Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-31 15:27:00
Yüksək bal toplayan abituriyent ixtisas seçimində iştirak edəcəkmi? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə 675 bal toplayan Zöhrə İsmayılovanın ixtisas seçimində iştirak etməyəcəyi ilə bağlı məlumat yayılıb.

Məsələ barədə Zöhrə İsmayılova ilə əlaqə saxladıq.

AzEdu.az xəbər verir ki, Z.İsmayılova Oxu.Az-a bildirib ki, 2009-cu ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olub:

“475 bal topladım və ödənişli əsaslarla bu fakütəyə daxil oldum. İkinci kursda oxuyan zaman universitetdən imtina etmək qərarına gəldim, amma valideynlərim icazə vermədi. Onların xahişi ilə oxudum və bildirdim ki, mən universiteti bitirsəm də, bu ixtisas üzrə işləməyəcəyəm. Çünki istədiyim ixtisas deyildi. Universiteti bitirdim və diplomu evə qoydum”.

Zöhrə İsmayılova arzusuna çatmaq üçün yenidən universitetə hazırlaşıb:

“Seçim edəndə UFAZ-nın (Azərbaycan-Fransa Universiteti) Kompüter Elmləri fakültəsinə daxil ola bilmədim. UFAZ-nın Kimya Mühəndisliyi fakültəsinə qəbul oldum. Birinci kursun ilk semestrində universitet daxilində kompüter elmləri fakültəsinə daxil olmaq qərarına gəldim və imtahan verdim.

Həmin fakültə üçün iki balım çatmadı. Qərara aldım ki, universiteti tərk edim. Valideynlərim əsəbləşdi, universitetdən də çağırıb mənimlə danışdılar ki, təhsilimi davam etdirim, amma artıq qərarımı vermişdim”.

Həmsöhbətim deyir ki, artıq 675 bal toplamaqla istədiyi təhsili ala biləcək:

“Bu il yenidən imtahan verdim. Artıq hansı universitetdə oxumağımın fərqi yoxdur. Əsas odur ki, istədiyim ixtisasa daxil ola biləcəyəm. Gələcəkdə isə təhsilimi xaricdə davam etdirmək istəyirəm”.