Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-30 12:04:00
Universitetlər tələbə sıxlığının qarşısını almaq üçün bu addımları atacaqlar – Mətbuat katiblərindən cavab

Sentyabrın 29-u uzun müddət sonra  Azərbaycan universitetlərində əyani dərslər bərpa olundu.

 

Ancaq  pandemiyadan  müdafiə, əyani tədrisin  davamlılığının təmin edilməsi, universitet heyətinin sağlamlığının qorunması kimi səbəblərlə  ali təhsil müəssisələri tədrisin təşkili ilə bağlı yeni qərarlar qəbul edib.

 

Həmçinin,  ilk  dərs  günü  təhsil  müəssisələrinin girişində  tələbələrin vəsiqəsi, COVİD-19 pasportu, immun və əks göstəriş sertifikatlarının tək-tək yoxlanılması  zamanı  bəzi  universitetlərdə yaranan sıxlıq  izdihama səbəb olub.

 

Bəs  universitetlərdə  yeni  tədris  ilində  dərslər  necə keçiriləcək? Universitetlərdə yaranan sıxlıq necə aradan qaldırılacaq?

 

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova bu gün  AzTU-da sıxlığın müşahidə  olunmadığını  bildirib:

 

“Bu gündən ali məktəblərdə tədrisin əyani formada təşkilinə qərar verilib. Sentyabrın 22-də isə Nazirlər Kabineti ali məktəblərdə dərslərin təşkili qaydası ilə bağlı qərarını açıqlayıb. Həmin qərara uyğun olaraq AzTU-da auditoriyalardan eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla (tələbələr arasında 1 metr məsafə saxlanılmaqla) istifadə olunacaq. Professor-müəllim heyətinin eyni zamanda, müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılacaq. Sıxlıq  yaranmaması üçün tələbələrin universitetə daxil olması iki ayrı qapıdan həyata keçirilib”.

 

Mətbuat katibi  universitetdə mühazirələrin onlayn, məşğələlərin isə əyani olacağını bildirib:

 

“Azərbaycan Texniki Universitetində (AzTU) tədris həm ənənəvi, həm də onlayn təşkil olunub. Həftənin 1,3 və 5-ci günləri dərslər onlayn olacaq. Həmin günlər mühazirə dərsləri keçiriləcək. Məşğələ dərsləri isə həftənin 2-ci və 4-cü günləri ənənəvi formada təşkil ediləcək. Sentyabrın 29-u 3-cü gün olduğu üçün 2,3 və 4-cü kursların dərsləri onlay təşkil olunacaq. 1-ci kurslar isə universitetə tanışlıq üçün dəvət olunub. Birinci kursların əksəriyyətinin 18 yaşı tamam olmadığı üçün onlardan COVID-19 pasportu tələb olunmur”.

 

O universitetdə tələbələrin yoxlanılması prosesindən danışıb:

 

“İlk olaraq tələbələrin temperaturu yoxlanılır. Bunun üçün hər qapıda 10 əməkdaş xidmət göstərir. Bundan başqa girişdə dezinfeksiya tuneli quraşdırılıb. Bu həm temperaturu ölçür, həm də dezinfeksiya edir. Bundan başqa hər iki girişdə ümumilikdə 10 ədəd turniket quraşdırılıb.  Onu da qeyd edim ki, turniketdən istifadə etmək üçün tələbələrə smart kartlar paylanılır. Tələbələrin COVID-19 pasportu da həmin smart karta inteqrasiya olunub. Bu da o deməkdir ki, turniketdən istifadə zamanı vaksinasiyadan keçən və keçməyən tələbələr  (18 yaşdan yuxarı) avtomatik müəyyən olunur. 18 yaşdan yuxarı COVID-19 pasportu və ya immun sertifikatı olmayan tələbələr universitetə buraxılmayacaq. Qeyd edim ki, artıq tələbələrin 83%-i, müəllim və əməkdaşların isə 92%-i vaksinasiyadan keçib”.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin  Mətbuat və informasiya  şöbəsinin müdiri Nəcibə  Mirzəyeva  bu gün ilk gün olduğu üçün müəyyən qədər sıxlığın müşahidə olunmasının gözlənilən olduğunu bildirib:

 

“Bu gün  bütün ali təhsil müəssisələrində olduğu kimi Azərbaycan Memarlıq  və İnşaat Universitetində də  əyani dərslər bərpa olundu. Yəni bu gün uzun müddət sonra ilk dəfə  universitet qapılarını tələbələrin üzünə açdı, çox sevincliyik. Çünki  uzun müddət həsrət qaldığımız tələbələrimizin gənclik coşqusu, səs-küyləri universitetimizi bürüdü, bu, bizim üçün sevindirici haldır. Mənim də sosial şəbəkələr vasitəsilə bu gün bəzi universitetlərin qarşısında sıxlığın yaranması ilə bağlı məlumatım oldu. Bu təbii haldır, nəzərə alaq ki, uzun müddətdir dərslər olmayıb, bu gün ilk gündür. Eyni zamanda  pandemiyadan müdafiə  qaydalarına uyğun olaraq tələbələrin yoxlanması  sadə bir proses  deyil. Ona görə bu izdihamın müşahidə  olunacağı gözlənilən idi.Buna baxmayaraq  ilk  dərs  günü  bizim  universitetdə  çox ciddi bir sıxlıq  müşahidə olunmadı, çünki  əvvəlcədən  bunları  nəzərə  alaraq  müəyyən tədbirlər görmüşdük. Belə ki, Tələbə  Həmkarlar  İttifaqının  təşkilatçılığı  ilə  universitetin  aktiv  və  yuxarı  kurs  tələbələri  hər  bir  fakültənin  adının  qeyd  olunduğu  lövhə  ilə  universitetin  girişində  dayanmışdılar. Bu xüsusi  ilə  də  birinci  kurslar  üçün  nəzərdə  tutulmuşdu. Çünki  birinci  kursların  əksəriyyətinin yaşı 18-dən aşağı olduğu üçün onlarda COVİD-19 pasportu yoxlanılmır. Bu  proseslə  bir  onların  rahat  şəkildə  universitetə  daxil  olması  və  öz  fakultələrinə, auditoriyalarına yerləşmələrini təmin etmiş olduq. Digər  tələbələrdən  isə  təbii olaraq  hər  gün  COVİD-19 pasportu, immun və əks  göstəriş  sertifikatları tələb olunacaq, bu  yoxlanışı  da universitetin mühafizə xidməti  həyata keçirir”.

 

Şöbə müdiri  AzMİU-da  dərslərin  hansı  formada  təşkil ediləcəyini açıqlayıb:

 

“Bu gün ilk gün olduğu üçün bir  qədər  sıxlıq  müşahidə oluna bilər. Ancaq ümid  edirik ki, növbəti günlərdə  bu sıxlıq təkrarlanmayacaq. Çünki  AzMİU-da dərslər  hibrid  formada təşkil olunacaq. Əsasən mühazirələr  onlayn  formada təşkil olunacaq. Belə ki, tələbə həftədə 2 gün onlayn dərslərdə iştirak edəcək, 3 gün isə  universitetdə ənənəvi dərslərə qoşulacaq. Bu səbəblə  qarışıqlıq  müşahidə  olunmayacaq. Bu  gün  universitetlərdə  müəyyən  qədər  sıxlığın  müşahidə olunması  ilk gün olduğu üçün təbiidir. Düşünürəm ki, bu irad tutulmamalıdır,normal prosesdir, gözlənilən idi. Bununla  yanaşı,  universitetin  bütün korpusları dezinfeksiya olunub, tədris prosesinə tam hazır şəkildədir. Korpusların  hər bir mərtəbəsində  dezinfeksiya  vasitələri yerləşdirilib. Mühafizə xidmətləri əlcək, maska və temperatur ölçənlərlə təmin olunub. Tələbələrin hər birindən maska taxmaq tələb olunacaq, maskasız olanlara isə mühafizə xidməti tərəfindən maskalar təqdim olunacaq. Auditoriyalarda tələbələr arasında  sosial  məsafələrə  də  diqqət ediləcək. Bu qaydalara ciddi riayət  olunması  təkcə tələbələrin deyil. Müəllimlərin sağlamlığı üçün də  çox  vacib  əhəmiyyət  kəsb edir”.

 

Azərbaycan  Dövlət  Neft və Sənaye Universitetinin  İctimaiyyətlə  əlaqələr və Marketinq şöbəsinin direktoru  Bəhruz Nəzərov  tədrisin davamlılığının təmin edilməsi məqsədilə universitetdə görülən tədbirlərdən danışıb:

 

“Azərbaycan  Dövlət  Neft və Sənaye Universitetində sentyabrın 29-dan etibarən əyani tədrisə start verilib. Universitetə  tələbələrin giriş-çıxışının  sıxlıq  yaranmadan  rahat  şəkildə  həyata keçirilməsi məqsədi ilə  5 hissədən giriş-çıxış üçün  şərait  yaradılıb. Hər  girişdə  avtomatik  dezinfeksiya  avadanlıqları quraşdırılıb, tələbələrin  hərarətinin məsafədən ölçülməsi üçün termovizorlarlar  yerləşdirilib. Nazirlər  Kabineti  yanında Operativ Qərərgahın  tələblərindən  biri  də  ali təhsil müəssisələrinin  auditoriyalarında  tələbələrin sayının 70%-dən artıq olmamasıdır. Bunu  nəzərə  alaraq  və sosial  məsafənin  də  təmin edilməsi  məqsədi  ilə  belə  bir  haşiyəyə  də  çıxılıb  ki, universitetlərdə  tələbələrin  sosial  məsafə nəzərə  alınaraq  yerləşdirilməsi  müəssisələrin öz  ixtiyarına  buraxılıb”.

 

Direktor universitetdə dərslərin təşkili qaydası  və  yolxuma halının müşahidə oluanacağı halda alınana tədbirlər haqqında məlumat verib:

 

“ADNSU-da  web   auditoriya  sistemi mövcuddur. Daha yeni  audio, video  avadanlıqların  alınması  ilə onlayn formatda  tədrisə qoşulan tələbələrin maksimal dərəcədə canlı  dərs  efekktini yaradan tədris təşkil olunub. Dərslər  alt-üst həftələrə uyğun  təşkil olunur. Məsələn, qrupda 30 nəfər var, onlardan 20-si  əyani şəkildə dərsdə iştirak edir, qalan 10 nəfər isə onlayn formatda  qoşulur. Bu iki  həftə belə davam edir, daha sonra onların yeri dəyişir. Qalan hissə universitetə gəlir, digər hissə isə onlayn formatda dərsə qoşulur. Bu  proses  bizə  müəyyən imkanlar  yaradır. Məsələn, növbəti günlərdə yolxuma arta, hətta tələbələr arasında da yolxuma halları  müşahidə oluna bilər. Bu zaman həmin  tələbə  proqramdan geri qalmadan  dərslərə onlayn formatda qoşula bilər. Eyni zamanda  yolxuma halı baş verərsə  həmin  tələbənin qrup  yoldaşları 3 gün ərzində COVİD-19 testi verməlidir. Testin nəticəsini gözlədiyi müddətdə, həmçinin digərlərinin də testinin pozitiv çıxacağı halda  dərslərdə onlayn  olaraq  iştirak etməsi onlar üçün əlverişli olacaq. Nəticə olaraq tələbələr dərslərdən geri qalmır. Tələbə sayı 15—dən az olan qruplarda dərslərin tam şəkildə əyani formada təşkili təmin edilir”.

 

 Direktor son olaraq, -“Pandemiya şəraitində hər hansı bir problemə yaranacağı təqdirdə məsələnin operativ şəkildə  həlli ilə bağlı işçi qrupu fəaliyyət göstərir. Bununla  bağlı  olaraq  korpusların hər bir  mərtəbəsində təcrid olunma üçün otaqlar ayrılıb”-deyə bildirib.

 

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı  universitetdə onlayn dərslərin təşkilinin nəzərdə tutulmadığını bildirib:

 

“Bu gündən etibarən  digər  ali təhsil  müəssisələrində olduğu kimi Azərbaycan Dillər Universitetində də tədris əyani olaraq bərpa olundu. ADU-da  onlayn dərslərin təşkili nəzərdə tutulmur. Düşünürük ki, tədrisin təşkilində hər hansı bir problem və çətinlik olmayacaq. İstisna hallar yaranarsa  birbaşa müdaxilə ediləcək. Tələbələrin  normal  şəkildə təhsil  olması  üçün  hər cür  şərait  yaradılacaq,necə ki, indiyə qədər bu addımlar atılıb.18 yaşdan yuxarı bütün tələbələrdən birmənalı olaraq COVİD-19 pasportu tələb  olunacaq, pasportu olmayan tələbələr universitetə  buraxılmayacaq”.

 

Şöbə müdiri yoxlama zamanı sıxlıq yaranmasının mümkün olduğunu bildirib:

 

“COVİD-19 pasportu universitetin inzibati binasının girişində mühafizə xidmətinin əməkdaşları tərəfindən  tələb olunur. Tədris prosesində hər hansı bir sıxlığın olması mümkündür. Çünki  yoxlanış prosesi bir qədər vaxt aparır. Amma biz  bu sıxlığın  qarşısının alınması və əlavə çətinliyin yaranmaması üçün bütün üsullardan istifadə edirik”.

 

Lənkəran Dövlət Universitetinin Mətbuat və İnformasiya  xidmətinin rəhbəri  Esmira  İsmayılova  universitetdə hər fakultənin ayrı tədris binasında yerləşdiyini və ayrı giriş-çıxışının olduğunu bildirib:

 

“Nazirlər Kabinetinin qərarına  əsasən  2021-2022-ci tədris  ilində  tədris,təlim-tərbiyə prosesinin  əyani formada təşkil edilməsi nəzərdə tutulmuşdur. Bu gün LDU-da ilk dərs günü oldu, dərslər bütün qaydalara uyğun olaraq  tam əyani keçirildi. Dərslər arasında fasilələr artırıldı, yəni  hər dərs  arasında  10 dəqiqə, növbələr arasındakı fasilə isə 50 dəqiqəyə qaldırılıb. Bu tələbələr üçün kifayət qədər  uzun zamandır. Onu da bildirim ki, bizdə hər fakultənin özünü  binası var və giriş-çıxışları ayrıdır. Yəni ümumi bir giriş yoxdur, tədris binaları ayrıdır. Həmin binalara daxil olarkən tələbələrin sənədləri  yoxlanılır, hərarətləri  ölçülür.Biz özümüz  də  ali təhsil müəssisəsi olaraq  maraqlıyıq  ki, tədrisin əyani formada təşkili davamlı olsun, yoluxma halı qeydə alınması. Bu istiqamətdə sanitar-gigiyena  qaydalarına tam əml  olunur”.

 

Xidmət  rəhbəri  növbələrarası müddətin  50 dəqiqəyə çatdırılmasının səbəbini açıqlayıb:

 

“Növbələr arasındakı zaman  müddətinin  50  dəqiqəyə  çatdırılması əsas  məqsədi  məhz  hər hansı bir  sıxlığın  yaranmamasıdır. Belə ki, birinci növbə tələbələr  universitet binasından tam ayrıldıqdan  sonra  ikinci  növbə  heç bir problem yaranmadan universitetə rahatlıqla daxil ola bilsin. Hər fakultənin ayrıca tədris binasının olması  bu  baxımdan  çox  əlverişlidir”.

 

Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi  Qurban Qurbanzadə  bildirib ki, universitetdə dərslərin hibrid formada  keçirilməsi nəzərdə tutulub:

 

“Artıq bu gündən ənənəvi tədrisə geri qayıtdıq. Mingəçevir Dövlət Universiteti olaraq Nazirlər Kabinetinin qərarına uyğun olaraq müvafiq qaydalar çərçivəsində biz də ənənəvi tədrisə yenidən başladıq. Dərslərin keçirilmə qaydasında hibrid formanın tətbiqi nəzərdə tutulub. Tələbələrin universitet binasına daxil olmaları zamanı tələbə bileti ilə yanaşı , yaşı  18-dən yuxarı olan  tələbələr üçün COVID-19 pasportu və ya immunitet sertifikatı tələb olunur. Həmçinin tələbələrin bədən hərarəti ölçülür. Bu gün heç bir neqativ halla qarşılaşmadığımızı məmnunluqla bildirmək istəyirəm”