Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-07 13:13:00
Nəhəng Avropa universitetinin tələbəsi Orxan: “Təhsilimiz yaxşı durumda deyil, çox geridəyik”-MÜSAHİBƏ

 

Hazırda bir çox azərbaycanlı tələbə müxtəlif təhsil pillələri üzrə təhsillərini xaricdə davam etdirirlər.

 

Belə tələbələrimizdən biri də Orxan Bəşirlidir. Orxan, bakalavr pilləsini  Bakı Dövlət Universitetində fərqlənmə ilə başa vurduqdan sonra magistratura üzrə təhsilini davam etdirmək üçün Belçikaya yollanıb.

 

AzEdu.az  “Xaricdə oxu”  rubrikası çərçivəsində bu istedadlı gəncimizlə olan müsahibəni təqdim edir:

 

Əvvəlcə sizi tanıyaq...

 

-Mən Orxan Bəşirli 26 Aprel 1998-ci il tarixində Bakı şəhərində doğulmuşam. Orta məktəbi 2015-ci ildə bitirdim; Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyindən məzunuyam. Həmin ilin sentyabr ayında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və  əyani əsaslarla  SABAH qruplarında təhsil almışam. 2019-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib, bır sıra dövlət və özəl müəssisələrdə hüquqşünas kimi çalışdım. Ötən ilin sentyabrından magistr təhsili almaq üçün Belçikaya gəldim. Hazırda burada KU Leuven Universitetində “Beynəlxalq və Avropa Biznes Hüququ” üzrə təhsil alıram. 

 

-Bakalavr təhsili müddətində dərslərə hazırlığınız necə idi? Nə kimi aktivlikləriniz olub?

 

-Qeyd etdiyim kimi, bakalavr təhsilimi Bakı Dövlət Universitetinin Hüquq fakültəsində almışam. Tələbə olduğum dövrdə iki il Hüquq Fakültəsi Tələbə Gənclər Təşkilatının sədri kimi fəaliyyət göstərmişəm. Bu təşkilat çərçivəsində “Hüquq Olimpiadası”, “Hüquqi Xəmsə”, “Hüquq Jurnalı”, “Hüquq Klinikası” və s. bu kimi bir sıra layihənin təşkilatçısı və koordinatoru funksiysını yerinə yetirmişəm. 2019-cu ilin yanvarında Bakı Dövlət Universiteti Elmi Şurasının qərarı ilə “İlin ən yaxşı tələbəsi” mükafatına layiq görülmüşəm. Həmçinin fakültənin akademik və ictimai həyatında aktiv fəaliyyətə və yüksək göstəricilərə görə fakültə Elmi Şurası tərəfindən Fəxri Fərmanla təltif olunmuşam.

 

-Magistr pilləsi üzrə xaricdə təhsil almağa necə qərar verdiniz? Niyə Məhz Belçika? Müraciət prosesiniz haqqında bir az danışardız...

 

-Xaricdə magistr təhsili almağı bakalavr təhsilimin III  kursundan planlaşdırırdım. Düşünürdüm ki, ixtisasımı daha da təkmilləşdirməli, dil biliklərimi artırmalı, xarici təcrübəni və Avropa hüquq təhsilini öyrənməliyəm. Bunun üçün də təhsilimi davam etdirməyə qərar verdim və Belçikaya gəldim. Belçikadan başqa bir sıra Niderland, Avstriya, İngiltərə universitetlərinə də müraciət etmiş və qıbul almışdım. Amma sonra qərarım Belçikanın KU Leuven Universiteti oldu. Hər şeydən əvvəl ölkə kimi Belçika və Leuven şəhəri Avropanın mərkəzindədir. Bir çox beynəlxalq təşkilatlar, qurumlar, mərkəzlər məhz Brüsseldə yerləşir. Bu baxımdan Belçika Avropa dəyərlərini, təcrübəsini öyrənmək üçün ideal yerdir deyə bilərəm. İkincisi, KU Leuven qəbul olduğum universitetlər içərisində ən reytinqlisi və təhsil haqqı ən aşağı olan idi. Universitet dünya reytinqində 45-ci, Hüquq fakültəsi isə 30-cu yerdə qərarlaşıb. Bütün bunlardan başqa, KU Leuven sırf bir tələbə universitetidir. Belə ki, tələbələrin rahatlığı, öyrənməsi üçün lazım olan hər şey ən yüksək səviyyədə təchiz olunub. 

 

Universitetə müraciət prosesində bakalavr diplomumu, transkriptimi, həmçinin 3 rekommendasiya və 1 motivasiya məktubunu, IELTS (7.0) sertifikatını və CV”ni göndərmişdim. Bundan sonra qəbul olunduğum qərarını bildirmişdilər və sonrakı mərhələdə lazım olan digər texniki sənədləri göndərmişdim.

 

 

Belçikada tələbə olmağın nə kimi müsbət və mənfi tərəfləri var? Bu ölkədə təhsil sizə nələr qazandırdı?

 

-Belçikada tələbə olmağın tək mənfi tərəfi, yəqin ki, öz ölkəndən, ailəndən, dostlarından uzaq olmağındır, deyərdim. Müsbət tərəfləri isə saymaqla bitməz. Bu ölkədə ali universitet təhsili çox yüksək səviyyədədir. Texniki təchizatdan tutmuş, dərs proqramına qədər, müəllimlərindən tutmuş. bütün inzibati və akademik heyətə qədər hər şey çox peşəkar dizayn olunub. Buna görə də, burada tələbə olarkən həm mənəvi, həm elmi baxımdan çox şey öyrənirsən və özünü bir gənc kimi inkişaf etdirmək üçün geniş imkanlara sahib olursan. 

 

-Hazırda bütün dünyada pandemiya davam edir. Orada vəziyyət necədir? Pandemiya şəraitində təhsil müəssisələrində dərs prosesi necə tənzimlənir,nə kimi tədbirlər görülür?

 

-Pandemiya, təəssüf ki, buradakı təhsil həyatına da öz təsirini göstərir. Tələbə həyatı, dərsdənkənar proqramların təşkili məsələlərində bir az problemlər olur. Amma indi keçən ilə nisbətən xeyli açılmalar var. Xüsusən də vaksinin tətbiqindən sonra yoluxmalarda xeyli azalmalar və məhdudiyyətlərin aradan qaldırılması müşahidə olunur. Məsələn, indi dərslər tamlıqla universitetdə keçirilir və ara məsafəsi gözləmədən hər bir tələbə dərsdə iştirak edə bilər. 

 

 

-Xaricdə təhsil aldğınız müddətdə bura ilə bağlı ən çox nə üçün darıxırsız?

 

-Bir çox digər xaricdə təhsil alan tələbə həmkarlarım da razılaşar ki, xaricdə ən çox darıxdığımız şeylər yeməklərimizdir. Çünki bizim mətbəx, həqiqətən də, dünya çapında möhtəşəm və əvəzolunmazdır. Buna görə də, yeməklərimizin qədrini bilməliyik. Amma darıxdığımız şeylər arasında, təbii ki, ölkədəki dostlarımızı, ailələrimizi, yaxınlarımızı da unuda bilmərik. Bir də qəribə də olsa, deyim ki, bəzən Azərbaycanda olan problemlər üçün də darıxır adam. Məsələn, tıxacı, şəhərin sıxlığı, gündəlik həyatdakı çətinliklər və s. də bəzən adamın yadına düşür.

 

-Azərbaycanda bakalavr, Belçikada magistratura təhsili sistemi ilə tanışsız. Bu iki ölkənin təhsil sistemi arasında əsas fərqlər sizcə nələrdir? Təhsilimizdə nə kimi boşluqlar görürsüz?

 

-Bunu digər xaricdə oxuyan tələbələr də təsdiq eləyər ki, təəssüf ki, bizim təhsil sistemi heç yaxşı vəziyyətdə deyil. Xüsusən də, bakalavr təhsilinin tədrisində çox ciddi problemlər var. Bunu bəlkə ölkədə hiss eləmirik, amma xarici universitetləri gedib görəndə başa düşürsən ki, hələ çox geridəyik. Təhsil sistemləri arasındakı fərqlər, mövcud problemlər saymaqla bitməz. Düşünürəm ki, bu barədə dövlət orqanları, tələbələr, alimlər və cəmiyyətdəki ziyalıların iştirakı ilə çox genişmiqyaslı müzakirələr açılmalı və ciddi işlər görülməlidir. Köhnə sovet təhsil sisteminin qəlibləşmiş əzbərçilik tərzindən çıxıb Avropanın məntiqi-anakitik düşünmə, prosesləri qiymətləndirə bilmə, sərbəst fikrini ifadə edə bilmə bacarıqlarına keçməliyik. Monoton mühazirələrdən, əzbərlənib imtahanlarda yazılacaq mətnlərdənsə, beyin işlədəcək tapşırıqlar, diskussiyalı seminarlar daha effektivdir. Tələbələrimiz qiymət üçün yox, həqiqətən öyrənmək üçün oxumalıdırlar. Müəllimdən lazımi bilikləri tələb etməli, maksimum səviyyədə araşdırma aparmağa, özlərini inkişaf etdirməyə çalışmalıdırlar.

 

 

-Son olaraq sizin kimi xaricdə təhsil almaq istəyən gənclərə nə kimi tövsiyələriniz olar?

 

-Son olaraq xaricdə təhsil almaq istəyən hər bir tələbəyə uğurlar arzu etmək istərdim. Əgər, doğrudan da, belə niyyətləri varsa, üstünə düşsünlər, vaxtlarını düzgün dəyərləndirsinlər, imkanlardan səmərəli yararlansınlar. Ən mühümü də müraciət edib oxumaq istədikləri ixtisasları, universitetləri əvvəlcədən yaxşıca araşdırıb sonra getsinlər. Əvvəllərdə çətinlikləri ola bilər, amma əmin olsunlar ki, yekundə əvəzolunmaz və zəngin bir təcrübə qazanacaqlar.