Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-19 09:24:00
ADNSU-nun rektoru Moskvada beynəlxalq konfransda məruzə edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) keçirilmiş “Dayanıqlı inkişaf və ESG-transformasiyalar” Birinci Rusiya açıq beynəlxalq konfransında iştirak edib.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, MDBMİ-nin rektoru akademik Anatoli Torkunovun dəvəti ilə tədbirdə iştirak edən professor M.Babanlı konfransın “Elm və təhsil dayanıqlı inkişafda” adlı seksiyasında məruzə ilə çıxış edərək müasir dövrün çağırışları fonunda elm və təhsilin inkişaf xüsusiyyətləri haqqında məlumat verib.

 

Konfrans çərçivəsində “Dayanıqlı inkişaf və ESG-transformasiya: biznes üçün çağırışlar və imkanlar”, “Yaşıl keçid və ya ticarət müharibələrinin yeni mərhələsi – yaşıl diplomatiyanın rolu” və digər seksiyalar üzrə müzakirələr aparılıb. Müzakirələrə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Anatoli Çubays, Rusiya Federasiyasının bir neçə diyarının qubernatorları, bir sıra ölkələrin dövlət xadimləri, dayanıqlı inkişaf və ESG sahəsində nüfuzlu ekspertlər qoşulublar.

 

Tədbir çərçivəsində müzakirələrin ana xəttini XXI əsrdə iqlim çağırışlarının bəşəriyyətin sağ qalmasını müəyyən edən başlıca risk olduğu fikri təşkil edib.

 

ADNSU-nun rektoru M.Babanlı konfrans çərçivəsində keçirilmiş bir sıra çoxtərəfli və ikitərəfli dialoq meydançalarında, tərəfdaş elm və tədris müəssisələrinin tədbirlərində iştirak edib.