Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-06 17:05:00
Sədr müavini hiddətləndi: “Siz Azərbaycan və azərbaycançılıq üçün nə etmisiniz?!”

 

 

“Vətənpərvərlik  hansı millətə mənsub olmaq, hansı dildə təhsil almaq və düşünməklə ölçülmür...”

 

Vətənpərvərlik qədəmlərini basdığın, suyunu içdiyin torpağa bağlılığınla sədaqətinlə, xidmətinlə ölçülür.

 

Rus dili və bu dilin tədrisi və təbliğı ilə bağlı heç vaxt nəinki yazı yazmışam, heç bu fikirdə belə olmamışam. Sadəcə, məsələnin gündəmə gəlməsi ilə bağlı mənə ünvanlanan aidiyyatı suallara öz subyektiv fikirlərimi bildirməyi vətəndaşlıq mövqeyi baxımından özümə borc bilmişəm. Nə isə...Keçək məsələnin məğzinə, sözümün canı nədir? Yəni, əsasən xaricdə oturub, “Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız”, “Dövlət hesabına rusdilli təhsil ləğv edilsin!” və s. bu kimi çağırışlar edənlər etsin. Kim nə deyə bilər, bir halda ki, fikir plyuralizmi deyilən  bir anlayış var. Ancaq, “Rus dilinin ayağı zəncirli kölələri və kölələrin kölgələri” kimi milləti aşağılayıcı ibarələrlə təhqir edən sapı özümüzdən olan baltaların məkrli məram və niyyətlərinin nə olduğunu hələ də özüm üçün aydınlaşdıra bilmədiyimdən, nəhayət imkan tapıb, bəzi mülahizələrimi bölüşdürməyi lazım bildim.

 

Aydınlaşdıra bilmədiyimdən deyəndə ki, əslində aydın olmayan qaranlıq bir şey yoxdur. Bu əqidəlilər millilik pərdəsi arxasında millətçilik toxumu səpənlərdir. Əgər, bunlarda vətənpərvərlik hissi, “milli məfkurə”, “milli təfəkkür”, “milli düşüncə”, “milli kimlik”- bunu necə adlandırırıqsa, adlandıraq hissləri burada yaşayanlardan daha güclüdürsə, onda  biz də işimizi bilək və şələ-küləmizi yığışdırıb, köçək xaricə və orada məskunlaşıb, “milli kimliyimizdəki” əyər-əskiyimizi düzəldək. Yox, əgər belə bir fikrimiz yoxdursa, onda, onların dəyirmanına su töküb, sosial şəbəkələrdə niyə özünüzə əl qatmışıq..!? Yəni, siz xaricdə yaşayanlar, biz daxildə yaşayanlardan təhsilimizin problemlərini bu qədərmi çox bilirsiz, yoxsa bizim büdcə kəsirləri ilə üz-üzə qala biləcəyimizdən narahatlıq keçirirsiz?

 

Bir də ki, bizim peşmançılığımızdan sizə nə? Kimin nə kimi peşman olub, olmayacağını  proqnozlaşdırmaq onun öz şəxsi işidir. Əgər, peşman olanların sayı peşman olmayanların sayından nəzərə çarpacaq dərəcədə fərqlənəcəksə, onda bu problem öz-özünə həllini tapacaq. Bir də ki, hansı birimiz hansı birimizin peşmançılığına şərik çıxmışıq ki... “Milli fəallar” özləri də yaxşı bilirlər ki, qızışdırdıqları məsələnin kökündə rus dili deyil, rus dövlətinə, rus millətinə olan münasibət durur. Ancaq, bilməyənlər yəqin onu da bilməmiş deyillər ki, ucsuz-bucaqsız Rusiya təkcə, Kirovdan, Qorbaçovdan, Yazovdan, Jirinovskidən ibarət deyil. Təkcə, son Qarabağ savaşında nə qədər, rus siyasilərinin, şərhçilərinin, digər ziyalılarının Azərbaycanın yanında olduğunu, Qarabağ həqiqətlərini bütün dünyaya çatdırdıqlarını bilənlər elə kifayət edər.

 

Bir görün “milli düşüncəli” saxta vətənpərvərliyimiz nə həddə çatıb ki, dünənimizin, bu günümüzün, bilavasitə şahidi olduğumuz millili vətənpəvərlərlik nümunələrini bir kənara qoyub, biz nə ilə - Puşkin, Tolstoy, Dostoyevski bir yana, Suvorovun, Kutuzovun, Uşakovun və digər bir çoxlarını  “milliləşdirərək” özümüzünküləşdirməklə məşğuluq. Digər tərəfdən də, birdən kimsə bunlara uyub, məsələn, Dostoyevskinin adını çəkəndə, dərhal ona “ruspərəst” damğası vururuq. Hətta iş o yerə çatıb ki, Rus imperiyasının qurucusu I Pyotru da özümüzünküləşdirmək cəhdlərimiz var .

 

“Milli düşüncə təəssübkeşlərinə” onu da xatırlatmaq yerinə düşər ki, bir dəfə Stalinə yarınmaq üçün bir qrup tanınmış tarixçi alimlər və ziyalılar yanına gəlib deyirlər ki, İosif Vissarionoviç, bəs 1812-ci il Vətən müharibəsinin qəhrəmanlarından olan Baqration mənşəcə gürcüdür. Bəlkə, tarixi səlnamələrdə onu gürcü kimi təqdim edək. Stalinin cavabı bilirsiz nə olur? Baqration Rusiyanın müdafiəsi üçün vuruşub və tarixdə rus sərkərdəsi olaraq da qalaçaqdır. 

 

Yəni, millətcilik hissinə ifrat dərəcədə qapılaraq, elementar bir həqiqəti dərk etmirik ki, vətənpərvərlik hansı millətə mənsub olmaq, hansı dildə təhsil almaq və düşünməklə ölçülmür, Vətənpərvərlik qədəmlərini basdığın, suyunu içdiyin torpağa bağlılığınla sədaqətinlə, xidmətinlə ölçülür...

 

Elə olmasaydı, Respublikamızda yaşayan, digər müxtəlif dillərdə danışan azsaylı xalqların nümayəndələri torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün, ərazi bütövlümüzün təmin olunması üçün canlarını qurban verməzdilər, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməzdilər. Və ya, Azərbaycan dilində təhsil alan, Dövlət hesabına xaricdə təhsil almağa göndərilən vətəndaşlarımızın hamısı da olmasa, böyük əksəri təhsilini başa vurduqdan sonra xaricdə qalmaq sevdasından əl çəkib, ölkəmizə qayıdardılar.

 

Baxaq görək, Azərbaycan dilində təhsil alıb, xaricdə özünə sığınacaq taparaq, ölkəmizin ünvanına hədyan və böhtan yağdıran üzdəniraq soydaşlarımız çoxdur, yoxsa Respublikamızı ləyaqətlə təmsil edən, Azərbaycan həqiqətlərini fəaliyyət göstərdikləri ölkənin geniş ictimaiyyətinə çatdırmaqla məşğul olan rusdillilərimiz? Gəlin, emosiyalara qapılaraq, şəxsi ambisiyalarımızı bir kənaraq qoyub, millət və xalqlar arasında nifaq salmağa hesablanan “dil” ilə “dövlət” anlayışlarını bir-birinə calaq edib, məsələyə siyasi don geyindirməyək, səbəb-nəticə əlaqələrinə açıq gözlə baxaq.

 

Bəlkə, xarici jurnalistlərin “Siz russunuzmu” sualına “Bəli, mən rusam, Azərbaycan isə mənim vətənimdir. Mən də azərbaycanlıyam, bu torpağın çörəyini yemişəm, suyunu içmişəmsə, ona da xidmət etməliyəm” cavabını verən, Göyçay rayonunda anadan olan, Nizami rayonundakı 229 nömrəli məktəbdə rus dilində təhsil alan, cəbhə xəttindən anasına göndərdiyi şəkilin arxasına “Qarabağ mənim vətənimdir, iftixarımdır, sevincimdir, kədərimdir” kəlmələrini yazan, Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdarkən düşmən atəşinə tuş gələrək, şəhid olan rus əsilli Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun Vətənə xidmət etməyin nə olduğunu göstərən şücaətini vətənpərvərlik nümunəsi hesab etmirik?

 

Bəli, vətənpərvərlik, milli düşüncə hansı millətə mənsub olmaq, hansı dildə təhsil almaq, danışmaq və düşünməklə ölçülmür. Vətənpərlik qədəmlərini basdığın, suyunu içdiyin torpağa sədaqətinlə, xidmətinlə ölçülür. Albert Aqarunov kimi yüzlərlə yəhudi, ləzgi, tat, talış və digər azsaylı xalqların nümayəndələri yaşadıqları torpaqların düşmən tapdağından azad olunması üçün çanlarını fəda edib, şəhidlik zirvəsinə yüksəldilər. Daim 23 yaşında qalacaq Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova ucaldılan möhtəşəm abidənin yanından keçəndə qürur hissi keçirirsən ki, azərbaycan torpağı necə oğullar yetişdirib və onlar Vətənə xidmətlərini, canları, qanları hesabına ödəməyi necə öz vətəndaşlıq borcları hesab ediblər.

 

Keçmiş sovetlər birliyində SSRİ-nin 15 Respublikasını təmsil edən 20 komanda arasında Bakının “Neftçi” klubunun 3-cü yeri tutaraq, Azərbaycan futbolunun bütün tarixi ərzində ilk dəfə bürünc medallara sahiblənməsində müstəsna rolu olan, o zamankı böyük ölkənin yığma komandasında Respublikamızı təmsil edən əfsanəvi Anatoli Banişevski də milliyətcə azərbaycanlı deyildi. Adı dillərə düşən malakan əsilli beynəlxalq dərəcəli bu futboluçunu Braziliya, İngiltərə Fransa, İtaliya kimi ölkələr öz nüfuzlu komandalarına cəlb etmək üçün, ona ən yüksək şərtlərlə dəvət göndərsələr də özünə doğma saydığı “Neftçi”ni tərk etmədı, doğulduğu torpaqda içdiyi suya, kəsdiyi duz-çörəyə xilaf çıxmadı. Bakıda doğulmuşdu, Bakıda da öldü.

 

Buruq ustası Mixail Kaveroçkin də rus idi. 1904-cü ildə Hazırki Qobustan rayonunun Mərəzə kəndində anadan olmuşdu. 1920-ci ildə 16 yaşında əmək fəaliyyətinə başlamış, 1947-ci ildən yeni yaradılan dəniz qazma trestində sıravi fəhlə, buruq ustası işləməyə başlamışdı. Onun briqadası sahildən kənar açıq dənizdə kəşfiyyat işləri apararkən, indiki “Neft daşları” ərazisində zəngin neft ehtiyatları olduğunu müəyyənləşdirdi.  Bu çətin və məsuliyyətli işi görmək üçün seçim Kaveroçkinin üzərində dayandı. 1949-cu ilin martında kiçik motorlu qayıq Kaveroçkinin qazma briqadası ilə Bakıdan 100 km aralıda yeləşən Qara daşlar sahəsinə yan aldı. Bu uzaqlıqda açıq dənizdə onlarla kilometr uzanan kiçik və sərt qayalıqlarda, çətin hidrometeroloji şəraitdə hələ heç kim qazma işləri aparmamışdı.  1948-ci ilin noyabrında dərinliyi 468 metr olan quyuların birindən neft fontan vurdu. Bu, o vaxtlar üçün dəniz quyuqazma praktikasında dünyada ən yüksək göstərici idi. 1957-ci il noyabrın 22-də fırtınalı gecədə güclü dalğalara tab gətirməyərək dağılan dəniz özülü özünün nəhəng metal hissələri altında növbədə olan Kaveroçkin və onun briqadasının 22 üzvünü əbədi sükuta qərq etdi. Bu gün bütün dünyada Polad dirəklər üzərində şəhər kimi tanınan, büdcəmizə milyardlar gətirən “Neft daşları”  ilk növbədəbu bu cəsur dəniz kəşfiyatçısının və onun briqadasının adı ilə bağlıdır.

 

“Milli kimlikli” vətənpərvərlər, siz nə etmisiz Azərbaycan üçün, azərbaycançılıq üçün...?!

Ardı var