Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-30 10:16:00
“Xaricdə təhsil almaqdan imtina etdim ” - 700 bal toplayan abituriyent

Bu ilin qəbul imtahanında 700 bal toplayan ­­­­­­­­­­­­­­­­­İlqar ­Məmmədov Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib. 

Modern.az müsahibəni təqdim edir: 

- İlqar, özünüz haqda bir az danışın. 

- Mən 2001-ci ildə Bakı şəhərində anadan olmuşam. İlk təhsilimə 160 nömrəli Klassik gimnaziyada başlamışam. 5-ci sinifdən isə təhsilimi İlyas Əfəndiyev adına Elitar gimnaziyada davam etdirmişəm. Sonda buranı qırmızı attestatla bitirmişəm. 

- Niyə I qrupa üstünlük vermisiz? 

- Dəqiq fənləri daha çox sevdiyimə görə I qrupa üstünlük verdim. 

- Ən çox hansı fənni və nə üçün sevmisiz? 

- Daha çox riyaziyyatı sevmişəm, mənə riyaziyyata olan həvəs isə ailədən gəlib. 

- Qəbul imtahanında göstərdiyin uğura görə kimə təşəkkür edərdiz? 

- Qəbul imtahanında göstərdiyim uğura görə valideynlərimə, bütün müəllimlərimə, direktor Sevda xanıma və bir də ibtidai sinif müəlliməm Lalə müəlliməyə öz təşəkkürümü bildirirəm. 

- Ali məktəblər arasında niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiz? 

- Azərbaycandakı ali təhsil müəssisələri arasında tədris səviyyəsi, laboratoriya imkanları və bir çox başqa xüsusiyyətləri ilə fərqləndiyi üçün təhsilimi BANM-da davam etdirmək istəyirəm. Həm də bu universitet ingilis dilli kadrlar, mühəndislər hazırlayır. Ümumiyyətlə, BANM və onun fəaliyyətilə tanış olduqdan sonra mən xaricə gedib orada təhsil almaqdan imtina etdim. 

- BANM-da hansı ixtisası seçdiz? 

- Mən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçəcəm. 

- Niyə məhz BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil almağa qərar verdiz? 

- Məncə gələcəyi daha parlaq olan ixtisas “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasıdır. Həm də ölkəmizdə ən çox ehtiyac duyulan və müasir ixtisasdır. 

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz? 

- Boş vaxtlarımda dostlarımla görüşməyi və gəzməyi xoşlayıram. Həmçinin idmanla da məşğul oluram. 

- BANM-ı bitirdikdən sonra planlarınız nədir? 

- BANM-ı bitirdikdən sonra təhsilimi xaricdə davam etdirmək istəyirəm. 

- Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır? 

- İnsanın uğur əldə etməsi üçün çalışqanlıq və yaxınlarının dəstəyi çox vacibdir. Uğura gedən yolda səbrli olmaq, özünü motivasiya etmək və kiçik uğursuzluqlara aldanıb yolundan dönməmək lazımdır. 

- Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz? 

- Mən bütün abituriyentlərə çox çalışmağı, uğur qazanacağına inanmağı məsləhət görürəm və hamısına uğurlar arzulayıram.