Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-14 12:33:00
Sistem inzibatçısı istiqaməti üzrə qısamüddətli təlimlər keçiriləcək

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində sistem inzibatçısı istiqaməti üzrə təlimlər keçiriləcək.

 

Agentlikdən AzEdu.az-a bildirilib ki, təlimdə iştirak etmək üçün ərizələrin qəbulu oktyabrın 24-dək davam edəcək və müraciətlərin qəbulu elektron ərizə forması üzərindən aparılacaq.

 

Təlimlərə peşə, orta ixtisas, və ya ali təhsil almış şəxslər müraciət edə bilərlər. Seçim zamanı başlanğıc səviyyə ingilis dili biliklərinin, informasiya texnologiyaları üzrə təhsil və ya iş təcrübəsinin olmasına üstünlük veriləcək.

 

İştirakçılar “Windows” platformalı serverlərin, əməliyyat sistemlərinin qurulması, idarə olunması, proqram təminatlarının paylanması və yenilənməsi, serverlərin profillənməsi və monitorinqi, nasazlıqların aşkarlanması və aradan qaldırılması kimi sahələrdə biliklər əldə edəcəklər. İştirakçıların əldə etdikləri nəzəri bilikləri təlim zamanı tapşırıqlar vasitəsilə təcrübədə tətbiq etmək imkanları olacaq.

 

Həm nəzəri, həm də praktiki hissələrdən ibarət olan təlimləri uğurla bitirən şəxslərə dövlət nümunəli sertifikat təqdim ediləcək.