Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-08 12:06:00
Qazi Universitetinin iki professoru cari tədris ilində MDU-da fəaliyyət göstərəcək

Türkiyə Respublkasının qabaqcıl ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin elektrik və elektronika mühəndisliyi üzrə tanınmış alimləri Cemal Yılmaz və Ercan Nurcan Yılmaz cari tədris ilində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində professor vəzifəsində elmi-pedaqoji fəaliyyətlərini davam etdirəcəklər.

 

AzEdu.az xəbər verir ki , bununla əlaqədar olaraq, MDU-nun rektoru Şahin Bayramov 2021-ci ilin 7 oktyabr tarixində Mingəçevirə qonaq gələn professor C.Yılmazla görüşüb. Görüşdə ötən aydan etibarən MDU-da fəaliyyətə başlayan professor E.N.Yılmaz da iştirak edib.

 

Hər iki professoru MDU ailəsinin üzvü kimi salamlamaqdan məmnunluğunu ifadə edən rektor yeni dövrün universitetinin qurulması məqsədilə yola çıxan MDU kollektivi üzvlərinə göstərdikləri dəstəyə görə onlara təşəkkürünü bildirib.

 

Qardaş ölkənin nüfuzlu ali təhsil müəssisələrindən biri hesab edilən Qazi Universitetindən iki professorun MDU-nun uğurları üçün çalışmasının universitet həyatında olduqca əlamətdar hadisə olduğunu vurğulayan Ş.Bayramov bu əməkdaşlığın kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli töhfə verəcəyini qeyd edib.

 

Azərbaycanın dördüncü iri sənaye şəhəri olan Mingəçevirdə respublika əhəmiyyətli böyük enerji infrastrukturlarının fəaliyyət göstərməsindən, energetika və elektrotexnika sahələrinin inkişaf etməsindən bəhs edən rektor MDU-da texniki və texnoloji yönümlü yeni ixtisasların yaradılmasına, o cümlədən elektrik və elektronika mühəndisliyi sahəsi üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına və bu məqsədlə qabaqcıl xarici təcrübənin tətbiqinə böyük ehtiyacın olduğunu diqqətə çatdırıb.

 

MDU-nun Mühəndislik fakültəsinin potensialının yenilənməsi və gücləndirilməsi ilə bağlı cari tədris ilində qarşıda duran vəzifələrdən danışan Ş.Bayramov qonaq professorlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Dəvətə və səmimi görüşə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən professor C.Yılmaz Türkiyə-Azərbaycan qardaşlığının elm və təhsil müstəvisində də uğurla davam etməsindən qürur duyduğunu qeyd edib.

 

Qazi Universiteti və MDU arasında formalaşmış işbirliyindən söz açan C.Yılmaz bu çərçivədə təmsil etdiyi universitetin akademik heyət üzvlərinin qardaş ölkənin ali təhsil müəssisəsinin inkişafında yaxından iştirak imkanlarının təmin edilməsini əməkdaşlıqda ciddi və nəticəyönümlü addım kimi dəyərləndirib.

 

MDU-nun strateji hədəflərinə uyğun modernləşməsi yolunda bilik və təcrübələrini əsirgəməyəcəklərini deyən professorlar birgə fəaliyyətlərinin məhsuldarlığı ilə fərqlənəcəyinə əminliklərini ifadə ediblər.

 

Bildirilib ki, C.Yılmaz və E.N.Yılmaz Türkiyə Respublikasının Qazi Universitetində “Elektrik müəllimliyi” ixtisası üzrə bakalavr, “Elektrik mühəndisliyi” ixtisası üzrə magistratura və doktorantura təhsili alıblar. Elektrik-elektronika mühəndisliyi üzrə fəlsəfə doktoru və professordurlar. E.N.Yılmaz 2012-ci ildən, C.Yılmaz 2013-cü ildən Qazi Universitetinin Texnoloji fakültəsinin Elektrik-elektronika mühəndisliyi kafedrasında dosent, 2019-cu ildən isə professor vəzifəsində çalışıblar. Onların beynəlxalq indeksli elmi jurnallarda və digər nəşrlərdə elektrik-elektronika mühəndisliyi, informasiya təhlükəsizliyi sahəsi üzrə çoxsaylı məqalələri dərc olunub. Eyni zamanda, bir çox beynəlxalq elmi konqres və simpoziumlarda çıxış ediblər, müxtəlif layihələrdə və elmi jurnalların redaksiya heyətində təmsil olunublar.

 

Qeyd edək ki, MDU ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlığın əsası 2021-ci ilin 15 mart tarixində hər iki universitetin rektorlarının Ankarada görüşü zamanı qoyulub. 2021-ci ilin 22-23 may tarixlərində Qazi Universiteti rektorunun geniş tərkibdə nümayəndə heyəti ilə Mingəçevir şəhərinə səfəri zamanı universitetlər arasında qarşılıqlı maraq kəsb edən sahələrdə işbirliyinə dair əməkdaşlıq protokolu imzalanıb. Bu müddət ərzində hər iki universitetin birgə təşkilatçılığı ilə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib, MDU-nun akademik və inzibati heyəti üzvləri Qazi Universitetində onlayn formatda təşkil edilən seminarlarda və vebinarlarda fəal iştirak ediblər.