Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-29 14:47:00
Dövlət qulluğuna qəbul imtahanı başa çatıb

Dövlət İmtahan Mərkəzi tərəfindən 29 iyul 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahana qeydiyyat iyulun 2-dən 27-dək aparılıb və bu müddət ərzində 38 namizəd qeydiyyatdan keçib. 

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində keçirilib və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. 

İmtahanda 37 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AA4 vəzifə altrqrupu üzrə 1 nəfər, AB1 vəzifə altqrupu üzrə 1 nəfər, AB2 vəzifə altqrupu üzrə 1 nəfər, AB3 vəzifə altqrupu üzrə 2 nəfər, AC3 vəzifə altqrupu üzrə 7 nəfər, AC4 altqrupu üzrə isə 6 nəfər olmaqla, ümumilikdə 18 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb. 

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. 

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün iyulun 30-dan avqustun 10-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

 ali təhsil haqqında sənədin surəti;

əmək kitabçasının surəti (olduğu halda)

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir. 

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. 

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 30-31 iyul və 1 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).