hərbi xidmətə getməzdən  9 ay qabaq gəlib. O, xüsusi təyinatlı dəstədə xidmət edib, çavuş rütbəsi alıb. Çox ürəkli, vətənini, torpağını sevən biri idi.

Hərbi xidmətini başa vurduqdan sonra, yenidən ordu sıralarına geri döndü. Gizir rütbəsi alıb,  Tərtərdə xidmət etməyə başladı.  Mübarizlə hər gün birlikdə idik.

Gördüyünüz şəkildə də birinci cərgədə ən qıraqda oturan Mübariz İbrahimovdur. Heyf ki, bu şəkil çəkiləndə mən orda olmamışam.

Gənc müəllim Aprel döyüşləri zamanı ona məxsus olan Qarabağ atının yaralanmasından danışır:

-“Aprel döyüşləri”nin hər dəqiqəsi gözümün qabağında baş verdi, hamısı yadımdadı.

Aprelin 1-dən 2-nə keçən gecə saat 4-ə 20 dəqiqə qalmış başladı. Həqiqətən, mən fəxr edirəm ki, bizim güclü ordumuz var, düşmənə göz-işıq vermədilər. Kəndimiz təmas xəttinə çox yaxındı deyə, mən şahidi çox şeylərin oldum. Ordumuz həmin gün neçə kilometr irəlilədi. Ermənilər bizim kəndlərə, mülki əhaliyə atəş açmağa başladı, bir neçə evə ziyan dəydi, amma bir nəfər belə kənddən çıxmadı. Aprelin 3-ü düşmənin atdığı mərmi məndən cəmi 50 metr aralı düşdü. Atıma qəlpə dəydi, çox pis oldum. Ancaq ölməyə qoymadım, indi də sağdı. Özü də deyim ki, atım Qarabağ atıdır…

Torpaqlarımızı o şərəfsizlərdən azad etmək üçün Ali baş komandanın əmrinə hər zaman hazıram”.

Müəllim qeyd edir ki, məktəb təmas xəttinə yaxın rayonda yerləşsə də, dərslərdə heç bir ləngimə müşahidə olunmur:

-Məktəbdə hər gün Fiziki tərbiyə dərsləri keçirilir. Bəzən deyirlər ki, məktəblərdə idman dərsləri əvəzinə Riyaziyyat və s. başqa fənlər tədris olunur. Bizdə elə şey ola bilməz. Hər gün ilk növbədə səhər gimnastikası keçirilir.