Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-02 17:23:00
Təhsildə yeni çağırışlar müzakirə olunub

“Təhsildə yeni çağırışlar” II Beynəlxalq Forumu təşkil olunub.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, forumda açılış nitqi ilə çıxış edən təhsil naziri Emin Əmrullayev forumun əhəmiyyətini yüksək qiymətləndirdiyini qeyd edib. Forumda müzakirə ediləcək məsələlərin Azərbaycan təhsilinə böyük töhfə olacağını dilə gətirib. Təhsil naziri fərqli ideyaların paylaşılmasının vacibliyinə toxunub.

 

Azərbaycanda təhsil prosesinin yeni reallıqlarla üzləşdiyini qeyd edən Emin Əmrullayev postkonflikt dövründə yeni imkanların yarandığını, indiki nəslin yaxşı təhsillə təmin olunması üçün imkanların genişləndiyini bildirib. Nazir, eyni zamanda, COVID-19 pandemiyasının təhsil prosesinə təsirlərindən söz açıb. Yeni texnologiyalardan istifadəni müsbət hal kimi qiymətləndirib.

 

Daha sonra “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru Cəfər Mənsimi beynəlxalq forumun məqsədi və vəzifələri barədə məlumat verib. Bildirib ki, bu forum Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəbul olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutur.

 

Beynəlxalq forumda PISA-nın (Program for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) direktoru Andreas Şleyxer, məşhur professor, yazıçı, tədqiqatçı Filip Kotler, Toronto Universitetinin fəxri professoru, “Dərin öyrənmə” nəzəriyyəsinin yaradıcısı Maykl Fullan, dünyada məşhur “edX” platformasının qurucusu Anant Aqarval, psixoloq, yazıçı Azra Kohen, qlobal səviyyədə tanınan “Khan Academy”nin qurucusu Sal Xan təqdimatlarla çıxış edərək öz təcrübələrini bölüşüblər.

 

“Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutan beynəlxalq forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, XXI əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edir.

 

Qeyd edək ki, “Təhsildə yeni çağırışlar” II Beynəlxalq Forumu “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə keçirilib. Forumun informasiya tərəfdaşı “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalıdır.