Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-16 12:09:00
Azərbaycanda xarici universitet diplomlarının tanınmama səbəbləri – Nazirlik rəsmisi ilə müsahibə

 

 

Xaricdə təhsil alıb ölkəmizə qayıdan gənclər üçün ilk və əsas addım diplomlarının burada tanınmasıdır.

 

Təhsildə Keyfiyyətin Təminatı Agentliyi Tərəfindən son olaraq sentyabr ayı üçün 310 müraciətçidən 239 nəfərin diplomu tanınıb. 71 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

 

Bəs tanınma zamanı hansı meyarlar nəzərə alınır? Bunun üçün müraciət tarixi nə zamandır? Ərizəçilər müraciətin nəticəsini nə zaman öyrənə bilir?

 

AzEdu.az bu kimi suallara cavab olaraq TKTA-nın Kvalifikasiyaların tanınması departamentinin direktoru Nicat Əsədli ilə müsahibəni təqdim edir:

 

 

-Xarici diplomların ölkəmizdə tanınması üçün müraciət prosesi necədir? Bunun üçün nə kimi vacib şərtlər var?

 

-Xaricdə əldə edilən  kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiqlənən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq həyata keçirilir.

 

Ərizələrin qəbulu yalnız elektron qaydada Agentliyin rəsmi saytı (www.tkta.edu.az) vasitəsilə həyata keçirilir.

 

Vətəndaşlarımız müraciət qaydaları, tələb olunan sənədlərin siyahısı və yüklənmə qaydası ilə tanış olmaq üçün rəsmi sayta və ya www.taninma.az keçidinə daxil ola bilərlər.

 

 

-Ərizələr təqdim edildikdən təxmini neçə müddət sonra ərizəçilərə müraciətin nəticəsi barədə məlumat verilir?

 

 

-Xarici dövlətdə əldə olunan diplomların ölkəmizdə tanınması üçün müraciət olunduqda, təqdim olunan sənədlər icraata götürüldüyü tarixdən başlayaraq ortalama olaraq 30  iş günü müddətində müraciətə dair qərar qəbul edilir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq müraciətlərə fərdi qaydada baxıldığından, bəzi hallarda baxılma müddəti dəyişə bilir.

 

 

-Diplomların tanınması prosesi zamanı daha çox nə kimi çətinliklər meydana gəlir?

 

-Müxtəlif hallarda sənədlərin ekspertizası zamanı yaranan suallarla bağlı ərizəçi ilə əks alaqə yaratmağa zərurət yaransa da bu mümkün olmur. Eyni zamanda, təqdim olunan sənədlərdəki məlumatlarda çatışmazlıq aşkarlandıqda, habelə, qeyri-müəyyənliklərə rast gəlindikdə aidiyyəti qurumlara və ya şəxsin ali təhsil aldığı təhsil müəssisəsinə sorğuların ünvanlanmasına ehtiyac yarana bilir. Bəzi hallarda bu sorğular ətraflı şəkildə cavablandırılmır və ya ümumiyyətlə cavabsız qalır. Sadalanan hallar öz növbəsində müraciətlərə baxılma müddətində müəyyən gecikmələrə səbəb ola bilir.

 

 

-Tanınmada müraciət üçün il ərzində müəyyən zamanlarda  konkret müddət elan edilir ya ərizəçilər istənilən zaman müraciət edə bilər?

 

-Xaricdə əldə edilmiş diplomların tanınması üzrə müraciətlər üçün dövrü məhdudiyyət tətbiq olunmur. Vətəndaşlar ilin istənilən dövründə xarici ali təhsil ixtisaslarının tanınması üçün Agentliyimizə müraciət edə bilərlər.

 

 

-Son olaraq bildiyimiz qədəri ilə xarici ölkələrdə distant alınan təhsil diplom və sertifikatları ölkəmizdə tanınmır. Bu qərarın dəyişdirilməsi üçün nə kimi vacib meyarlar olmalıdır? TKTA bununla bağlı müraciət kimi hər hansı bir addım ata bilərmi?

 

-Bildiririk ki,  xarici dövlətdə distant əsaslarla alınmış təhsilin sonunda əldə edilmiş ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması mümkün hesab edilmir. Belə ki, sözügedən təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi (və mexanizmi) ölkəmizin təhsil qanunvericiliyində nəzərdə tutulmayıb. Beləliklə əvvəlcə analoji təhsil forması üzrə yerli qanunvericiliyimizə dəyişikliklər edilməli, praktika formalaşdırılmalıdır. Yalnız bundan sonra distant təhsil üzrə əldə edilmiş xarici ali təhsil ixtisaslarının tanınması meyarlarını müəyyənləşdirmək haqqında müvafiq addımlar atıla bilər.