Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-08 14:10:00
Nadir İsrafilov “İlin gənc müəllimi” müsabiqəsini təqdir etdi: "Çox vacibdir"

“İlin gənc müəllimi” qabaqcıl və innovativ təcrübənin üzə çıxarılması baxımından çox vacibdir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

 

O, müəllimlər üçün keçirilən müsabiqələr haqqında fikirlərini bildirib:

 

“Müəllim əməyinin stimullaşdırılması, onların yaradıcılıq qabiliyyətinin üzə çıxarılması və qiymətləndirilməsinə sovet dönəmində xüsusi diqqət yetirilirdi. 5 ildən bir keçirilən attestasiyanın nəticələrinə əsasən müəllimlərə ali, I, II, III kateqoriyalar üzrə fərqləndirici dərəcələr verilərdi. Ən yaxşı fənn müəllimlərinə metodist adı verilərdi. Ştatdan kənar metodist adına malik olanlar böyük nüfuz sahibi idilər. Respublika üzrə keçirilən “Pedaqoji mühazirə”lərin qalibləri Ümumittifaq Pedaqoji mühazırələrinə göndərilərdı. təvazökarlıqdan  bir az uzaq olsa da, o vaxtlar mən özüm ali kateqoriya almış, Qazaxıstanın paytaxtı Alma -Ata və Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Ümumittifaq Pedaqojı mühazirələrinin iştirakçısı olmuşam.

 

Təhsil işçilərinin stimullaşdırılması, bizdə 90-ci illərdə pik həddə idi. Müəllimlərin və digər təhsil işçilərinin həvəsləndirilməsi və rəğbətləndirilməsi məqsədilə  hər bir il ayrı-ayrılıqda təhsilin müasir problemlərindən birinə həsr olunardı. Məsələn, deyək ki, hansısa bir tədris ilı “Təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi”, hansısa bir il “Təhsilin differensiallaşdırılması və fərdiləşdirilməsi”,digər növbəti illər “Pedaqoji təfəkkürün formalaşdırılması”, “Funksional rejimdən innovasiya prosesinə keçilməsi”, “Təhsil sistemində müasir yanaşmaların təşəkkülü” və s. ili elan olunardı. Həmin ilin mövzularına müvafiq olaraq “Pedaqoji mühazirələr”in rayon, şəhər, Respublika turları keçirilərdi.

 

Bununla yanaşı “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı tərbiyəcisi”, “İlin ən yaxşı məktəbi”, “İlin ən yaxşı məktəbəqədər müəssisəsi”, “İlin ən yaxşı məktəb direktoru”, hətta, “İlin ən yaxşı inspektoru”, “İlin ən yaxşı metodisti” kimi müsabiqələr  təhsil işçilərinin böyük marağına və yüksək fəallığına səbəb olmuşdu.

 

O zamanlar Bakı şəhər Baş Təhsil İdarəsi, hazırda Bakı şəhəri üzrə Təhsil idarəsi  adlanan paytaxt idarəsinin bu təşəbbüsü Respublikada böyük rezonans doğurmuşdu. Qalib müəllimlər, tərbiyəçilər və digər fərdi şəxslər müvafiq diplom, fəxri fərmanlarla təltif olunur, müəssisələr isə televizor, maqnitafon və digər məktəb avadalıqları ilə mükafatlandırılırdılar”.

 

Nadir İsrafilov müasir dövrdə keçirilən müsabiqələr haqqında fikirlərini bildirib:

 

“90-cı illərin sonlarına yaxın müsabiqə və mühazırələrin keçirilməsində müəyyən səngimələr müşahidə olunmağa başladı. Demək olar ki, əksər sadalanan müsabiqələrin keçirilməsi dayandırıldı, "Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin keçirilməsində müəyyən fasilələr yarandı. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2008-ci il tarixli, 714 nömrəli Fərmanı ilə "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları" təsdiq edildi. Keyfiyyət göstəriciləri ilə fərqlənən müəllimlər üçün hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 100 ən yaxşı müəllimin hər birinə innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün 5.000 manat məbləğində birdəfəlik mükafatın verilməsini nəzərdə tutuldu.

 

 

2010-cu illlərin əvvələrində Respublikanın  ümumtəhsil məktəbləri və eyni zamanda  müəllimlər  ölkə başçısının sərəncamına əsasən keçirilən   “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı  müəllim” müsabiqələrində iştirak etmək  imkanı əldə etdilər. .Həmin müsabiqələrdə müvəffəqiyyət qazanan  50 ümumtəhsil məktəbinin hər birinin 10000 (on min), “Ən yaxşı müəllim” müsabiqəsində qalib gələn  100  müəllimin  hər birinin isə 5000 (beş min) manat birdəfəlik pul mükafatı ilə mükafatlandırılması müəllim əməyinə,  Azərbaycan məktəbinin inkişafına olan dövlət qayğısının bariz nümunəsi idi

 

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edildi. Nazirlik tərəfindən verilən əmrə əsasən, “Təhsildə keyfiyyət ili” çərçivəsində həyata keçiriləcək tədbirləri əhatə edən nazirliyin Fəaliyyət planı təsdiqləndi..Elə həmin dərs ilində ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi ilə aktual problemlərə həsr olunmuş pedaqoji mühazirələrin keçirilməsi nəzərdə tutuldu..

 

Bu baxımdan Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunan, Beynəlxalq “Global Teacher” müsabiqəsinin şərt və meyarlarını əsas götürən "İlin gənc müəllimi” müsabiqələrinin təşkili təqdirəlayiqdir. Stimullaşdırma, ruh yüksəkliyi deməkdir, yeni kadr axtarışı deməkdir, qabaqcıl və innovativ təcrübənin üzə çıxarılması deməkdir, təhsil ənənələrimizə sayqı deməkdir”.

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları