Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-19 15:28:00
Nadir İsrafilov:  "Məktəbli forması ilə bağlı  layihənin aqibəti  müəyyən səbəblərdən məlum olmadı”

 

 

 

 

Məktəbli forması ilə bağlı məsələ yenidən gündəmə gəlib.

 

Bu barədə “Xəzər Xəbər”ə danışan MMC-nin sədri Səkinə Babayevanın sözlərinə görə Nazirlər Kabineti və Təhsil Nazirliyinə təkliflər göndərilib, cavab gözləyirlər. Müsbət cavab alınarsa, Bakıda yerləşən dövlət məktəblərində təhsil alan şagirdləri də yeni formalardan istifadə edə biləcəklər. “Bu geyimlərdən hazırda ölkəmizdə əsasən liseylərdə təhsil alan və regionlarda olan bəzi məktəblərin şagirdləri istifadə edə bilirlər. İndi isə məqsəd odur ki, bu formalar dövlət məktəblərində təhsil alan şagirdləri də bəzəsin”.

 

“Bu məsələ birinci dəfə deyil ki, gündəmə gəlir və hər dəfə də heç də hamı tərəfindən birmənalı şəkildə qarşılanmır və həllini tapmır.  Pandemiya ilə bağlı vəziyyət isə məktəbli forması məsələsini bir az da arxa plana keçirmiş oldu”.

 

 

Bu sözləri AzEdu az.-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib. Təhsil eksperti bu məsələnin pandemiyanin kölgəsində qaldığını bu cür əsaslandırıb:

 

 

“Hələ ötən illər koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan karantin rejimində müəyyən yumşalmalar müşahidə olunacağı halda ölkə məktəblərində vahid məktəbli formasının tətbiqinə keçiləcəyi nəzərdə tutulmuşdu. Buna görə də məktəbli formalarında müəyyən lazımı dəyişikliklərin ediləcəyi gözlənilirdi. Hətta Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən məktəbli formalarının hazırlanması üzrə təkliflər paketinin işlənib-hazırlanması, optimal variantın müəyyənləşdirilərək Şuraya təqdim olunması təklif edilmişdi.

 

 

Təhsil Nazirliyi isə  2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə irəli sürərək, layihəni ictimai müzakirəyə çıxarmışdı. Layihəyə görə, qızlar üçün yay geyim formasının qısaqol köynək və ətəkdən, qış geyim formasının isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olması nəzərdə tutulurdu. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaqdı. Bu layihənin aqibəti hələ ki, müəyyən səbəblərdən məlum olmadı. Təbii ki, belə bir şəraitdə valideynlərin əksəriyyəti məktəb bazarlığı etməkdə tərəddüd edirdilər.

 


Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi isə belə bir açıqlama vermişdi ki, 2020-2021-ci il tədris ili üçün məktəbli formalarının tikilməsinə hələ başlanılmayıb:“Hələlik məktəbli formaları tikmirik, anbardakılar satılmayıb. Hazırda kifayət qədər material və ləvazimatımız var. Lazım olan kimi tikəcəyik. Ötən ildən məktəbli formalarımız qalıb. Yeni məktəbli formalarının tikilişi üçün də kifayət qədər parçamız var. Əslində, məktəblərin açılıb-açılmayacağı bilinmir. Bununla bağlı rəsmi qərar da yoxdur. Bu il nə qədər məktəbli formasının hazırlanacağı da məlum deyil. Ona görə ki, hazırda bizim bütün mağazalarımızda məktəbli formaları var. Bəzi mağazalarımız açılıb, bəzi mağazalarımız isə malların tərkibində olduğu üçün gözləyir. Hazırda fabrikin tərkibində olan 5 mağaza işləyir. Bəzi valideynlər isə formaları almağa başlayıblar”.

 


Satış şöbəsinin rəisi məktəbli formalarının modelində və qiymətində heç bir dəyişikliyin gözlənilmədiyini deyib: “Nə məktəbli formalarının modelində, nə də onların qiymətində heç bir dəyişikliyin olacağı gözlənilmir. Düzdür, bu il məktəbli formalarında müəyyən dəyişiklik gözlənilirdi. Biz də bununla bağlı müəyyən nümunələr hazırlamışıq. Təhsil Nazirliyi hələ ki, həmin nümunələri bizdən istəməyib. Bizdə alıcılara 2017-ci ildən eyni qiymət təklif olunur. Hazırda da məktəbli formaları köhnə qiymətlərlə satılır. 40 manat aşağı siniflərin, 46 manat isə yuxarı siniflərin kostyumlarıdır. Köynəklər isə 8 manatdır”.



Əslində, həmin il ölkə məktəblərində vahid məktəbli forması tətbiq olunmalı idi. Bununla bağlı . Təhsil Nazirliyi tərəfindən müvafiq əmr belə imzalanmışdı. Buna görə də məktəbli formalarında müəyyən dəyişikliklərin ediləcəyi gözlənilirdi. Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqinə dair ilkin müzakirələr də keçirilmişdi. Biz həmin müzakirələrdə məktəbli forması tikməkdə maraqlı olan bütün tərəfləri dinləmişdik. Həmin müzakirələrdə müxtəlif fikirlər irəli sürülmüşdü. Biz də təklif etmişdik ki, bu məsələdə maraqlı olan tərəflər 1 ay müddətində məktəbli formalarının hazırlanması üzrə təkliflər paketini Şuraya təqdim etsinlər. Heç bir maraqlı tərəfdən təkliflər paketi daxil olmadı. Martın ortalarında isə ölkədə koronavirus pandemiyası başladı və bütün işlər yarımçıq qaldı.

 


Əlbəttə, vahid məktəbli formasının tətbiqi bu sahədə bir sıra problemləri aradan qaldıra bilər: Məlumdur ki, vahid məktəbli forması sovet dönəmində də olub, müstəqillik əldə etdiyimiz dövrdə də. Belə bir məktəbli formasının bütün məktəblərdə tətbiq oluna biləcəyi barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsində müzakirə olunan “Ümumi təhsil haqqında” qanun layihəsində də öz əksini tapmışdı.  Hətta bəzi kateqoriyadan olan şagirdlərə məktəbli formalarının dövlət hesabına verilə biləcəyini də dilə gətirilmişdi. İndi isə elə bir vəziyyət yaranıb ki, bu dərs ilində nəinki vahid formaya keçiddən, hətta məktəblərin ənənəvi formada fəaliyyətinin nə qədər davamlı olacağını proqnozlaşdırmaqd belə danışmaq çətindir. Hələ ki, ümid və yekun qərar vəziyyətin sabitləşməsinə bağlı olaraq qalır”.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları