Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-15 14:51:00
Peşə mərkəzinin təlimçisi: “Dron idarəsi çətin iş deyil,  bunu hər kəs bacarar”

Təhsil Nazirliyinin iştirakı ilə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində israilli mütəxəssislər tərəfindən “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlimlər keçirilir.

 

 

Bu təlimlərə ölkə üzrə peşə təhsil məktəblərindən də təlimçilər cəlb olunub. Təlimlərdə istifadə edilən dronlar Çin istehsalıdır və tədris məqsədi ilə peşə təhsil müəssisəsinin özünə aiddir.

 

Bu təlimçilərdən biri olan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil  Mərkəzinin metodist-təlimçisi Rəşad Çopsıyev AzEdu.az-a açıqlamasında təlim prosesi və dronların funksiyalarından danışıb:

 

“Artıq 5 gündür ki, İsmayıllıda dronların kənd təsərrüfatına tətbiqi ilə bağlı təlimlərdə iştirak edirik. Hazırki dövrdə dron texnologiyası bütün ölkələrdə müxtəlif sahələr üzrə tətbiq olunur. Eyni zamanda Azərbaycanda da dronların kənd təsərrüfatına tətbiq olunması istiqamətində müəyyən işlər həyata keçirilir. Hazırda bizim təlimlərdə idarə etdiyimiz dronlar xüsusi olaraq kənd təsərrüfatı sahələrinin dərmanlanması üçündür. Bununla yanaşı müxtəlif ölçülərdə, tutumlarda dronlardan istifadə olunur. Bizim istifadə etdiyimiz bir dron hava şəraitindən asılı olaraq bir saata 4-6 hektar ərazini dərmanlamağa qadirdir. Dronların başqa bir funksiyası sahələr üçün xəritələrin hazırlanmasıdır. Həm kənd təsərrüfatı, həm də digər sahələrdə müxtəlif 2-3D xəritələrin hazırlanması, infraqırmızı kameralarla həmin sahələrin analiz olunması bu funksiyaya daxildir. Təlimlərdə nəzəri öyrəndiyimiz məlumatları sahələrdə tətbiq edirik”.

 

Metodist-təlimçi təlimlərin Bakıda da davam etdiriləcəyini bildirib:

 

“Artıq təlimlərin 5-cü günüdür və ümumilikdə 10 gün müddətində aparılacaq. Eyni zamanda bu təlimlər Bakıda da davam edəcək. Bakıdakı təlimlər dron texnologiyasının analiz olunması və təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək. Həmin təlimlər isə bizim tərəfimizdən aparılacaq. Bu təlimlər zamanı hər hansı bir çətinliklə qarşılaşmamışıq. Belə deyək, öyrənmək üçün sadəcə istəmək lazımdır. Düşürəm ki, bu dronların öyrənilməsi və idarə edilməsi o qədər də çətin deyil. Hər gün özümüzü daha da təkmilləşdiririk, bu gün artıq müəyyən tapşırıqları yerinə yetirməyi bacarırıq. Ölkəmizdə dronlardan istifadənin təkcə kənd təsərrüfatında deyil, başqa sahələrdə də istifadə olunmasını çox istəyərdim”.