Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-30 13:03:00
Universitetlərdə yaranan sıxlıq problemi necə aradan qaldırıla bilər? –Ekspertlər DANIŞDI

 

Sentyabrın 29-u  uzun müddət sonra  ali təhsil  müəssisələrində əyani tədris bərpa olundu.

 

Ancaq  hazırki  pandemiya  şəraitində  tələbə sayının  çox  olduğu  bəzi  universitetlərin giriş  hissəsində  izdiham müşahidə olunur.

 

Həmin  universitetlər  mətbuata  açıqlamalarında  yaranan sıxlığın  giriş  hissədə  COVİD-19  pasportlarının  yoxlanılması zamanı  təbii olaraq  müşahidə olunduğunu, tələbələrin  valideynləri  ilə  birlikdə gəlməsini, ilk gün  olduğu  üçün sıxlıq  yaranmasının  normal  olduğunu, daha  sonra  bu  halların müşahidə edilməyəcəyi  bildiriblər.

 

Bəs  bu  universitetlər  nədə səhv edirlər? Bu sıxlığın  aradan qaldırılması üçün nə kimi tədbir  görmək olar?

 

Mövzu ilə bağlı AzEdu.az-a  danışan təhsil eksperti Elşən Qafarov  universitetlərin  buna əvvəldən hazır olmalı olduğunu bildirirək problemin həlli üçün öz təklifini dilə gətirib:

 

“Universitetlər tədris ilinin başlamasına hazır olmalı idilər. Artıq  sentyabrın əvvəlindən  həmin təhsil müəssisələrində əyani tədrisə  29-u tarixində start veriləcəyi elan olunub. Sıxlığın yaranmaması  üçün  bütün təhsil müəssisələrində, o cümlədən də universitetlərdə bir neçə giriş-çıxış təmin olunmalıdır.Təhsil müəssisələrinin  hər birində, həmçinin universitetlərdə yanğından mühafizə çıxışları var. Yəni təhsil müəssisələrinin sadəcə bir çıxış və girişi yoxdur. Belə fövqəladə vəziyyətlərdə növbəliliyin, sıxlığın yaranmaması, sosial  məsafənin  gözlənilməsi məqsədi ilə  müəssisələr müxtəlif giriş və çıxışlardan istifadə etməlidirlər. Məsələn, müxtəlif  kurs və ixtisaslar  üzrə ayrı giriş-çıxış  təmin  etmək və  bunu  həmin  zamanlarda tələbələrə elan etmək olar”.

 

Ekspert  bildirib ki, elementar  məqamlar nəzərə alınmadığına görə belə problemli  situasiya yaranıb:

 

“Bu  kimi  vasitələrlə  təhsil müəssisələrinə giriş-çıxışı  rahat şəkildə təmin etmək olardı. Amma görünən odur ki, bunu etmək ağıllarına gəlməyib. Reallıq odur ki, əslində bu problem deyil. Sadəcə belə desək  elementar  məqəmlar  nəzərə  alınmadığına görə burada problemli situasiya yaranıb. Qısa müddətdə, elə günü sabahdan  bütün ali təhsil  müəssisələri, o cümlədən də ümumi təhsil məktəbləri sıxlığı aradan qaldırmaq, sosial məsafəni gözləmək məqsədi ilə bir neçə girişdən  və çıxışdan istifadə etməldirlər. Beləliklə çox sadə şəkildə bu problem aradan qalxacaq”

 

Son olaraq  ekspert,-“ Nəinki  ali məktəblərdə, həmçinin  bizim ümumi təhsil məktəblərimizdə də bu problem var”-deyə  vurğulayıb.

 

Təhsil eksperti  Elçin Əfəndi  sıxlığın xüsusi ilə tələbələrin çox olduğu universitetlərdə müşahidə olunduğunu bildirərək bu problemin səbəblərini  açıqlayıb:

 

“Bir il yarım sonra  artıq tələbələr əyani dərslərə başladılar. Amma təəssüf ki, dərslərin ilk günü demək olar ki, universitetlərin  əksəriyyətinin qarşısında sıxlıq yarandı. Daha çox  böyük tələbə kontingentinə malik olan universitetlərdə biz bu problemi müşahidə etdik. Xüsusi ilə BDU,UNEC və ADNSU kimi böyük universitetlərdə giriş-çıxışın bir qapıdan təmin olunması  tələbələr üçün böyük çətinlik yaratdı.  Sıxlığın yaranmasının  əsas  səbəblərindən biri  pandemiya ilə əlaqədar olaraq tələbələrdən koronavirus  əleyhinə  peyvənd  pasportunun tələb olunması idi. Eyni zamanda digər bir məsələ də xüsusi  ilə  birinci kurs tələbələrinin yanında  onların valideynlərinin, qohumlarının, yaxınlarının olmasıdır  ki, bu da müəyyən qədər sıxlığa  şərait  yaratdı”.

 

Ekspert  bu məsələdə həm universitet, həm də  tələbələrin məsuliyyətli  davranmalı olduğunu bildirərək problemin həlli üçün çıxış yollarından danışıb:

 

“Düşünürəm ki, qarşıdakı  günlərdə də bu sıxlıq  müşahidə olunacaq. Çünki  tələbələrin universitetlə  tanışlıq  müddətində, azı iki  həftə  yaxınları  da  onlarla birlikdə universitetə gəlib-gedəcək. Bunun qarşısının alınması üçün universitetlər müvafiq olaraq  ehtiyat qapıları  da  açmalı, mühafizə  və  yoxlanış prosesini  həyata keçiriən  şəxslərin sayını  artırmalıdırlar. Bununla  yanaşı  hər  bir  tələbə  evdən  çıxdığı  zaman  şəxsiyyət vəsiqəsi, tələbə bileti, peyvənd  pasportu kimi  ondan tələb  olunacaq  sənədləri mütləq özü ilə götürməlidir. Doğrudur, birinci kurs tələbələri hələ ki, tələbə biletlərini əldə etməyiblər, ancaq  tələb olunan digər sənədləri mütləq özləri ilə götürməlidirlər. Çünki  əks  təqdirdə  bu da müəyyən qədər sıxlığın yaranmasına səbəb olur. Bütün  bu  problemlər, yaranan sıxlıq   universitetlərin yerləşdiyi  küçə və prospektlərdə  nəqliyyatın  iflic  olmasına  da  gətirib  çıxarır. Ona görə  də  bu kimi problemlərin  qarşısını  almaq  üçün  istər  universitetlər, istərsə də tələbələr məsuliyyətli davranmalıdırlar”.

 

Ekspert  son olaraq  tələbələrin peyvənd pasportunun olub-olmaması haqqında məlumatların öncədən  sistemləşdirilməsinin  daha  əlverişli olacağını vurğulayıb:

 

“Bir daha qeyd edim ki, vəziyyətdən yeganə  çıxış  yolu universitetlərin ehtiyat qapılarının  açılması, mühafizə  xidməti, yəni yoxlanış  prosesini həyata keçirən şəxslərin sayının  artırılmasıdır. Ən azı  iki  həftə  müddətində  bu  qaydalara riayət olunmalıdır. Eyni zamanda  tələbənin  peyvənd  pasportunun  olub –olmaması  haqqında məlumatın  sistemləşdirilməsi  arzuolunandır. Beləliklə  bu  yoxlanışı elektron formada həyata keçirmək daha əlverişli olacaq. Temperatur və sənədlərin girişdə  tək-tək yoxlanılması  əlavə vaxt  itkisinə, nəticədə bu da sıxlığın yaranmasına səbəb olur”.