Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-28 10:50:00
 Rusdilli təhsilin hansı problemləri var?- Kadr çatışmazlığı, zəif nəticə-TƏHLİL  

 

“700 bal toplayanların arasında rus bölməsində təhsil alan bircə məzun belə yoxdur”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, təhsil eksperti Aqşin Məmmədov deyib.

 

 

Belə ki, son günlər sosial şəbəkələrdə valideynlərin övladlarının təhsili üçün rus bölmələrini seçməsi məsələsi gündəmdədir.

 

 

 

Aqşin Məmmədov məsələyə aydınlıq gətirib:

 

 

“Son illərdə məktəbəhazırlıq kurslarına və 1-ci sinifə qəbul prosesi üzrə aparılan müşahidələr göstərir ki, cəmiyyətdə uşaqların rus dilində təhsil almasını istəyən valideynlərin sayı artır. Təhsil Nazirliyinin və Bakı Şəhər Təhsil İdarəsinin verdiyi açıqlamalardan da aydın olur ki, valideynlərin bu istəyinin nəticəsində Bakı və Abşeron məktəblərinin rus bölməsində yerlər çatışmır.

 

 

İlk növbədə cəmiyyətdə bu marağın yaranmasını şərtləndirən amillərə diqqət yetirmək lazımdır. Uşaqlarının rus bölməsində təhsil alamasını istəyən valideynlər Azərbaycan bölməsində təhsilin nisbətən aşağı səviyyədə olması, yeniliklərin daha çox rus dilində olması və rusdilli müəllimlərin daha intellektual olması ilə əlaqələndirirlər.

 

Valideynlər düşünürlər ki, rus dili uşağının karyera qurması üçün ən vacib amillərdən biridir. Bundan başqa, Azərbaycandan kənara, daha yaxın coğrafiyaya çıxdıqda rus dili lazım olur. Postsovet respublikası olduğumuzdan cəmiyyətdə rus dilində danışıq var və s”.

 

 

Təhsil eksperti rusdilli siniflərin təhsil səviyyəsindən söz açıb:

 

 

“Lakin valideynlərin bu məqamda unutduğu bir neçə məqam var. Birincisi, Azərbaycan təhsil sisteminin hər nə qədər problemləri (xüsusilə kurikulumu, müasir təhsil trendlərini,yenilikləri mənimsəməklə bağlı) çox olsa da, şagirdlərin ali və orta ixtisas məktəblərinə qəbulunda böyük üstünlük Azərbaycan bölməsi tərəfindədir.  Belə ki, son 15-20 il ərzində Azərbaycan bölməsində təhsil alanların qəbul imtahanlarında göstərdiyi nəticələr (xüsusilə 600-700 balarası) rus bölməsilə müqayisədə dəfələrlə yüksəkdir.

 

700 bal toplayanların arasında rus bölməsində təhsil alan bircə məzun belə yoxdur.

 

İkincisi ölkədə rusdilli pedaqoji kadrların, müəlimlərin sayı çox azdır. Yəni, son illər kadr hazırlığı kəskin şəkildə aşağı düşüb. Tələblə təklif arasında böyük bir fərq müşahidə edilir. Xüsusilə təbiət elmlərində çox böyük boşluq var. Fizika, riyaziyyat, kimya üzrə rusdilli müəllimlərin sayı çox azdır. 

 

 

Qeyd edim ki, hazırda ölkədə 340 orta məktəbdə tədris rus dilində aparılır. Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Rusdili məktəblərdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir. İxtisaslı kadrlarla təmin edilmə baxımından kifayət qədər ciddi rəqəmdir.

 

Burada belə  bir sual ortaya çıxır: Niyə valideynlər ingilisdilli məktəbləri yox, məhz təhsili rus dilində olan məktəbləri seçirlər? –Cavab çox sadədir: Çünki ingilisdilli məktəblərin təhsil haqqı çox yüksəkdir.  Bu səbəbdən valideynlər uşaqlarını ora yönləndirə bilmirlər. Bundan başqa ingilisdilli məktəblər üçün yetərincə müəllim resursu da yoxdur, bunun ənənəsi də hələ ki tam formalaşmayıb. Lakin, fikrimizcə, bunun ənənəsi mütləq yaradılmalıdır. Niyə valideynlər dünyaya yalnız rus dili vasitəsilə “açılmaq” istəyirlər. Övladınızın karyerasını düşünürsünüzsə, XXI əsrin peşələrinə yiyələnməsini istəyirsinizsə, onları dünyanı dəyişən yeniliklərin yaradıldığı dili öyrədin.

 

 

Məşhur rus pedaqoqu Konstantin Uşinski deyib ki, “Ana dilində təhsil almayan bir uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da, aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir”.

 

 

 

Mən bir ekspert kimi uşaqların rusdilli və yaxud ingilisdilli məktəblərdə təhsil almasının əleyhinə deyiləm, lakin sözüm bu dillərin heç birini bilmədən uşağını bu tip məktəblərə qoyan valideynlərədir. Aparılan müşahidələr göstərir ki, bəzən rusdilli məktəblərdə təhsil alanlar öz doğma dillərində danışa bilmirlər. Ana dilində söz ehtiyatları zəngin olmur, düşüncə tərzləri başqa cür formalaşır.

 

II Qarabağ müharibəsində Qələbəmizi şərtləndirən amillərdən biri də müstəqillik illərində yetişmiş gənclərimizin yüksək vətənpərvərliyi, vətənə bağlılğı idi. Bu işdə müəllimlərimizin, məktəblərimizin böyük rolu olub. Bu tendensiyanı davam etdirməliyik. Ölkəmizin gələcəyi üçün  yeni vətənpərvər insanlar yetişdirməliyik. Unutmayaq ki, “milləti ən təmiz şəkildə uşaqlar təmsil edir. Uşaqlarda millilik öləndə millətin ölümü başlayır”.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları