Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-26 17:32:00
Xarici diplomların tanınması üçün tələb olunan ödəniş  nə qədərdir?-DİQQƏT

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  Qərarı ilə təsdiq edilmiş  qaydalara uyğun olaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyində ali təhsilin yalnız bakalavriat, əsas (baza ali) tibb və magistratura səviyyələri üzrə əldə edilmiş xarici kvalifikasiyaların tanınması həyata keçirilir.

 

Tanınma xidməti ödənişlidir. Məbləğ  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən  müəyyən edilir.

 

AzEdu.az  xəbər verir ki, ərizəçilər xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi üçün 250 AZN  ödəniş  etməlidirlər.

 

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması haqqında şəhadətnamənin itirilməsi və ya korlanması halında, dublikat şəhadətnamənin əldə olunması üçün isə 20 AZN xidmət haqqı ödənməlidir.

 

Kvalifikasiyaların tanınması  üçün  qeydiyyat elektron ərizə sistemi vasitəsilə həyata keçirilir. Qeydiyyat zamanı təqdim edilən elektron poçt və mobil nömrə daim istifadə edilən olmalıdır. Belə ki, ərizələrlə bağlı yeniliklər bu vasitələr üzərindən mütəmadi olaraq bildirilməkdədir.