Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-19 10:48:00
Ən çox hansı universitetdə yoluxmalar olub, qruplar bağlanıb ? Son durumla bağlı SORĞU

 

 

 

Hazırda ali təhsil müəssisələrində dərslərin əyani formada təşkili davam edir.

 

Eyni zamanda bəzi universitetlərin tələbələri arasında yoluxma hallarının qeydə alındığı bildirilir.

 

Bəs hazırda ali təhsil müəssisələrində son vəziyyət necədir? Nəzarət qaydalarında hər hansı sərtləşdirilmə mövcuddurmu?

 

AzEdu.az bu suallara cavab olaraq ali təhsil müəssisələrinin mətbuat nümayəndələri arasında keçirdiyi sorğunu təqdim edir:

 

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova həftəsonu 3 tələbənin testinin pozitiv çıxdığını, kütləvi yoluxmanın olmadığını bildirib:

 

“Azərbaycan Texniki Universitetində ötən həftəsonu 3 tələbənin COVID-19 testi pozitiv çıxıb. Bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar onlayn tədrisə keçib. Sadəcə 3 qrupda bu hal qeydə alınıb. Həmin qruplarda təhsil alan digər tələbələrin vəziyyəti normaldır.Onlar koronavirusa yoluxmayıb. Pandemiyanın qaydalarına uyğun olaraq onlar iki həftəlik izolyasiya olunublar. Auditoriyalar dezinfeksiya edilib, universitet daxilində mütəmadi dezinfeksiya işləri aparılır. Kütləvi yoluxma halı qeydə alınmayıb”.

 

Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev əyani tədrisin davam etdiyi müddətdə bir neçə yoluxma halının qeydə alındığını bildirərək, nəzarət qaydalarını xatırladıb:

 

“Tədrisin ənənəvi formada bərpasından sonra Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan tələbələrin cəmi 3 nəfərində koronavirus əlamətləri aşkarlanıb. Həmin tələbələr dərhal nəzarətə alınıb, müvafiq tibb mərkəzinə müraciət olunub və analizlər götürülüb. Hər 3 tələbədə yoluxma aşkarlanıb və 14 gün müddətinə onların dərslərdən kənarlaşdırılması qərarı verilib. Hazırda koronavirus aşkarlanan tələbələrin təhsil aldıqları qruplar nəzarətdə saxlanılır və əlavə hər hansı yoluxma qeydə alınmayıb. Universitetdə pandemiyadan müdafiə məqsədi ilə Nazirlər Kabinetinin qaydalarına ciddi şəkildə riayət olunur. Qərarın tələblərinə uyğun şəkildə BMU-da çalışan professor-müəllim heyəti və işçiləri vaksinasiya olunub. Bununla yanaşı, kənar şəxslərdən BMU-ya gələrkən girişdə vaksin pasportu, immun və əks göstəriş sertifikatı tələb olunur. Əgər qeyd olunan müvafiq sənəd varsa, BMU-ya daxil olmasına icazə verilir. Əks halda, universitet ərazisinə girişə icazə verilmir. Bununla bərabər, BMU-ya daxil olan şəxslərin hərarətləri elektron termometrlə ölçüldükdən sonra universitetə buraxılır, fiziki məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur”.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova hələ ki, universitetdə heç bir yoluxma halının qeydə alınmadığını bildirib:

 

“Universitetimizdə hələ ki, heç bir yoluxma halı qeydə alınmayıb. Dərslər olduğu kimi davam etdirilir, heç bir dəyişiklik yoxdur. Qruplarda yoluxma müşahidə olunmur”.

 

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı:

 

“Ümumilikdə 9 nəfərdə yoluxma qeydə alınıb. Həmin tələbələr fərqli qruplara aiddirlər, onlar izolyasiya edilib. Qaydalara görə bir qrupda 3 nəfərdə yoluxmanın aşkar olunacağı təqdirdə həmin qrup distant təhsilə keçir.

 

Ancaq bununla bağlı hər hansı bir yenilik yoxdur. Yəni qruplarda dərslər olduğu kimi davam edir. Müəyyən bir yenilik olacağı təqdirdə növbəti həftələrdə məlumat veriləcək”.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin  direktoru Bəhruz Nəzərov bir neçə qrupda yoluxma halının qeydə alındığını bildirib:

 

“ADNSU-da hər birində 1 tələbə olmaqla bir neçə qrupda yoluxma halı qeydə alınıb. Hazırda həmin tələbələr evlərində müalicə alırlar. Bu tələbələrin təhsil aldığı qruplar 14 gün müddətində onlayn tədrisə davam edirlər. Bildiyimiz kimi Nazirlər Kabinetinin nqərarına əsasən, ali təhsil müəssisələrinin auditoriyalarında tələbələrin sayı 70%-dən çox olmamalıdır. Bnunu təmin etmək üçün alt və üst həftələr olaraq bölgü həyata keçirmişik. Universitetimizdə təxminən 17 min tələbə təhsil alır. Bunlardan 2 mini magistraturada təhsil alanlardır, onların dərsi 18:30-da başlayır. Qalan tələbələrdən təxmini 1000 nəfəri ixtisasartırma və təkrar ali təhsil alanlardır. Onların özlərinin də müəyyən qrafiki var, semestr ərzində 15 gün-1 ay müddətində dərlərdə iştirak edirlər. Qalan 14 min tələbənin təxmini yarısı birinci növbə, digər yarısı isə ikinci növbədə təhsil alır. Bu tələbələrin də yarısı dərslərdə əyani şəkildə, qalan hissəsi isə onlayn olaraq iştirak edir”.

 

Direktor bildirib ki, qaydalara ciddi şəkildə riayət olunur, dəhlizlərdə sıxlığın yaranmaması üçün tələbələr auditoriya dəyişdirmir:

 

“Eyni anda universitetdə təqribən 4 000 tələbə olur, bu da ümumi universitet üzrə tələbələrin 25%-dən bir qədər azını təşkil edir. Universitetdə tələbələrin hər birinin hərarəti məsafədən ölçülür, bunun üçün xüsusi avadanlıq quraşdırılıb. Eyni zamanda giriş-çıxışlarda dezinfeksiyaedici aparatlar quraşdırılıb. Bununla yanaşı sosial məsafənin gözlənilməsinə nəzarət edilir. Dərslər zamanı tələbələr auditoriya dəyişdirmir, müəllimlər dərslərə uyğun olaraq tələbələrin yerləşdiyi auditoriyaya gəlirlər. Bu da dəhlizlərdə sıxlığın qarşısını alır. Qrupun bir hissəsi dərslərə əyani şəkildə auditoriyalarda, digər hissəsi isə onlayn formatda qoşulur. 2 həftədən bir növbə dəyişir. Auditoriyalar ən müasir avadanlıqlarla təchiz olunub. Hər həftə universitetdə dezinfeksiya işləri aparılır, mərtəbələrin hər birində dezinfeksiya məhlullarının olduğu aparatlar quraşdırılıb. Universitetin ərazisində maska taxma qaydasına ciddi riayət olunur”.