Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-08 15:07:00
Ekspert müəllimlər üçün tam fərqli müsabiqə təklif etdi – “Daha effektiv olacaq”

 

 

 

2008-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən “Ən yaxşı müəllim” və “Ən yaxşı məktəb” adlı layihəyə start verildi. 2014-cü ildə isə o, Təhsildə İnkişaf və İnnovasiyalaq üzrə Qrant müsabiqə ilə əvəz edildi. Hər iki müsabiqənin strukturunda olduqca fərqli məqamlar özünü göstərir. Lakin hansının effektiv olması məsələsi təhsil ictimaiyyətində fərqli fikirlərin yaranmasına səbəb olur.

 

 

AzEdu.az-a  danışan təlimçi, təhsil eksperti Elnur Hacıyev hər iki müsabiqəni təhlil edərək onların mənfi və müsbət tərəfləri haqqında məlumat verib:

 

 

“”Ən yaxşı müəllim” müsabiqəsində müəllimlərin fərdi göstəriciləri nəzərə alınır, fəaliyyətləri göz önündən keçirilirdi. Yarışma 3 mərhələdən ibarət idi. Birinci mərhələdə sənədlərə baxılır və onlar meyarlar üzrə qiymətləndirilirdi. Uyğun olan namizədlər ikinci mərhələyə buraxılırdı. Burada dərs nümunələri hazırlanır və göstərilir, həmçinin,  bilinməyən məktəblər seçilərək müəllimlər praktik dərslərə cəlb olunurdu. Üçüncü mərhələdə isə təşkilat komitəsi qarşısında 5-10 dəqiqəlik  təqdimat hazırlanırdı. Nəticədə respublikada 100 ən yaxşı müəllim seçilirdi.

 

 

Bu, müəllimlərin stimullaşdırılması, onların fəaliyyətinin qiymətləndirilməsi baxımından motivasiyaedici xarakter daşıyırdı. Lakin məsələnin müsbət və mənfi tərəfləri var. Belə ki, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olan 100 müəllimdən müəyyən qismi özünüinkişaf və perspektivlərini yüksəltmək haqqında düşünürdü. Bəzi müəllimlərdə isə arxayınlıq yaranır və fəaliyyətlərində axsamalar müşahidə edilirdi. Bunun analogiyasını biz idmançılarda da müşahidə edirik. Olimpia oyunlarında iştirak edib medal qazanan idmançıların çoxu  sonra bu uğuru yenidən əldə edə bilmir”.

 

 

Təhsil eksperti qrant müsabiqələrin əhəmiyyətindən söz açdı:

 

 

“Növbəti illərdə isə bu yarışma Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqə ilə əvəz edildi. Qrant müsabiqələrinin məqsədləri bir qədər fərqlənir. Burada da əsas diqqət müəllimlərin stimullaşdırılması, onların rəqabət qabiliyyətinin artırılması, cəmiyyətdə tanıdılması, innovativ təkliflərinin reallaşmasına yönəlib.

 

 

“Ən yaxşı müəllim” təhsil işçilərinin keçmiş fəaliyyətlərinin qiymətləndirilməsinə istiqamətləndirilirdisə,  qrant müsabiqələr isə müəllimlərin gələcək fəaliyyətlərində  ideya və layihələrinin gerçəkləşdirilməsinə köklənib”.

 

 

Elnur Hacıyev hər iki layihədən fərqli başqa müsabiqənin keçirilməsini təklif edir:

 

 

“Mən isə “Ən yaxşı müəllim” və Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqələrdən fərqli olaraq  bir təklif irəli sürərdim. Misal olaraq, STEAM, şagirdlərin innovativ fikirləri ilə bağlı   dərsliklər hazırlana bilər. Həmçinin,  hər sinif müəllimi ilə bərabər kiçik layihə irəli sürə bilər. Bu, sinifin uğuru olacaq, çünki burada komanda və layihə qrupu yaradılır. Onlar fənnə uyğun olaraq təkliflərini irəli sürür və onu gerçəkləşdirirlər. Bu, isə birbaşa fənnin tədrisinə dəstəkdi. Bu ideyanı müxtəlif fənlərin inteqrasiyası kimi də təqdim edə bilərik. Məsələn, kimya, fizika və biologiyanın inteqrasiyasından maraqlı layihə ortaya qoymaq olar. Müəllim 45 dəqiqəlik dərsin 15 dəqiqəsini layihəyə ayıraraq daha effektiv nəticə əldə edə bilər. Yekun  olaraq şagirdlər bu layihəni təqdim edərək onun  nəticəsini göstərirlər. Hazırda 45 dəqiqə dərslə fənnin tədrisində nəzəri biliklərin verilməsi üstünlük təşkil etməməlidir. Həmin biliklərin praktikada snanması özünü göstərməlidir. Biz nəzəriyyənin layihə kimi tətbiqini görmürüksə,   öyrəndiyimiz dərslərin nəticəsi heç bir əhəmiyyəti kəsb etməyəcək. Fənləri elə şəkildə tədris etməliyik ki, onları gələcək həyatımızda tətbiq edə bilək.

 

 

“Ən yaxşı müəllim” müsabiqəsi üçün hər müəllimə ayrılan 30 min manatla biz 100 dərsi maliyyələşdirərək daha effektiv nəticə əldə edə bilərik. Bu, yalnız müəllimləri deyil, həm də şagirdlərin motivasiya olunmasını təmin edəcəkdir. Həmçinin, bu, o demək deyil ki, hazırda olan müsabiqələr əhəmiyyətli deyil. Amma daha effektiv olmasını istəyiriksə, düşünürəm ki, yanaşmalar dəyişməlidir. Konkret müəllim və şagirdlərlə iş aparılsa, daha yaxşı olar. Hazırda ən vacib məsələlərdən biri də müəllimlərin komanda şəklində işləməyi bacarmasıdır”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları