Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-29 16:37:00
Şagird nisyə siqaret verməyən satıcını bıçaqladı – MƏHKƏMƏ İŞİ  

Mətndə çəkilən adların hamısı şərtidir...

Elvin yetkinlik yaşına çatmayıb, yeniyetməlik xarakterinin ona verdiyi qürur və özünütəsdiqetmə kimi hallar Elvində də müşahidə edilir.

O, Bakının Maştağa qəsəbəsindəki məktəblərin birində 9-cu sinifdə təhsil alır. Amma orta təhsilini tamamlamaq ona qismət olmayacaq. Niyə? Çünki adam bıçaqlayıb...

 

AzEdu.az məhkəmə istintaqının materialları əsasında həmin cinayət hadisəsinin təfərrüatını təqdim edir.

Elvində siqaretə aludəçilik də yaranıbmış, o, zaman-zaman məhəllədəki ərzaq mağazasından nisyə mal, əsasən də siqaret götürürmüş.

Hələ ki, nisyə alış-veriş mağaza sahibi Rəhmanla Elvin arasında mübahisə yaratmayıb, çünki Elvin nisyə götürdüyü malların pulunu vaxtında ödəyib.  

Ancaq necə olursa...

Günlərin bir günü, daha dəqiq desək 2021-ci il mart ayının 28-də Elvin yenidən Rəhmana yaxınlaşır, ondan nisyə mal istəyir: 60 qəpiklik günəbaxan tumu, bir də siqaret.

Amma Rəhman birdən hirslənir, istintaqa ifadəsində bu hirslənməyinin səbəbini isə izah etməyib.

Yaranan emosional haldır, hamıda olur. Qəfil gələn qəzəb Rəhmanın ifadələrinə sirayət edir.

Rəhman övladı yaşında, bəlkə ondan da kiçik olan Elvinin üstünə qışqırır. “Pulun olanda başqa mağazaya gedirsən, borc lazım olanda mənim yanıma gəlirsən, rədd ol buradan!” deyir.

Bu söz Elvinə toxunur, o da hirslə deyir: “Sən kimsən mənə rədd ol deyirsən?”.

Rəhman sakitləşmir, ifadələrində sərtlik və vulqarlıq çoxalır. Elvinin söz altında qalmadığını görəndə “rədd ol buradan küçük!” deyir, üstəlik onun valideynlərinin ünvanına təhqiramiz ifadələr işlədir.

Elvin bu sözləri həzm etmir, hissləri ağlını üstələyir, geri dönən Rəhmanın boynunun ardına bir yumruq ilişdirir. Rəhman hər iki əli ilə yeniyetmənin yaxasından tutur, onu “gör sənin başına nə oyun açacağam” deməklə hədələyir.

Elvin qorxur, Rəhmanın ona pis bir şey edəcəyi ehtimalını göz önünə gətirib əlini piştaxtadakı bıçağa atır. Dalbadal Rəhmana bir neçə bıçaq zərbəsi endirir və qaçır.

Hadisə ölümlə nəticələnmir, Rəhman xəstəxanaya çatdırılır, bu zaman Elvin bıçağı yolüstü qarşısına çıxan bataqlığa atır və yol kənarında olan su kranında əlini yuyur. Telefonu da söndürüb bir neçə gün yoxa çıxır, polislər isə onu axtarır. Əməlindən peşman olub aprelin 3-də evə gəldikdə isə atası polislərə məlumat verir və Elvin polisə aparılır.

İstintaq materiallarında göstərilir ki, tərəflər barışıb və Rəhmanın qarşı tərəflə bağlı heç bir şikayəti yoxdur.

Amma Bakı Ağır Cinayətlər Məhkəməsi Elvinin azadlıqdan məhrum edilməsi üçün hökm çıxarır.

Bu il sentyabrın 22-də məhkəmə Elvini Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək üç il müddətinə azadlıqdan məhrum edir.(oxu/az)