Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-18 10:30:00
Nazir müavini ilə görüşən qazi müəllim: “O kağızı hələ də saxlayıram”

 

 

Oktyabrın 14-ü təhsil nazirinin müavini Firudin Qurbanovun İsmayıllıda Vətən müharibəsi iştirakçısı olan təhsil işçiləri ilə görüşü keçirilib.

 

Görüşün məqsədi Zəfər Günü ilə bağlı müharibədə iştirak edən təhsil işçilərinə diqqət, təhsil işçilərinin zəfərin əldə olunmasında rolunun vurğulanması, onlarla görüşün gənclərə stimul verməsi və vətənpərvərlik hisslərinin aşılanması olub.

 

Bu görüşdə iştirak edən təhsil işçilərindən biri də Müdri kənd tam orta məktəbinin tarix müəllimi Şıxızadə Sürətdir.

 

Tarix müəllimi AzEdu.az-a açıqlamasında müharibə ilə bağlı təəssüratlarını bölüşərək, müəllim olaraq arxa cəbhədə şagirdləırin vətənpərvər ruhda yetişməsi istiqamətində mübarizəni davam etdirəcəyini bildirib:

 

 

“44 günlük müharibə ərzində Tərtər briqadasının tərkibində motoatıcı qüvvələrdə Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Bildiyimiz kimi, Tərtərə “qəhrəman şəhər” deyirlər, orada hər saniyə mərmi altında idik. Ancaq heç nədən qorxmur,  geri çəkilmirdik. Hər dəfə bir yoldaşımız yaralananda, şəhid olanda biz bir metr də artıq torpaq alırdıq. Bir tarix müəllimi olaraq çiyinlərimdə məsuliyyət var idi. Çox şadam ki, qəhrəman əsgər və şəhidlərimizlə birlikdə işğal altında olan torpaqlarımızı azad etdik. Bu, çox qürurvercidir, duyğulanmamaq mümkün deyil. Baxmayaraq ki, öz dostlarımızı, müəllim həmkarlarımızı itirdik. Onlardan biri də rayonumuzun seçilən müəllimlərindən olan Famil Əhmədzadədir. Onun itkisi ağırdır, lakin torpaqlarımızın geri qaytarılması sevinci buna qismən  də olsa təsəllidir. Bundan sonra qarşımızda daha çətin vəzifə var: Mühribə yekunlaşsa da, biz  müəllimlər  arxa cəbhədə mübarizəmizi davam etdirəcəyik. Şagirdlərimizin vətənpərvər ruhda şəxsiyyət kimi yetişməsi istiqamətində əlimizdən gələni əsirgəməməyə çalışırıq”. 

 

O “Zəfər tarixi” fənninin tədrisi ilə məşğul olmasının qürurverici olduğunu bildirərək müharibədən sonra maraqlı bir xatirəsini bizimlə bölüşüb:

 

“Artıq 9-cu siniflərdə “Zəfər tarixi” dərsliyi tədris olunur, mən özüm də tarix müəllimi kimi bu fənnin tədrisi ilə məşğulam. Zəfəri qazanan bizlər onun tarixinin də tədrisi ilə məşğul oluruq, bu, çox qürurvericidir. Bir xatirəmi bölüşmək istərdim. Müharibə bitdi və biz bir müddət sonra təxris olunduq. Sinif otağına qayıtdıqda masanın üzərində maraqlı bir kağız tapdım. Kağızda “Sürət müəllim, sizin üçün darıxmışıq”-deyə yazılmışdı. O kağızı hələ də kitablarımın arasında saxlayıram. Bu mənim üçün çox duyğulandırıcı bir məqam idi”.

 

Qəhrəman müəllim tarix dərsliklərində görmək istədiyi yeniliklərə diqqət çəkib:

 

“İldən-ilə dərsliklər təkmilləşir, yenilənir. Bəzi nöqsanlar təbii ki, var. Bizim XX əsr tariximizin daha diqqətlə öyrənilməlidir. Xüsusi ilə 1875-ci ildə “Əkinçi” qəzetinin meydana gəlməsindən sonra hürriyyət tariximizə şahidlik etdi. Bu yaxınlarda parlamentdə 18 oktyabrın Müstəqilliyin Bərpası Günü adlandırılması müzakirə olundu, bunu yüksək qiymətləndirir və çox doğru addım hesab edirəm. XX əsr tariximizin, xüsusi ilə Cümhuriyyət qurucularımızın adlarının əbədiləşdirilməsi, dərsliklərdə onlar haqqında məlumatların daha da genişləndirilməsini arzu edərdik”.