Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-20 16:36:00
Abituriyentlərə dinləmə mətnləri ilə bağlı çox vacib tövsiyələr – Müəllimin sadə metodları 

"Buraxılış imtahanlarında ingilis dili fənni üzrə dinləmə mətnlərinin tətbiqi şagirdlərin imtahan yükünü bir qədər çətinləşdirdi. Yeniliyin müsbət tərəfi odur ki, şagirdlər məktəb vaxtından xarici dili öyrənməyə daha çox sövq edilirlər”.

 

 Bu sözləri AzEdu.az-a açıqlaması zamanı ingilis dili müəllimi Aslan Canəliyev deyib. Onun sözlərinə görə, yenilik şagirdlərin gələcək iş həyatında önəmli rol oynayacaq məqamlardan biridir:

 

 “Əvvəllər imtahan yalnız qrammatika üzərində qurulurdusa,indi şagirdlərin həm oxuyub-anlama, həm dinləmə, həm də qrammatik bilikləri yoxlanılır. Bu isə o deməkdir ki,artıq hər tələbə IX və XI siniflər üzrə buraxılış imtahanları verməmişdən çox daha əvvəl ingilis dili ilə yaxşı məşğul olub, dilə yiyələnməyə çalışmalıdır. Əvvəlki imtahan sistemində hər şey daha sadə idi. Ona görə də valideynlər uzun illər gözləyib övladlarını IX və ya XI siniflərin başlanğıcında hazırlığa qoyurdular. Əvvəllər də 9 və 11 illik materialı şagirdlərə 1 il ərzində yükləmək çətinlik yaradırdı. Amma indi şərtlər dəyişib.Yəni şagird bir il müddətində həm oxuyub-anlama, həm dinləmə bacarıqlarını inkişaf etdirməli, həm də qrammatikanı yaxşı bilməlidir. Bu isə dildən heç bir anlayışı olmadan hazırlığa gələn uşaqlar üçün çox çətindir. Söhbət sadəcə ingilis dilindən getmir.Abituriyentlərin xarici dil fənnindən əlavə, oxuyub çatdırmalı olduqları  Riyaziyyat və Azərbaycan dili fənləri də var”.

 

Aslan Canəliyevin sözlərinə görə, hər uşağın beyninin qavrama qabiliyyəti müxtəlifdir:

 

“Məsələn, bir uşaq 1 saat ərzində dərsi normal qavrayır, digərinə isə bir saatda iki dərsi izah etmək olur.Elə şagird  də var ki, 3 dərs ard-arda eyni mövzunu izah etmək məcburiyyətində qalırsan.

 

Bir çox ailələrin övladlarını uzun müddət hazırlığa qoymaq imkanı olmur. Elə etməlisiniz ki, sərf etdiyiniz pullar buna dəysin.

 

IX sinif buraxılış imtahanına hazırlaşanlar ən azı VIII, XI sinif buraxılış imtahanına hazırlaşanlar isə X sinifdən öz üzərlərində çalışmalıdırlar. Əgər şagird dildən heç bir anlayışı olmadan və iki il öncədən hazırlığa başlayırsa, həmən uşaqlar hər həftə nəzərdə tutulan dərs sayından və müddətindən asılı olaraq 1 ay qrammatika keçdikdən və söz bazası formalaşdırdıqdan sonra V sinif dərsliyindən mətn oxuyub tərcümə etməlidir.Səhifə -səhifə hər dialoqu və ya mətni oxumağa ehtiyac yoxdur. Kitabdan oxuma bacarıqlarını inkişaf etdirmək üçün istifadə etməli, hər dərs yeni qrammatik qaydalar keçməli,siniflər üzrə sözlər öyrənib müəllimin təyin etdiyi qrammatik testləri yerinə yetirməlisiniz. Sizə ənənəvi test kitablarını məsləhət görə bilərəm.Çünki o kitablarda hər mövzu ayrı-ayrılıqda verilib. Test edərkən fikriniz sadəcə bir mövzuya yönəlir ki, bu da mövzunu daha yaxşı anlamağınıza şərait yaradır. V sinif kitabı bitdikdən sonra 2-ci aydan VI sinfin qaydalarını və sözlərini müəyyən qədər öyrənmiş olursunuz.Çünki V sinif kitabını oxuyarkən,bununla bərabər, yeni qaydalar və sözlər öyrənmisiniz. Daha sonra o kitabın mətnlərini rahat oxumaq,tərcümə etmək olar. “Reading” testlərini etməyə hələ ehtiyac yoxdur. Qarşıda 2 iliniz var və sizə öncə fundamental biliklər lazımdır”.

 

Müəllim qeyd edib ki, VI sinfin mətnlərini oxuyub tərcümə etmək sizin 1 ay yarım  və ya 2 ayınızı ala bilər:

 

“Mətnləri bitirənə qədər VII sinfin sözlərinin yarısını və qaydalarını keçib qurtarmış olacaqsınız. Bu metodla davam etmək olar. 3 aydan sonra əlavə vəsaitlərə keçərək dinləmə və oxuma bacarıqlarını inkişaf edirməyə başlaya bilərsiniz. Vəsait seçəndə bir şeyi unutmayın ki,hansı mətn olursa olsun, “live” yaşamaq, “work” isə işləmək kimi tərcümə olunur. Əsas məsələ müxtəlif mövzular oxuyub onlara aid söz ehtiyatınızı artırmaq və tələffüzlərə öyrəşməkdir. Bunun üçün “Facts and figures” kitabını məsləhət görə bilərəm. DİM-in test kitablarındakı bütün “reading” testlərini etməyi tövsiyə edirəm. Bu testlərin formatına öyrəşməyiniz üçün yaxşıdır. Təbii ki,bu, uzunmüddətli və dəqiq öyrənmə üsuludur. Dinləmə üçün “Basic Tactics for listening” IX və XI-lər üçün köməkçi kitab ola bilər, amma o kitabda verilən hər yeni sözü öyrənməyə gərək yoxdur. Testlərdə sadəcə açar sözləri eşitməyi bacarmaq və düzgün cavablandırmağa çalışmaq lazımdır. “British Council”ın saytında səviyyələr üzrə çoxlu dinləmə testləri var. IX sinif şagirdləri “A1” və “A2”, sonlara doğru  “B1”səviyyələri üzrə dinləmələr etsələr kifayətdir.Ancaq XI-lər “B2” səviyyəsi üzrə də cəhdlər etsələr yaxşı olar”.

 

Aslan Canəliyev vurğulayıb ki, imtahana bir il müddət qalıbsa və abituriyent hazırlaşmağa indi başlayacaqsa, işləri bir az çətinləşəcək:

 

“Bu zaman müəllimin öz metodu olmalıdır ki, sizə qrammatikanı bölmə-bölmə keçdikcə öyrətdiyi sözlərin daxil olduğu testlər hazırlasın. Təbii ki, bu çətinlik söz ehtiyatı formalaşana qədər 3 ay çəkər. Əsas söz ehtiyatıdır.Çünkü testlər hər zaman qrammatikaya əsaslanmır, mənanı anlamaq mütləqdir.Əgər bir iliniz qalıbsa,sizə uzun müddətli prosedurda məsləhət gördüyüm ənənəvi kitablardakı testləri yenə də tövsiyə edirəm.O kitabları V sinifdən başlayıb XI-ə qədər işləməyə ehtiyac yoxdur.Sadəcə ilk 3-4 ayı mövzuları müəllimin təyin etdiyi siniflər və bölmələr üzrə ayrıca testlər işləyərək anlaya bilərsiz. Sıfırdan başlamısınızsa, 1 aydan sonra mütləq heç olmasa V sinfi oxuyub tərcümə etməyi bacarmalısınız. V sinif bitdikdən sonra birbaşa VII sinfə keçərək davam etməlisiniz. Bu da təxminən 2 ay müddət tələb edir. Əvvəlcədən mətnlərin sözlərinin hamısını bilmək vacib deyil.Müəllim o sözləri mətndən çıxarıb ya sizə 1 gün öncədən, ya da həmin gün verə bilər. Evdə isə VI sinfin sözlərini öyrənəcəksiniz. Bu minvalla 4 aydan sonra dinləmə bacarıqlarının inkişafına yönəlmək olar.Yuxarıda yazdığım dinləmə mənbələri bu metoda da aiddir.



Abituriyentlərə məsləhətim odur  ki, telefonlarından bütün mahnıları, “instaqram”, “facebook” və “youtube” kimi sosial şəbəkələri silsinlər. Oxuduğunuz mətnlərin və dinləmələrin səsli variantını telefonlarınıza köçürün, yol gedəndə, avtobusda və metroda olarda dinləyin.Yatmamışdan öncə 5-10 dəqiqə dinləmə etməyin heç bir ziyanı yoxdur.  Son olaraq unutmayın ki, nə əkərsən, onu da biçərsən. Nə qədər çox çalışsanız, bir o qədər çox uğur əldə edəcəksiniz.Hər birinizə uğurlar!”.