Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-28 10:00:00
Direktorluğa namizədlərin ən çox “ilişdiyi” suallar – Ekspert komissiya "sirlərini" açdı

 

“Müşahidələrimə əsasən deyə bilərəm ki, direktorluğa namizədlər əsasən, təhsil haqqındakı normativ sənədlər, təhsilin inkişafı üzrə dövlət strategiyasından irəli gələn sualları cavablamaqda çətinlik çəkirdilər.


“İdarəetmədə hansı yenilikləri tətbiq edərdiniz?” salının cavabı zamanı isə bir neçə direktorun konkret strategiyaya malik olmadığı aydın olmuşdu”.


Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti, millət vəkili Etibar Əliyev direktorların işə qəbul imtahanının müsahibə mərhələsi haqda danışarkən deyib.


Belə ki,oktyabrın 1-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsinə start verilir.


Etibar Əliyev bildirib ki, QHT nümayəndələri və təhsil ekspertlərinə müsahibə prosesini izləmək üçün heç bir problem yaradılmır:


“Mən direktorların işə qəbulu komissiyasının tərkibində olmuş, prosesi izləmişəm. O vaxtlar direktorlara verilən suallar məni qane edirdi. Müsahibədə adətən məktəbin idarə olunması, “Təhsil haqqında” qanun, müəllim-direktor münasibətlərinin necə qurulması, normativ təhsil sənədlərinin necə icra olunması ilə bağlı suallar verilirdi. Məni qane edən əsas məqam isə direktorların bioqrafiyaları ilə bağlı idi. Onların bioqrafiyaları dəqiqliklə araşdırılırdı. Bioqrafiyaları imkan verməyən şəxslərin məsələsinə baxılmırdı. Təbii ki, bu zaman bizim mövqeyimiz də nəzərə alınırdı.


Direktorların bioqrafiyası birmənalı şəkildə şəffaf olmalıdır. Bu, dünya təcrübəsində də belədir. Məktəb fəaliyyətlərinin fasiləsiz olmalı, dərs demələri də vacib amillərdəndir. Bu faktorlar direktor seçimində öz sözünü deyir”.


Ekspert direktorluğa namizədlərin müsahibə zamanı çətinlik çəkdikləri sualları da qeyd edib:

 

“Müşahidələrimə əsaslanıb, deyə bilərəm ki, onlar əsasən, təhsil haqqındakı normativ sənədlər, təhsilin inkişafı üzrə dövlət strategiyasından irəli gələn sualları cavablamaqda çətinlik çəkirdilər. “İdarəetmədə hansı yenilikləri tətbiq edərdiniz?” salının cavabı zamanı isə bir neçə direktorun konkret strategiyaya malik olmadığı aydın olmuşdu. Buna baxmayaraq, komissiya üzvləri namizədin bioqrafiyası, imtahanda topladığı bal və digər amilləri nəzərə alaraq, cavab verə bilmədiyi suallara güzəştə gedirlər”.


Ekspertin sözlərinə görə, direktor olmaq istəyənlər müsahibəyə müəyyən qədər hazırlaşıb gəlirlər:


“Dünyagörüşü və peşəkarlıq iş müddətində daha da güclənir. Məktəb direktoru olmaq istəyənlər öncə məktəbin bugünkü problemini bilməli, qarşıda duran vəzifələri dərk etməlidirlər. Təhsil mühitinin saflaşdırılması, yaxşılaşdırılması istiqamətində bilgi və bacarıqları olmalıdır. Direktor şagirdlərin dərsə davamiyyətini təmin etmək, keyfiyyətin yüksəldilməsi yollarını bilməlidir. Məncə, onların bilgilərinin bu istiqamətdə də yoxlanılması vacibdir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları