Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-03 10:59:00
Azərbaycan gənclərinin xarici universitetlərdə təhsil almasının əhəmiyyəti  

Azərbaycan gənclərinin xaricdə təhsil ənənəsinin əsası ümummilli lider Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə qoyulub. Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almaq üçün ittifaq daxilindəki respublikaların universitetlərinə göndərilib. Təhsil alaraq geri dönən azərbaycanlı gənclər milli kadrlar kimi ötən əsrin 70-80-ci illərində ölkəmizin ittifaq daxilində sosial-iqtisadi, elmi-mədəni inkişafını təmin etmişlər. Onlar Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu işində yaxından iştirak etmiş, ən müxtəlif sahələrdə - siyasətdə, iqtisadiyyatda, sənayedə, kənd təsərrüfatında, elmdə və təhsildə ölkəmizin ümumi inkişafına töhfələr vermişlər. Ulu Öndərin bu uzaqgörən siyasətinin nəticəsi idi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin milli kadrlarla təminatı baxımından heç bir çətinliklə qarşılaşmayıb.

Milli təhsilə qayğı, onun bütün sahələrinin hərtərəfli inkişafı, eyni zamanda, azərbaycanlı gənclərə xaricdə təhsil imkanlarının yaradılması Prezident İlham Əliyev tərəfindən davam etdirilib. 2003-cü ildən başlayaraq Azərbaycan təhsilinin inkişafı üçün geniş hüquqi baza yaradılıb, infrastrukturu müasirləşdirilib, maddi-texniki bazası zənginləşdirilib, təhsil müəssisələrinin kadr potensialı artırılıb, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq qurulub, təhsilin forma və məzmununda, idarəetməsində nailiyyətlər əldə edilib, bir sözlə təhsildə keyfiyyət təmin olunub.

Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən əsası qoyulmuş “qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, bu çərçivədə gənclərin qabaqcıl xarici təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə geniş imkanlar yaradır. Məhz Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” 2006-cı il 19 oktyabr və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 2007-ci il 16 aprel tarixli sərəncamlarına uyğun olaraq minlərlə azərbaycanlı gənc təhsilin müxtəlif pillələri üzrə dünyanın ən nüfuzlu universitetlərində təhsil alıb, geri döndükdən sonra işlə təmin olunub və Azərbaycanın intellektual kadr potensialının inkişafını təmin ediblər.

Son illərdə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, qlobal çağırışlara və hədəflərə qoşulması, xüsusən də Dördüncü Sənaye İnqilabına transformasiyası yolunda tutduğu istiqamət, dövlət idarəetməsində institusional islahatların davam etdirilməsi, sosial innovasiyaların tətbiqi, elmdə, təhsildə, tibdə, hərbi sahədə, sənayedə və aqrar sektorda, eləcə də dövlətin müxtəlif qurumlarında və strukturlarında çalışan həyati fəaliyyətə hazır kadrların təminatını zəruri edib. Bu baxımdan ölkəmizin dinamik inkişafına uyğun olaraq dövlətin və cəmiyyətin müasir düşüncəli, bilikli, bacarıqlı və yüksəkixtisaslı kadrlara ehtiyacı yaranıb.

Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” 2021-ci il 30 sentyabr tarixli Sərəncamı mütərəqqi bir hüquqi sənəd olaraq əvvəlki dövlət proqramında olduğu kimi bu dəfə də minlərlə azərbaycanlı gəncin dünyanın qabaqcıl və ən nüfuzlu universitetlərində təhsil almasına, öz ixtisasları üzrə həyati fəaliyyətə hazır kadrlar kimi yetişməsinə əlverişli şərait yaradacaq.
Xaricdə təhsil almağa göndərilən hər bir gəncin həm də ölkəsinin qeyri-rəsmi təmsilçisi olduğunu nəzərə alaraq deyə bilərik ki, təhsil müddətində gənclərin akademik mühitdə dünyanın müxtəlif ölkələrindən olan gənclərlə qurduqları əlaqələr və qazandıqları dostlar növbəti illərdə Azərbaycana daha yeni imkanlar qazandıracaq. Bu cür münasibətlər gələcəkdə Azərbaycanın dostlarını daha da artıra, diaspor quruculuğu işində isə ölkəmizə yeni imkanlar qazandıra bilər.

Xarici universitetlərdə təhsil alan gənclər vətənə döndükdən sonra, həmçinin akademik fəaliyyətlə məşğul olacaqlar ki, bu da Azərbaycan təhsilinin inkişafına və ali təhsil müəssisələrimizin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyasına daha bir təkan olacaq. Onlar yüksəkixtisaslı savadlı kadrlar kimi insan kapitalının milli sərvətimizdə payını böyüdəcək, ölkəmiz üçün hələ ki qeyri-ənənəvi hesab olunan sahələrin inkişafında böyük rol oynayacaqlar.

Ali təhsildə qlobal tendensiyaları və dəyişən paradiqmaları tədris prosesində tətbiq edən nüfuzlu universitetlərin məzunu kimi ölkəmizə qayıdan hər bir gənc postpandemiya və yeni strateji dövrün çağırışlarına uyğun olmaqla, milli inkişaf məqsədlərimizi nəzərə almaqla Azərbaycanın rəqabətqabiliyyətli və davamlı iqtisadi inkişafına öz töhfəsini verəcək.
Azərbaycan gənclərinin ehtiyac duyulan istiqamətlər üzrə qabaqcıl xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alması ilə yüksək intellekt cəmiyyətimizin əsas güc mənbəyinə çevriləcək, biliyə əsaslanan iqtisadiyyatın qurulması və innovativ cəmiyyətin formalaşması prosesi sürətlənəcək.

Müasir biliklərə və təcrübəyə malik yüksəkixtisaslı gənclərin təhsillərini bitirdikdən sonra ölkəmizə qayıdışı ənənəvi sahələrin inkişafına, qeyri-ənənəvi sahələrin isə yaranmasına səbəb olacaq, cəmiyyətimiz müasir düşüncəli milli kadrlarla zənginləşəcək.
Yuxarıda qeyd olunanlar da nəzərə alınarsa, Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” 2021-ci il 30 sentyabr tarixli Sərəncamı Azərbaycan təhsilinin və respublikamızın gələcək inkişafına hesablanan, strateji əhəmiyyətə malik sənədlərdən biri hesab edilməlidir.

 

AZƏRTAC