Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-02 18:00:00
4782 nəfər ixtisas seçimi ərizəsini təsdiqlədib

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə sentyabrın 29-dan başlanan ixtisas seçimi davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, ixtisas seçimi oktyabrın 3-ü saat 23:59-dək internet vasitəsilə aparılacaq.

 

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidirlər. Bu gün saat 14:50-dək ixtisas seçimi etmiş abituriyentlərin sayı (Azərbaycan bölməsi - 4696; rus bölməsi - 86) 4782 nəfər olub.

 

Xatırladaq ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.

 

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

 

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər. Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.