Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-09 13:21:00
Statuslarının dəyişməsi kolleclərə həyati dərəcədə təsir edəcək – Prorektordan izah

 

 “Kolleclərdə son illər təhsilalanların sayı artır, plan yerlərinin çoxu isə dolur”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı  Mühəndislik  Universitetinin  Elmi  işlər üzrə prorektoru, təhsil eksperti Elçin Süleymanov deyib

 

O, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 17 orta ixtisas təhsili müəssisəsinə publik hüquqi şəxs statusunun verilməsinə münasibət bildirib:

 

“Son illər ölkəmizdə təhsilin inkişafı istiqamətində mütərəqqi addımlar atılır. Onun maddi-texniki bazası möhkəmləndirilir, tələbə kreditləri verilməyə başlanılır və təhsilalanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeni yollar açılır. Aparılan islahatlar öz növbəsində kollec  təhsilinin inkişafına da təkan verir. Belə ki, kolleclərdə son illər təhsilalanların sayı artır, plan yerlərinin çoxu isə dolur. Amma əvvəlki illərdə plan yerlərinin böyük hissəsi boş qalırdı. Digər müsbət addımlardan biri də subbakalavrların universitetə imtahansız şəkildə qəbulunun həyata keçirilməsi ilə bağlı idi. Hazırda kollec təhsili çox cazibəli hala gəlib. Paytaxtda yerləşən bir çox kolleclər dövlət universitetlərinin nəzdinə verilib. Bu da  kolleclərin həmin universitetin maddi-texniki bazasından istifadəsinə, onunla universitet arasında əlaqələrin daha sıx şəkildə inkişafına şərait yaradır. 17 kollecə publik hüquqi şəxs statusunun verilməsi  mütərəqqi addımlardan biridir. Bu kolleclərin regionlarda yerləşməsini nəzərə alaraq, orada yaşayan gənclərin ixtisas sahibi olması üçün yaxşı  şansdır. Publik hüquqi şəxs statusunu aldıqdan sonra kolleclər maddi müstəqillik qazana və sərbəst fəaliyyət göstərə bilərlər. Həmçinin, regionla əlaqəli müxtəlif layihələrdə iştirak edə bilərlər. Bu da onların vəsait qazanmasına şərait yaradacaqdır. Kollec tələbələrinin iş tapması və təcrübə keçməsi üçün  geniş imkanlar yaradılacaq. İlk olaraq publik hüquqi şəxs statusu 4 ali təhsil müəssisəsinə verildi. Onlar müxtəlif, alternativ gəlirlər formalaşdıra bildilər. Bu mütərəqqi və inkişafa hesablanmış addımdır”.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən digər 17 orta ixtisas təhsili müəssisəsinin (Ağcabədi Pedaqoji Kolleci, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci, Ağdam Musiqi Kolleci, Ağdaş Dövlət Humanitar Kolleci, Astara Pedaqoji Kolleci, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Qazax Dövlət Sosial-İqtisadi Kolleci, Quba Dövlət Sosial-İqtisadi Kolleci, Masallı Dövlət Regional Kolleci, Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci, Şamaxı Dövlət Regional Kolleci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Şuşa Humanitar Kolleci, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci) publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili ilə əlaqədar Nazirlər Kabinetinin qeyd olunan qərarı qəbul edilib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları