Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-17 12:35:00
Distanta keçən siniflər,"Təhsil haqqında"qanuna edilən dəyişiklər-Ötən həftəyə baxış

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 11-17 oktyabr tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Azərbaycanda bu günədək 241 sinif distant təhsilə keçirilib:

 

Azərbaycanda yeni tədris ili başlayandan bu günədək 241 sinif distant təhsilə keçirilib. Bu barədə Təhsil Nazirliyindən bildirilib.

 

Respublika Humanitar Fənlər Gimnaziyası distant təhsilə keçib:

 

Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb.

 

Bildirilib ki, bu hal əsas götürülərək Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, gimnaziyada tədrisin bu gündən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.

 

Azərbaycanda alimin dissertasiyası plagiat çıxıb, elmi dərəcəsi ləğv olunub:

 

Xarici ölkədən daxil olan müraciətə əsasən azərbaycanlı alimin işini araşdırılıb. Dissertasiya işinin plagiat olduğu təsdiq edilib. Fəlsəfə doktoru elmi dərəcəsindən plagiat səbəbindən məhrumetmə barədə qərar qəbul edilib. Elmi dərəcədən məhrum edilmiş şəxs 2017-ci ildə müdafiə edərək həmin ildə təsdiq alıb.

 

Bakı məktəblərində keçirilən diaqnostik qiymətləndirmə başa çatıb:

 

Paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələri şagirdlərinin iştirak etdiyi diaqnostik qiymətləndirmədə 13 100 şagird iştirak edib.

 

Şagirdlərə ibtidai siniflər üzrə 20, V siniflər üzrə 30, VI siniflər üzrə 40, VII siniflər üzrə 45, VIII-IX siniflər üzrə isə 60 sual təqdim edilib.

 

Riyaziyyat, xarici dil və tədris dili üzrə ibtidai siniflər 40, V siniflər 60, VI siniflər 80, VII siniflər 90, VIII-IX siniflər isə 120 dəqiqə vaxt ərzində sualları cavablandırıblar.

 

Səhiyyə və Təhsil nazirlikləri valideynlərə müraciət edib:

 

Sumqayıt şəhər sakini Əsgərov Kamil İslam oğlu oktyabrın 9-da saat 20:05-də təcili tibbi yardımla Sumqayıt şəhər Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub.

 

Bbarədə Səhiyyə və Təhsil nazirliklərinin birgə yaydığı məlumatda bildirilib.

 

Qeyd olunub ki, bu zaman xəstədə yüksək hərarət, boğulma, təngənəfəslik əlamətləri müşahidə olunub: "İlkin diaqnoz “kəskin bronxit, bronxospazm” təyin edilib, eyni zamanda xəstədən COVID-19 testi götürülüb və nəticə pozitiv olub. Həkimlərin təyin etdiyi son klinik diaqnoz COVID-19, ikitərəfli pnevmoniya, kəskin tənəffüs çatışmazlığı, alimentar piylənmə olub. Oktyabrın 10-dan aparılan kliniki müalicə tədbirlərinə baxmayaraq Kamil Əsgərov növbəti gün, yəni oktyabrın 11-də kəskin ürək-tənəffüs çatışmazlığından vəfat edib.

 

Hər iki qurum cari epidemioloji vəziyyəti nəzərə alaraq bir daha valideynlərdən müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmələrini tövsiyə edib.

 

Kəlbəcər Təhsil Şöbəsinə yeni müdir təyin edilib:

 

Müvafiq əmrlə Namiq Rəcəbov Kəlbəcər Rayon Təhsil Şöbəsinə müdir təyin edilib.

 

Qeyd edək ki, N.Rəcəbov bundan əvvəl Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

 

Əcnəbilərin Azərbaycan universitetlərində təhsil almaq qaydaları dəyişdirilib:

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsil alması Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” ilə tənzimlənir.

 

Nazirlər Kabinetindən bildirilib ki, qaydaların təsdiq olunmasından sonra keçən dövr ərzində icra zamanı qarşıya çıxan bir sıra məsələlərin tənzimlənməsi məqsədilə Qaydalarda dəyişikliyin edilməsinə ehtiyac yaranıb.

 

Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə vakansiya seçiminə başlanılır:

 

Təhsil Nazirliyindən verilən məlumata görə, vakansiya seçimində iştirak etmək istəyən namizədlər aşağıdakı cədvəldə təqdim olunan vakansiyalar üzrə müraciət edə bilərlər.

 

İndi isə ötən həftənin əsas təhsil açıqlamalarına nəzər salaq:

 

Azərbaycanda qız uşaqlarının 90 %-dən çoxu təhsil ala bilir:

 

"Bu gün Azərbaycanda qız uşaqlarının 90 %-dən çoxu təhsil ala bilir. Burada heç bir hüquqi maneə yoxdur. Bununla belə müəyyən hallarda isə qızların təhsildən yayındırılması qeydə alınır və bu bizi narahat edir".

 

Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

 

Emin Əmrullayev yeniyetmə qızların təhsildən yayınmasının səbəblərini açıqlayıb:

 

 "Məlum olur ki, qızlar oğlanlardan daha yaxşı nəticə göstərir. Onu da qeyd edək ki, qızlarda oxuyub-anlama bacarığı oğlanlara nisbətdə yaxşıdır. Növbəti qiymətləndirmə zamanı 15 yaşlı şagirdlər arasında qızların nəticələrinin aşağı düşdüyünü müşahidə edirik. Bunu təhlil etmək lazımdır. Düşünürəm ki, bu təhsil-pedaqoji məsələ ilə bağlı deyil, onların əhatə olunduqları insanların münasibəti və ünsiyyətə məruz qaldıqlarını hallarla bağlıdır".

 

Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları