Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-08 12:32:00
Paytaxt məktəbində “Məmləkətimizin tarixi” adlı muzey yaradılıb

Paytaxdakı 67 nömrəli tam orta məktəbdə “Məmləkətimizin tarixi” adlı muzey yaradılıb.

 

AzEdu.az xəbər verir ki , Muzeyin yaradılmasında əsas məqsəd zəngin Azərbaycan tarixi, milli-mənəvi dəyərlərimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlanan və tariximizə “Dəmir Yumruq” əməliyyatı adı ilə yazılan 44 günlük Vətən Müharibəsində qazanılmış qələbəmiz və ordumuzun zəfər yolu barədə şagirdlərə ətraflı məlumat vermək, şanlı döyüş tariximizdə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq salnaməsi ilə onları daha yaxından tanış etmək və şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan verməkdən ibarətdir.

 

Muzey bir-birini tamamlayan guşələrdən ibarətdir. Muzeydə Azərbaycanın ibtidai dövrlərdən bu günə qədər olan tarixi və mədəniyyəti ekspozisiyalarda öz əksini tapıb. Muzeyin girişində Qobustan qayaüstü təsvirlərinin görüntüsü əks olunub.

 

 Muzeydə Azərbaycanın Milli Qəhrəmanları, şəhidləri haqqında stendlər və tariximizin ayrı-ayrı dövrləri ilə bağlı eksponatlar yer alır.

 

Həmçinin muzeydə “Qarabağ işğaldan əvvəl və sonra”, “Azərbaycanın qızıl ulduzları”, “Vətən Müharibəsində iştirak edən məzunlar”, “Sabunçu rayonu üzrə II Vətən Müharibəsinin şəhidləri”, “Şuşa”, “Xarı bülbül”, “Prezident İlham Əliyevin Vətən Müharibəsi dövründə beynəlxalq mediaya verdiyi müsahibələr”, “Azərbaycan-Türkiyə qardaşlığı” mövzularında stendlər nümayiş olunur.

 

Muzeydə şagirdlərin əl işləri olan maketlər də yerləşdirilib, eyni zamanda xalqımızın milli adət-ənənələrini əks etdirən müxtəlif növ sənətkarlıq nümunələri toplanıb.

 

Bundan başqa, muzeydə “Nizami Gəncəvi İli” ilə bağlı guşə də yaradılıb. Guşənin yaradılmasında məqsəd Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı Sərəncamın icrası, şagirdlərə dahi Nizami Gəncəvi irsinin öyrədilməsi və təbliğindən ibarətdir.

 

Məktəb tərəfindən muzeyə həsr olunan videoçarx da hazırlanıb.

(https://www.youtube.com/watch?app=desktop&v=vcy2hGHD4W0&feature=youtu.be)