Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-11 17:26:00
Peşə məktəblərinin yeni statusu nə vəd edir?

Nazirlər Kabinetinin müvafiq qərari ilə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 17 orta ixtisas təhsili müəssisəsinə publik hüquqi şəxs statusu verildi.

 

Həmin təhsil müəssisələrinin fəaliyyətində hansı dəyişikliklərin ediləcəyi hər kəsi maraqlandıran sual olaraq qalır.

 

Bu barədə Modern.az-a danışan təhsil eksperti Anar Məmmədov publik hüquqi şəxs statusu verilən orta ixtisas təhsili müəssisələrinin bundan sonrakı fəaliyyətinin detallarını izah edib:

 

“Buna qədər peşə məktəbləri Təhsil Nazirliyi tərəfindən təqdim edilən bəlli bir proqram əsasında mütəxəssislər yetişdirirdi. Amma həmin kadrların əmək bazarında özünə yer tapıb-tapmaması təhsil müəssisəsini maraqlandırmırdı.

Publik hüquqi şəxs bir qismi nazirliyin verdiyi maliyyə üzərində formalaşan, digər qismi isə hüquqi dayağı olan əməkdaşlıqla formalaşacaq. Orta ixtisas müəssisələrindən tələb olunacaq ki, bazara lazım olan ixtisaslar yetişdirsin. Onlar sıfırdan öz ixtisaslaşmasına yanaşmalı, proqram hazırlamalı, dəyişikliklər etməli, nazirliklə bunu təsdiqləməli, bəlli bir büdcə əldə etdikdən sonra təsisçinin tələbi ilə vaxtaşırı hesabatlar tərtib etməlidir. Publik hüquqi şəxs statusu alan peşə məktəbləri ilk növbədə kadr dəyişikliyinə getməlidir. Onlar əvvəlki kadrlarla işləməyə davam edirsə, müqəddəratı əvvəldən təyin olunub deməkdir. Publik hüquqi şəxs olan peşə məktəbləri ya fəaliyyətini ciddi reformasiya edib, iş ortaya qoyub, bazarda ciddi səs-küy çıxaracaq, ya da tədricən bağlanmaq təhlükəsi ilə üz-üzə qalacaqlar.

Beləliklə, dövlət artıq lazımsız büdcənin ayrılmasından kənarlaşır, xərclədiyi pulu isə birə beş geri qaytara biləcək. Peşə məktəbi həm qismən ayrılan vəsaitdən istifadə edə bilir, həm də öz məhsullarını ortaya qoya bilir. Məhsul dedikdə peşə məktəblərinin, kolleclərin hazırladığı kadrlar nəzərdə tutulur. Məsələn, orta ixtisas təhsili müəssisəsi publik statusu aldıqdan sonra tutaq ki, bir bərbər müəssisəsi təsis edə bilər. Orada öz yetişdirdiyi kadrları işlə təmin edib, xidmət göstərmələrinə və qazanc əldə etmələrinə vəsilə olar. Beləliklə, həm təhsil müəssisəsi, həm də kadrlar bu işdən qazanacaq. Publik hüquqi şəxs olduqdan sonra orta ixtisas təhsili müəssisələri boş-boş fənlər tədris etmək, dərsləri yola vermək əvəzinə işinə daha məsuliyyətlə yanaşacaq. Beynəlxalq sertifikatlaşmış mütəxəssisləri praktik dərslərə çağırmalı olacaq. Bu kimi tələblərin öhdəsindən gələ bilməyən təhsil müəssisələri əmək bazarı ilə uyğunlaşa bilmədikdə, reytinqi aşağı düşəcək və tədricən bağlanacaq”.

 

 

Təhsil eksperti Kamran Əsədov isə ölkəmizdə 54 orta ixtisas təhsili müəssisəsində 58 minə yaxın tələbənin təhsil aldığını xatırladıb. Amma ekspertin fikrincə, onları əmək bazarında görə bilmirik:

 

“Düzdür, əvvəlki illərdə kolleclərdə pedaqoji ixtisaslar var idi və onun məzunları orta məktəbdə müəllim kimi çalışırdı. İndi isə kolleclərdə pedaqoji ixtisaslar demək olar ki, yoxdur.

Bu gün ali məktəblərə qəbul ola bilməyən abituriyentlər kolleclərə üz tutur. Həm də ona görə ki, gələcəkdə subbakalavr kimi ali məktəblərə qəbul olmaq imkanı var.

Bu o demək deyil ki, kollec məzunları zəifdir. Əksinə, kifayət qədər savadlı kollec məzunları var. Sadəcə olaraq, bir çox kollecdə tədris keyfiyyətli deyil.

 

Nazirlər Kabineti 17 orta ixtisas təhsili müəssisəsi - kollecin publik hüquqi şəxsə çevrilməsi barədə qərar qəbul edib. Bu o deməkdir ki, həmin kolleclər bundan sonra dövlət büdcəsinin vəsaiti hesabına yox, göstərdikləri xidmətə görə maliyyələşəcəklər.

Eyni zamanda yeni qərar kolleclərə yeni yanaşma gətirməlidir.

 

Sovet dövründən sonra bir sıra kolleclər yalnız dövlət büdcə vəsaitləri hesabına yaşamağa üstünlük verirlər. Bu isə rəqabət mühitini əngəlləyirdi. O biri yandan isə şəffaflığa mənfi təsir göstərir. Belə olan təqdirdə cəmiyyətin o kolleclərə ehtiyacının olub-olmamağından asılı olmayaraq, zərurəti, ictimai missiyası bəlli olmadan tam təyin olunmamış halda yalnız dövlət strukturları iyerarxiyasında mövcuddursa fəaliyyəti qalmaqda davam edirdi.

Təhsil müəssisələrinin böyük əksəriyyəti publik hüquqi şəxsə çevrilməlidir. Məlum dövlət sifarişini çıxmaq şərtilə onlar müstəqil qurum kimi fəaliyyət göstərməlidirlər.

Bu 100 milyonlarla vəsait pula büdcədə qənaət etməyə imkan yaradacaq. Dövlət büdcəsini uzun illər sırf himayəçilik mühitində hazır vəsaitlərə sərəncam verən qurumlardan xilas edəcək. Eyni zamanda istedadlı, Qərb menecmentini bilən şəxslər həmin qurumların büdcəsinin formalaşdırılmasına yardımçı olacaqlar. Yəqin ki bir müddətdən sonra bu, təhsil sisteminə də şamil olunacaq”.

 

Kamran Əsədov vurğulayıb ki, bir çox ali və orta ixtisas təhsili müəssisələri əhalidən gəlir əldə edirlər:

 

“Belə olan halda biz onları niyə dövlət təşkilatı kimi saxlamalıyıq? Bunlar aydın deyil. 

 

Təhsil sisteminə aid çoxlu bina resursu, torpaq resursu texnika, avadanlıqlar mövcuddur. Onlar bəzən hansısa torpaq, bina resursunu icarəyə verəndə dərhal buna əks reaksiyalar olur ki, bu dövlət satışını aşmaqdır, özünün təşkilat modelindən kənara çıxmaqdır. Belə olmasın deyə publik hüquqi şəxs ən yaxşı formatdır. 

Bu zaman şişirdilmiş xərclərə, həmçinin dövlət qurumlarına ödənişlərin illərlə verilməməsi hallarına, borc yükünün milyonlarla manat səviyyəsinə qalxmasına da ehtiyac olmur.

Publik hüquqi şəxs pulları özü əldə edir, belə olan halda  xərclərini niyə şişirtsin ki?”