Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-12 09:00:00
Hazırlıq kurslarının qiyməti  ceyran belində olan sınaq imtahanı biletləri – Necə tənzimlənməli?

 

 

Hazırda həm paytaxtda, həm də regionlarda çox sayda tədris kursları fəaliyyət göstərir.

 

Bu istiqamətdə valideynlərin əsas narazılığı isə kursların təşkil etdiyi sınaq imtahanları qiymətlərinin yüksək olması ilə bağlıdır.

 

Bəs bu problemə səbəb nədir? Qiymətlər necə tənzimlənməlidir?

 

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov AzEdu.az-a açıqlamasında problemin əsas səbəblərinə diqqət çəkib:

 

“Kursların fəaliyyəti, onlar tərəfindən sınaq imtahanlarının keçirilməsi ümumitəhsil məktəblərinin lazım olan vəzifəni tam yerinə yetirməməsindən irəli gəlir. İstər regionlarda, istərsə də Bakıda kursların sınaq imtahanlarının qiyməti, Dövlət İmtahan Mərkəzinin sınaq imtahanlarının ödəniş məbləğindən baha deyil, təqribən eyni qiymətdir. Bu baxımdan qeyd edə bilərik ki, ümumitəhsil məktəblərində insanlar lazımı bilikləri ala bilmədikləri üçün kurslara müraciət edirlər”.

 

Ekspert məsələnin həlli yolu olaraq məktəblər üçün bank hesabının açılmasını təklif edib:

 

“Ümumitəhsil məktəblərinə şərait yaradılmalı, onlar üçün bank hesabı açılmalıdır. Kurslarda çalışan müəllimlər,həmin məktəblərdə işləyən müəllimlərdir. Artıq Təhsilin İnkişafı Fondu da yaradılıb. Düşünürəm ki, ayda bir, yaxud, iki dəfə məktəblərə sınaq imtahanı keçirmək imkanı yaradılarsa, nəticədə toplanan vəsait birbaşa məktəbin öz hesabına köçürülərsə qiymətlər daha münasib olar. Bu həm gəlir əldə etmək baxımından məktəb üçün faydalı olacaq, həm də valideynlər kurslara deyil məktəbin özünə müraciət etmiş olacaqlar. Bu səbəblə məsələyə sistemli yanaşmaq lazımdır. Məktəblərə əlavə gəlir qazanmaqla bağlı Nazirlər Kabinetinin 2010-cu il tarixli 10 nömrəli qərarı var. Məktəblərin bununla təmin olunması vacibdir. Bütün hüquqi baza yaradılıb, hətta dövlət və Təhsil Nazirliyi özü bunda maraqlı olmalıdır. Təhsilin İnkişafı Fondu var və məktəblər bu yolla qazandığı pulun bir hissəsini ora ilə bölüşə bilərlər. Nəticə etibarı ilə daha aşağı qiymətə sınaqlar və digər təhsil xidmətləri göstərilə bilər”.

 

Ekspert məktəblərə müəyyən qədər muxtariyyət verilməli olduğunu bildirib:

 

“Amma çox təəssüf ki, hazırda kursların böyük bir hissəsi, yaxud onların sahibkarları və direktorları Təhsil İnstitutu və Təhsil Nazirliyində işləyən və ya onlarla birbaşa əlaqəli olan şəxslərdir. Bu baxımdan düşünürəm ki, Təhsil Nazirliyi tərəfindən məktəblərə müəyyən qədər maliyyə muxtariyyəti verilməlidir. Belə olan halda qiymətlər də aşağı düşəcək, beləliklə bu vəsaitlər ayrı-ayrı sahibkarlıq subyektləri olan kurslara deyil, dövlət ümumitəhsil məktəblərinə gələcək. Eyni zamanda bunun bir qismi də Təhsilin İnkişafı Fonduna köçürülə bilər”.