Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-27 11:37:00
Silahları ilə tarix yazan şəhid təhsil işçilərimiz-FOTOLAR

Bu gün Vətən müharibəsinin başlamasından bir il ötür. Məhz 2020-ci ilin 27 sentyabr tarixi bizi Qarabağa aparan yolun başlanğıcı idi.

 


Torpaqlarımızın azad olunmasında ən böyük təşəkkür ordumuz və əsgərlərimizə düşür. Məhz onların şücaəti nəticəsində biz 30 ildir, həsrətində olduğumuz Qarabağa qovuşduq.

 

Torpaqlarımızın işğaldan azad edilməsində bir çox təhsil işçiləri də iştirak edərək şəhidlik zirvəsinə ucalıb.

 

AzEdu.az şəhid olan təhsil işçilərini təqdim edir:

 

Gəncə şəhəri M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin tarix müəllimi Rəşad Məmmədov  Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

 

R.Məmmədov 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 51 bal toplamışdı və Gəncə şəhər 16 nömrəli tam orta məktəbə tarix müəllimi təyin olunmuşdu:

 

 

Oğuz rayonunun Sincan kənd tam orta məktəbində təşkilatçı vəzifəsində çalışan Rəvan Lətifov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olub.

 

O, 2014-cü ildən Oğuz rayonunun Sincan kənd tam orta məktəbində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı olaraq işləyib:

 

 

İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi, baş leytenant Famil Əhmədzadə Tərtərin Talış-Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.

 

F.Əhmədzadənin təşəbbüsü ilə məktəbdə tarix-diyarşünaslıq muzeyi yaradılıb. İşlədiyi müddətdə öz savadı, mədəniyyəti və istedadı ilə şagirdlərin, müəllimlərin, bir sözlə, hər kəsin sevimlisi olub:

 

 

Lerik rayonunun Sors kənd ümumi orta məktəbinin tarix müəllimi Elgün Quliyev Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

 

O, cari ilin 15 sentyabr tarixindən sözügedən məktəbdə pedaqoji fəaliyyətə başlamışdı:

 

 

 

 

 

Daşkəsən rayonunun Gurbulaq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi Vidadi İsrafilov Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub:

 

 

Təhsil Nazirliyindən  verilən məlumata görə, Cəlilabad rayon Fərzili kənd ümumi orta məktəbinin kimya-biologiya müəllimi Tural Rəhimov Qubadlı rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub:

 

 

 

Təhsil Nazirliyindən verilən məlumata görə, Saatlı Rayon Təhsil Şöbəsinin əməkdaşı, PR üzrə mütəxəssis, baş leytenant Xalid Nəciyev torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə şəhid olub:

 

 

Beyləqan rayonunun Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində 2 ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub:

 

 

 

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları