Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-06 18:03:00
Xaricə təhsilə maraq xeyli dərəcədə artacaq - Ekspert səbəbləri açıqladı

Pandemiya təhsilin bütün istiqamətləri ilə yanaşı xaricdə təhsilə də ağır zərbə vurdu.

 

Həm Azərbaycanda. Həm də dünyanın əksər ölkələrində COVİD-19 səbəbi ilə yaranan uzun fasilədən sonra ali təhsil müəssisələri fəaliyyətini əyani olaraq bərpa etdi.

 

Bəs bu il xaricdə təhsilə maraq necə dəyişdi? Hazırda bu sahədə vəziyyət necədir?

 

Xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu AzEdu.az-a açıqlamasında mövzu ilə bağlı hazırki vəziyyəti dəyərləndirib:

 

“Belə demək  olar ki, 2021-ci il xaricdə təhsil üçün o qədər də uğurlu və həvəsli görünmədi. Buna səbəb kimi  vaksinasiya prosesi, universitetlərin bir müddət bağlı qalması kimi amilləri misal göstərmək olar. Qeyd etmək lazımdır ki, pandemiya dövründə xaricdəki universitetlər də Azərbaycan universitetləri kimi tələbələrin üzünə qapılarını bu ildən açdı. Bunların bəzilərində, elə qonşu Türkiyəni nümunə götürək, vaksinasiyadan keçməyən tələbələrin universitetə daxil olması, dərslərdə iştirakına qadağanın qoylması ilə bağlı qərar verildi. Bu səbəblə düşünürəm ki, növbəti, yeni tədris ilində xaricdə təhsilə daha da maraq artacaq”.

 

Ekspert 2007-2015-ci illər arası həyata keçirilən Dövlət Proqramından da danışıb:

 

“Bildiyimiz kimi, Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli 2090 saylı Sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı” həyata keçirilmişdi. Daha sonra bu layihənin müddəti bitdi və indi isə Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında növbəti Sərəncam imzalandı. Prezidentin bu sərəncamı ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi proyekti çərçivəsində proses uğurla davam etdirilir. Düşünürəm ki, bu Sərəncam tələbələrin xaricdə təhsiol alması, ölkəmizdə mütəxəssislərin yetişməsinə davamlı olaraq dəstək verəcək”.

 

Ekspert növbəti Dövlət Proqramında əsas üstünlüyün hansı təhsil pillələrinə veriləcəyini vurğulayaraq səbəbləri açıqlayıb:

 

“2007-2015-ci illəri əhatə edən Dövlət proqramı da innovativ və yaxşı proqram idi. Proramda xüsusi bir əhəmiyyət yox idi, ancaq burada əsas yaradıcılıq, məsuliyyət tələbənin üzərinə düşür. Proqramla bağlı detallar, hansı ixtisaslara daha çox yer veriləcəyi ilə bağlı öhdəlik Təhsil Nazirliyinin öhdəsinə düşür. Ancaq burada müraciət edən tələbənin üzərinə daha çox məsuliyyət düşəcək. Çünki hansı universitet, ixtisası seçəcəyi, maraq dairəsi olan sahələr üzrə istiqamətlənməsi  tələbənin özündən asılıdır. Düşünürəm ki, növbəti Sərəncamın imzalanmasında əsas məqsəd magistratura və doktorantura pilləsində bizdə hansı sahələrdə çatışmazlıqlar var, yaxud çatışmazlıqlar olmasa belə innovativ, təşəbbüskar kadrlara ehtiyacın olmasıdır. Bununla əlaqəli olaraq düşünürəm ki, əsas təqaüd imkanları magistratura və doktorantura pilləsi üzrə müraciət edəcək namizədlər üçün nəzərdə tutulacaq. Ancaq detallar açıqlandıqdan sonra hər şey daha aydın olacaq”.