Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-25 10:00:00
Sabah rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək

Sentyabrın 26-da Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

 

Namizədlər imtahana buraxılış vərəqəsi və imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni DİM-in saytında yerləşdirilmiş müvafiq linkə daxil olaraq çap edə bilərlər.

 

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini və sağlamlıq haqqında bəyannaməni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

 

İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə namizəd tərəfindən imzalanır. Bəyannamə zal nəzarətçisinə təhvil verildiyi üçün ayrıca vərəqdə çap olunmalıdır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün 814 namizəd qeydiyyatdan keçib. Onlardan 553 nəfəri qız, 261 nəfəri oğlandır. 709 namizəd Azərbaycan bölməsinin, 105 namizəd rus bölməsinin, 375 namizəd cari ilin, 479 namizəd isə əvvəlki illərin məzunudur, 4 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 785, Naxçıvan şəhərində isə 29 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 75 zal nəzarətçisi, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Qeyd: Bu mərhələdə iştirak edəcək 814 nəfərdən 305 nəfəri ötənilki imtahanın nəticəsinə görə, 509 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.