Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-22 16:33:00
Vakant vəzifələr üzrə qeydiyyatdan keçən namizədlərlə müsahibə keçiriləcək  

On altı dövlət orqanında mövcud olan 36 vakant vəzifə üzrə sentyabrın 13-də elan olunmuş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 188 namizədlə 188 müsahibənin keçirilməsi planlaşdırılır.

 

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Dövlət Statistika Komitəsi, Sənaye və tikinti statistikası şöbəsi, Tikinti statistikası sektoru, məsləhətçi (1 vakant yer üzrə 29 namizəd), Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Mütəxəssis təhlilləri şöbəsi, baş məsləhətçi (2 vakant yer üzrə 19 nəfər) vəzifələri olub.

 

Müsahibələrin noyabrın 1-dən 30-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında yerləşdirilmiş linkdən əldə edə bilər.

 

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Namizədlərin müsahibədə üzrlü səbəb olmadan iştirak etməməsi onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

 

Namizəd müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 10:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin kodunu seçib açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmaqla müsahibədə iştirakdan imtina edə bilər.

 

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

 

Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.