Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-29 12:45:00
İspaniyada təhsil standartları - Universitetlər və illik ödənişləri

Güclü təhsil sisteminə malik ölkələrdən biri də İspaniya Krallığıdır. Bu  ölkədə təhsil dövlət tərəfindən və özəl fondlar hesabına maliyyələşdirilir.

AzEdu.az İspaniya təhsili barədə digər məlumatları təqdim edir:

İspaniyada çoxsaylı beynəlxalq məktəb fəaliyyət göstərir. Bu məktəblər əsasən ödənişli əsaslarla təhsil təklif edir. Bu məktəblərin hər birinin ayrıca tədris proqramı var. Beynəlxalq ali məktəblərə Amerikanın orta məktəb diplomu ilə də daxil olmaq mümkündür.

İspaniyada universitetləri Centro adlandırırlar. Ölkənin ən qədim ali məktəbi isə Salamanka Universitetidir və 1218-ci ildən fəaliyyət göstərir. Hazırda İspaniya ali məktəblərində təxminən 1,5 milyon tələbə təhsil alır. Ali təhsil sisteminə Elm və Təhsil Nazirliyi nəzarət edir. Bununla yanaşı, ölkənin 17 muxtar regionu üzrə ali təhsil müəssisələrinə yerli qurumlar cavabdehlik daşıyır.

Ölkədə 50 dövlət, 25 özəl universitet var.

Ali məktəblərə qəbul olunmaq üçün orta məktəb məzunları qəbul imtahanı verirlər. Özəl universitetlərdə təhsil ödənişlidir.Təhsil haqqı universitetdən asılı olaraq dəyişir. Dövlət  universitetlərdə təhsilin qiyməti 1000-3000 avro arasında, özəl universitetlərdə isə universitet , şəhər və ixtisasa görə 6000-20000 avro arasında dəyişir.

Təhsil haqqı yerli əhali və Avropa İttifaqı ölkələrindən olan tələbələr üçün xeyli aşağıdır. Həm yerli, həm də əcnəbi tələbələrə qrant və təqaüdlər ayrılır. Universitetlərdə təhsil müddəti 4 il, tibb və bəzi ixtisaslar üzrə isə 6 il davam edir. Ali təhsildə Boloniya sisteminin tələbləri əsas götürülür.

Ali təhsil proqramları bakalavr, magistr və doktorantura pillələrindən ibarətdir.

Bakalavr üzrə təhsil almaq istəyənlər üçün orta təhsil haqqında attestat və  9, 10, 11-ci siniflərdə keçirilmiş saatlar və qiymətlər haqqında çıxarış tələb olunur. Magistrlər üçün ali təhsil haqında diplom, doktorlar üçün isə magistr diplomu və ali təhsil haqqında diplomun verilməsi vacibdir.

İspaniyanın ali məktəblərində təhsil almaq üçün ispan dilini bilmək əsas şərtlərdən biridir. Buna görə də burada təhsil almaq istəyən  əcnəbilər ispan dili üzrə imtahan verirlər. (D.E.L.E. ispan dili üzrə imtahan)  Müvafiq imtahanlar mayda və dekabrda keçirilir. Əcnəbi tələbələr, İspaniyada ali təhsil müəssisələrində oxuyan tələbələrin ümumi sayının 3 faizini təşkil edir. Onlar da əsasən Avropa İttifaqına daxil olan ölkələrdən gələn tələbələrdir.

İspaniyaya səfər edən şəxslər istər birdəfəlik, istərsə də  çoxdəfəlik viza almaq üçün 35 avro rüsum ödəməlidir.