Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-24 09:00:00
“Biz “ana dili” və “tədris dili” anlayışlarının fərqini düzgün başa düşməliyik-Rüfət Əzizov

Azərbaycan təhsili müasir inkişaf mərhələsini yaşayır. Orta məktəblərdə ana dilimizlə yanaşı, xarici dillər də tədris olunur. Bu gün ölkəmizdə türk, rus, ingilis, fransız və s. kimi dillərdə və həmin ölkələrin proqramları ilə fəaliyyət göstərən məktəblər və ya bölmələr var. Bunlardan təlim dili rus, ingilis və türk dili olan məktəblər sayca çoxluq təşkil edir. Tədris dili ingilis, rus, türk, fransız olan özəl məktəblərdə təhsilalanların əksəriyyəti azərbaycanlı olduğu üçün həmin şagirdlərin ana dili Azərbaycan dilidir. Eyni zamanda, dövlət ümumtəhsil məktəblərinin digər dillərdə tədris aparılan bölmələrində təhsil alan şagirdlərin mütləq əksəriyyətinin ana dili Azərbaycan dilidir.

 

Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) mütəxəssisləri isə hesab edir ki, buna görə də tədris dili Azərbaycan dili olmayan məktəblərdə dövlət dilinin keyfiyyətli tədrisini təmin etmək üçün islahatların aparılmasına ciddi zərurət var. Bununla bağlı təkliflərə ARTİ-nin Elmi Şurasında baxılaraq Təhsil Nazirliyinə təqdim edilib.

 

AzEdu.az xəbər verir ki, bu fikirlər ARTİ-nin direktoru Rüfət Əzizovun “Azərbaycan dilinin tədrisində nəyi dəyişməli?” adlı məqaləsində yer alıb. Məqalədə bildirilir ki, dil millətin varlığının başlıca göstəricisidir və ana dili hər bir insanın milli kimliyinin, mənəvi, şəxsi, sosial, mədəni və bəşəri dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Ana dilini yaxşı bilən şəxs fikir və düşüncələrini səlis və aydın şəkildə ifadə edə bilir, insanlarla ünsiyyət zamanı çətinlik çəkmir.

 

Ana dilini səlis bilmək həm də müxtəlif əcnəbi dilləri öyrənmək prosesində böyük əhəmiyyətə malikdir. Əgər şagirddə ana dili bacarıqları düzgün şəkildə formalaşarsa, şagird həmin bacarıqlardan digər dillərin öyrənilməsi üçün çox rahatlıqla istifadə edə bilər. Ana dilinin tədrisi zamanı əldə olunan hər hansı bir bacarıq, yeni xarici dil öyrənərkən avtomatik transfer olunur, yəni xarici dildə yenidən həmin bacarıqları formalaşdırmağa ehtiyac yaranmır. Ana dilini mükəmməl bilmək həm də tənqidi təfəkkürün inkişafına müsbət təsir edir, analitik düşünmə, oxuyub-anlama və nitq bacarıqlarının inkişafında mühüm rol oynayır.

 

Erkən yaşlarda ana dilini qurban verərək uşağa əcnəbi dil öyrətmək, yuxarıda qeyd olunan müsbət öyrənmə bacarıqlarından onu məhrum edə və gələcək nailiyyətlərinə mənfi təsir göstərə bilər. Unutmaq olmaz ki, ana dili Azərbaycan dili olan uşağa xarici dil öyrətmək xatirinə evdə xarici dildə danışmağa çalışmaq, həmin uşağı həm ana dilindən məhrum edir, həm də psixososial yöndən mənfi təsir göstərir, eyni zamanda, formalaşan nitq bacarıqlarından səmərəli istifadəni məhdudlaşdırır.

 

“Dövlət dilinin tədrisinə ayrılan dərs saatı ən azı 2 dəfə artırılsın”

 

ARTİ təklif edir ki, təlim dili Azərbaycan dili olmayan ümumtəhsil məktəblərində dövlət dilinin tədrisinə ayrılan dərs saatı ən azı 2 dəfə artırılsın. Ümumi təhsilin yeni dövlət standartlarına əsasən, tədris digər dillərdə aparılan bölmələrdə ikinci xarici dilin tədrisi nəzərdə tutulmur.

 

Belə olan halda əvvəllər ikinci xarici dilin tədrisinə ayrılan 1 saatı dövlət dilinin tədrisinə əlavə edərək, ümumi orta təhsil səviyyəsində dövlət dilinin tədrisini həftədə 3 saata çatdırmaq olar. Həmçinin tədris digər dillərdə aparılan təhsil müəssisələrində dərsdənkənar məşğələlərə ayrılan saatların bir qisminin də Azərbaycan dilinin tədrisi üçün istifadə olunması məqsədəuyğun olar.

 

Bundan əlavə, “Azərbaycan tarixi”, “Çağırışaqədərki hazırlıq” fənlərinin, “Zəfər tarixi” kursunun, “Coğrafiya” və “Ədəbiyyat” dərslərinin Azərbaycan ədəbiyyatı və coğrafiyasına həsr olunan hissələrinin də Azərbaycan dilində keçirilməsi təklifdə əksini tapıb. Eyni zamanda, Azərbaycan bölməsində istifadə edilən Azərbaycan dili dərsliyi və tədris digər dillərdə aparılan təhsil müəssisələrinin Azərbaycan dili (dövlət dili) dərsliyinin məzmunu və məqsədi arasındakı fərqin minimuma endirilməsi məqsədəmüvafiq hesab olunur.

 

“Dərs saatının azlığı şagird marağını azaldırmı?”

 

Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I bəndində qeyd edilir ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.

 

Düşünürük ki, ana dili Azərbaycan dili olan şagird digər dillərdə tədris aparılan bölmədə oxuyaraq Azərbaycan dilini mükəmməl öyrənə bilmir və ya ümumiyyətlə, dövlət dilində fikrini ifadə etmək bacarığını itirirsə, bu amil Konstitusiyada dövlət dilinin tətbiqinə qoyulan həmin tələbin gələcəkdə pozulmasına gətirib çıxaracaq. Azərbaycan dilinin məktəb yaşlarından itirilməsi, şagirdlərin gələcəkdə cəmiyyətə sosial inteqrasiyasında problemlər yaradacaq, eləcə də yuxarıda qeyd olunan öyrənmə bacarıqlarının zəifləməsinə səbəb olaraq sonrakı akademik nailiyyətlərinə mənfi təsir edəcək.

 

ARTİ qeyd olunan problemləri nəzərə alaraq təklif edir ki, təlim müxtəlif dillərdə olan ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi saatları ayrıca və ya inteqrasiya olunmuş şəkildə artırılsın. Sovet dövründən bu yana rəsmi tədris planında digər dillərdə tədris aparılan təhsil müəssisələrində Azərbaycan dilinə cəmi 2 saat ayrılır, yəni həftədə iki 45 dəqiqə. Dərs saatının az olması şagirdlərin dövlət dilinin tədrisinə marağını azaldır, beləliklə, bu fənnə qeyri-ciddi münasibət yaranmış olur. Digər tərəfdən, həftədə 2 saat dil tədrisi zəruri bilik və bacarıqların əldə edilməsinə mane olur. Bu vəziyyətin aradan qaldırılması üçün dövlət dilinin tədrisinə ayrılan dərs saatlarının azı 2 dəfə artırılması məqsədəuyğun olardı.

 

“Biz “ana dili” və “tədris dili” anlayışlarının fərqini düzgün başa düşməliyik...”

 

Pedaqoji heyətə məlumdur ki, təlim dili təhsilin məzmununun özəyidir. Təlim rus (və ya digər) dilində aparılan orta məktəblərdə şagirdlərin təxminən 95 faizi azərbaycanlılar olduğu üçün burada Azərbaycan dili, Azərbaycan tarixi, coğrafiya və ədəbiyyatın öyrədilməsi məsələsinə ciddi önəm verilməli, “ana dili” və “tədris dili” anlayışlarının fərqi düzgün başa düşülməli və bu fərqə düzgün yanaşma sərgilənməlidir. Orta təhsil pilləsində ana - Azərbaycan dilinin tədrisi məsələsi diqqət mərkəzində saxlanılmalıdır.

 

Ümumi təhsilin yeni dövlət standartlarına əsasən dərsdənkənar məşğələlər ümumi təlim saatının 20 faizə qədərini təşkil edə bilər. Bu çox müsbət haldır və tədris planının daha çevik olmasına şərait yaradır. Təlim dili rus (və ya digər) bölmələrində dərsdənkənar saatların bir qismi Azərbaycan dilinin tədrisi üçün istifadə oluna bilər.

 

İstər Azərbaycan bölməsində, istərsə də digər dillərdə tədris aparılan təhsil bölmələrində Azərbaycan dilinin kurikulumu dilin tədrisində dil qaydalarının əzbərlənməsi deyil, şagirdin nitq və idraki bacarıqlarının inkişafı istiqamətində təkmilləşdirilməlidir. Şagirdlərin dilin məntiqini və funksiyasını özlərinin dərk etməsi, öyrəndiklərini şifahi və yazılı nitqlərində istifadə edə bilməsi nəzərdə tutulmalıdır.

 

Bu istiqamətdə ARTİ tərəfindən hazırlanmış ehtiyat dərsliklər yaxşı nümunədir və tədricən ibtidai siniflərdə tətbiq olunur. İbtidai siniflər üzrə hazırlanan I-IV sinif Azərbaycan dili dərsliklərində öyrədilən sözlərdən ibarət orfoqrafiya və izahlı lüğətin hazırlanması şagird nailiyyətlərinin yüksəldilməsinə öz töhfəsini verə bilər. Müəyyən tədris mərhələsində şagirdlərin malik olduqları söz ehtiyatını müəyyənləşdirməyə və uyğun söz bazası əsasında qiymətləndirmə materiallarının hazırlanmasına da ehtiyac var. Şagirdlərin oxuyub-anlama bacarığının inkişaf etdirilməsi üçün onların yaş səviyyəsinə uyğun uşaq ədəbiyyatı vəsaitlərinin kəmiyyətinin artırılması müsbət nəticə verə bilər.

 

Yuxarıda qeyd edilən təkliflər nəzərə alınarsa və dövlət dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təmin edilərsə, Azərbaycan bölməsində istifadə edilən Azərbaycan dili dərsliyi və rus (və digər) bölməsinin Azərbaycan dili (dövlət dili) dərsliyinin məzmunu və məqsədi arasındakı fərq minimuma endirilə bilər. Bu hal, bəlkə də, gələcəkdə hər iki bölmə üzrə dərsliklərin eyni olmasına da imkan yarada bilər.

 

“Dövlət dili kimi Azərbaycan dilini tədris edən pedaqoji kadrların hazırlığı ehtiyacını necə qarşılamalı?”

 

Yeni Azərbaycan dili dərsliklərinin tətbiq olunduğu pilot siniflərdə aparılan monitorinqlərin nəticəsinə görə Azərbaycan dilini tədris edən müəllimlər fənnin məqsədinə (nitq bacarıqlarının inkişaf etdirilməsi) uyğun tədris aparmaqda çətinlik çəkirlər. Belə ki, müəllimlər daha vacib nitq bacarıqlarının (dinləmə, danışma, oxuyub-anlama, yazı) inkişafına deyil, əsasən Azərbaycan dilinin qrammatik qayda-qanunlarının öyrədilməsinə diqqət edirlər. Müxtəlif təlimlərin və kursların təşkil edilməsi ilə yanaşı, bəhs olunan sahədə pedaqoji kadr yetişdirən ali təhsil müəssisələri ilə sıx qarşılıqlı əlaqənin təmin olunması zəruridir. Dövlət dili kimi Azərbaycan dilini tədris edən pedaqoji kadrların çatışmazlığı da ciddi narahatlıq doğuran məqamlardandır. Kadr hazırlığı ilə bərabər, hazırkı kadrların peşəkar inkişafı yönündə zəruri addımların atılmasına ehtiyac var.

 

Təfəkkür insana dildən keçir və şəxsiyyətinin formalaşmasında rolu böyükdür. İnsan necə düşünürsə, elə danışır. Bu baxımdan, Azərbaycan milli-mənəvi dəyərlərinin şagirdlər tərəfindən əxz olunması üçün adıçəkilən dərsləri öz dillərində öyrənmələri daha məqsədəuyğundur. Sözsüz ki, dünyaya çıxış üçün şagirdlərin rus, ingilis, fransız və dünyanın digər aparıcı dillərini öyrənməyi faydalıdır, amma ilk növbədə ana dilini mükəmməl öyrənməliyik...

 

O da reallıqdır ki, qloballaşan dünyada ana dilini qoruyub saxlamaq olduqca çətindir və Azərbaycan dilinin tədrisinin gücləndirilməsi ilə bağlı yuxarıda əksini tapan təkliflərin reallaşması da ana dilimizin qorunmasında əhəmiyyətli rol oynaya bilər.