Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-19 12:33:00
“Yoluxmanın azalması üçün dərs qrafiki və müəllimin təhsil xərci dəyişməlidir” -MARAQLI TƏKLİF

 

 “Müəllimlərin təhsil xərcləri artırılmalıdır ki, onlar növbəli şəkildə tədris prosesini həyata keçirə bilsin”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva deyib.

 

Belə ki, son günlər koronavirusa yoluxma səbəbindən Bakıdakı 20 nömrəli məktəb-lisey, 245 nömrəli tam orta məktəb, "Ankara məktəbi" məktəb-lisey bağlanıb, bir neçə təhsil müəssisəsində 200-dən çox sinif 14 gün müddətinə distant təhsilə keçib ki, bu da cəmiyyət daxilində narahatlıq yaradıb.

 

Məsələ ilə bağlı fikirlərini bölüşən Sona Əlieyva dünyanın bir çox ölkələrində ənənəvi tədrisə start verildiyini qeyd edib:

 

“Müşahidə etdik ki, onlayn dərslərdə keyfiyyət həddindən artıq aşağı düşüb. Hətta distant təhsildə müəllim və şagirdlər tərəfindən  sui-istifadə halları da kifayət qədər idi. Ona görə də ənənəvi tədrisi seçmək məcburiyyətində qaldıq. Yoxsa gələcəkdə çox böyük problemlərlə qarşılaşa bilərdik.

 

Təhsil işçiləri peyvəndləmə məsələsinə çox ciddi şəkildə yanaşmalı və həmrəylik göstərməlidir. Hətta ABŞ-da təhsil işçiləri vaksinasiya olunmaqdan imtina edərək protesto tədbirləri həyata keçirdilər. Onlar rəsmi orqanları məhkəməyə versələr də, qalib gələ bilmədilər. Çünki məhkəmə vaksinasiyanın sağlamlıq üçün əsas olduğunu qeyd etdi”.

 

O, vurğulayıb ki, məktəb və universitetlərdə koronavirusun yayılmasının əsas səbəbi insanların məsuliyyətsizliyi ilə bağlıdır:

 

 

“Digər məsələ bununla bağlı tədbirlərin düzgün şəkildə təşkil olunmamasıdır. İnsan xəstəlik əlamətləri hiss etdikdə özünü təcrid etməli, sonra test verməlidir. Hətta şəxs peyvəndlənsə belə,  koronavirusa yoluxma ehtimalı olduqca yüksəkdir. Hər  insanın potensial təhlükə mənbəyi olduğunu bilməliyik. Hətta şəxs koronavirusu simptomsuz keçirə bilər, amma başqa insanları yoluxdurma ehtimalı yüksəkdir. Bu baxımdan, vətəndaşlar özləri və ətrafdakılara qarşı məsuliyyəti hiss etməlidir”.

 

 

Sona Əliyevanın fikrincə, təhsil müəssisələrində  məsafə qorunmalı, dezinfeksiya işləri aparılmalı, sıxlığın qarşısı alınmalı və təmaslara yol verilməməlidir:

 

 

“Çalışmaq lazımdır ki, şagird və tələbələrin hamısı bir araya toplanılmasın. Növbəlilik artırılmalı və şəxslər bölünməlidir. Bir-iki il müəllimlərin təhsil xərcləri artırılmalıdır ki, onlar növbəli şəkildə tədris prosesini həyata keçirə bilsinlər. Hər şeyi büdcəyə bağlayıb insanları təhlükəyə atmaq olmaz. Ali məktəblərdə də qrupları bölmək lazımdır. Əvvəllər 60 nəfər dərs keçən auditoriyaları 30 və 15 nəfər olmaqla hissələrə ayırmaq lazımdır, sosial məsafə gözlənilməlidir. Yaşı çox olan müəllimlərə diqqət olunmalıdır. İnsanları məcbur etmək yox, onları başa salmaq lazımdır. Onlara saxta COVİD pasportlarının düzgün olmadığını aşılamaq vacibdir. Çünki bu onların özləri və ailələri üçün böyük təhlükədir. Hazırda Türkiyə və bizə qonşu olan dövlətlərdə ənənəvi təhsil bərpa edilib.

 

Nəzəri dərsləri müəyyən qədər onlayn  platformalara daşımaq olar. Lakin şagird və tələbələrin kompüter qarşısında oturmalarını təmin etmək üçün  onlara müəyyən zaman dilimində bildirişlər göndərilməlidir. Bu tip təcrübələri öyrənmək və onları tətbiq etmək lazımdır. Təhsilin keyfiyyətini itirsək, sonradan onu toparlamaq mümkün olmayacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları