Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-23 09:57:00
Dövlət qulluğu üzrə 2400-dən çox müsahibənin keçirilməsi planlaşdırılır

Otuz dörd dövlət orqanında mövcud olan 209 vakant inzibati vəzifə üzrə sentyabrın 13-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.


Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 1751 namizədlə 2419 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsabiqə vəziyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi, Monitorinq sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 184 namizəd), Maliyyə Nazirliyi, Dövlət Xəzinədarlığı Agentliyi, Yerli bölmələr, 10 saylı Xəzinədarlıq idarəsi, Xəzinə əməliyyatları sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 164 namizəd) vəzifələri üzrə qeydə alınıb.


Müsahibələrin 2021-ci il noyabrın 1-dən 2022-ci il yanvarın 12-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında yerləşdirilmiş linkdən əldə edə bilər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Namizədlərin müsahibədə üzrlü səbəb olmadan iştirak etməməsi onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.


Namizəd müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 10:00-dək müsahibələrin keçirilmə qrafikində “Şəxsi kabineti”nin kodunu seçib açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmaqla müsahibədə iştirakdan imtina edə bilər. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutan müsahibə sayında nəzərə alınmayacaq, eyni zamanda, müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə geri qaytarılacaq.


Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olduğu müddətin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.


Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.