Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-27 13:00:00
“Əmək bazarının tələblərinə uyğun ixtisaslar azdır və ya...” - Universitetlərə mesaj
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda ixtisaslı işçi qüvvəsindən danışıb. O qeyd edib ki, rəqəmsal transformasiyanı həyata keçirə biləcək mütəxəssislərə ehtiyac var:
 
“Hazırda əmək bazarında çağırışlar çox ciddidir: “Öz sahəsində işləyən ixtisaslı işçi qüvvəsinin sayı gözləntilərimizdən çox azdır. Əlbəttə, burada obyektiv səbəblər də var. Bizdə hələlik qeyri-formal, distant təhsilin iş yerində tam tanınmaması burada faktor rolunu oynayır. Ümumi məşğul əhalinin içində ixtisaslı işçi qüvvəsinin sayı azdır. Dövlətin icra etdiyi proqramlarda da bu, özünü göstərir”.
 
 
AzEdu.az xəbər verir ki, məsələ barədə “Sherg.az”a danışan AzEdu.az portalının baş redaktoru Elmin Nuri bildirib ki, nazirin səsləndirdiyi problem həm də bizim ali təhsil müəssisələrimiz üçün vacib mesaj sayılmalıdır
 
 
“Məsələnin kökündə birbaşa təhsil meyarları, çağdaş universitet modelinin faydalılıq göstəriciləri dayanır. Əmək bazarında ixtisaslı işçi qüvvəsinin azlığı ali təhsil mühitimizin bazar prinsiplərinə, onun tələblərinə, tələb-təklif mexanizminə o qədər də ciddi diqqət etməmələrinin təzahürüdür”.
 
 
Baş yazarın sözlərinə görə bu günün əsas tələbləri olan, iş dünyasında zəruri ehtiyac duyulan ixtisasların bir çoxu Azərbaycan ali təhsil müəssisələrində ya ümumiyyətlə tədris olunmur, ya da çox səthi şəkildə keçirilir:
 
“Burada dərslik, laboratoriya, istehsalat imkanları və ən əsası lazımı kadr çatışmazlığını da göstərə bilərik. XXI əsrin əsas tələbi olan, əmək bazarında ixtisaslı işçi qüvvəsini təmin edən ixtisasların tədris olunmamasının əsas səbəbi budur. Nəticədə itirən isə əmək bazarı olur. Ona görə də S.Babayevin səsləndirdiyi problem həqiqətən də çox aktualdır və sözügedən prosesə xüsusi diqqət yetirilməlidir”.
 
 
 
E.Nuri onu da əlavə edib ki, universitet mühiti öz tədris siyasətində, proqramında əsaslı dəyişikliklər etməlidir:
 
 
“Çox az sayda universitetimiz əmək bazarının, çağdaş tələblərin səsinə səs verərək yeni ixtisasların tədrisinə şərait yaradır. “ADA Universiteti”, Bakı Ali Neft Məktəbi, UNEC, son illərdə də AzTU bu prinsiplərə əməl edir”.
Redaktor inanır ki, digər ali təhsil müəssisələrimiz də bu sıraya qoşulacaq:
 
 
“Nəticədə əmək bazarı sistemindəki ixtisaslı kadr çatışmazlığı getdikcə aradan qalxacaq”.