Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-23 13:33:00
Beynəlxalq imtahanlara yazılmaq üçün Vahid Qeydiyyat Platforması istifadəyə verilib-DİM

Dövlət İmtahan Mərkəzi (DİM) beynəlxalq imtahanlara yazılmaq üçün Vahid Qeydiyyat Platformasını istifadəyə verib.

 

AzEdu.az xəbər verir ki, platforma DİM-də keçirilən 8 müxtəlif beynəlxalq imtahana vahid məkandan qeydiyyatdan keçmək və ya məlumat əldə etmək imkanını yaradır.

 

DİM Nizamnaməsinə uyğun olaraq beynəlxalq imtahanları keçirən təşkilatlarla əməkdaşlıq edir və həmin imtahanların Azərbaycan Respublikasında keçirilməsini təmin edir.

 

Yerli təhsil mühitinin daha da beynəlmiləlləşməsi məqsədilə bir çox beynəlxalq qurumlarla əməkdaşlıq edən DİM təkcə təhsil sahəsində deyil, qlobal əmək bazarında da rəqabətə qoşulmaq istəyənlər üçün ən nüfuzlu kvalifikasiya imtahanlarının ölkə ərazisində vahid məkanda keçirilməsini təşkil edir.

 

Dövlət İmtahan Mərkəzində SAT, ACCA, TOEFL iBT, GRE: General Test, Beynəlxalq rus dili imtahanları (ТРКИ), Kompüter Bacarıqlarına dair Beynəlxalq Lisenziya, Pearson VUE (PTE Akademik və ixtisaslaşma imtahanları), “Cambridge Assessment English”in ingilis dili üzrə kvalifikasiyaları kimi beynəlxalq imtahanlar keçirilir.

 

Mərkəz namizədlərin bu beynəlxalq imtahanlara qeydiyyatdan keçməsini daha da asanlaşdırmaq üçün Vahid Qeydiyyat Platformasını hazırlayıb və istifadəyə verib. Platforma namizədlərə Mərkəzdə təklif edilən bütün beynəlxalq imtahanlara rahat şəkildə vahid elektron məkandan məlumat əldə etməyə və qeydiyyatdan keçməyə imkan verir.

 

Platformada “Cambridge Assessment English”, ACCA, ТРКИ, ICDL beynəlxalq imtahanlarına birbaşa qeydiyyatdan keçmək, SAT, TOEFL iBT, Pearson VUE, GRE imtahanlarına isə qeydiyyatdan keçmək üçün müvafiq internet resurslarına keçid əldə etmək mümkündür.

 

Qeydiyyatdan keçərkən namizədlər öz şəxsi məlumatlarını daxil edir və iştirak etmək istədikləri beynəlxalq imtahanın adını seçib, qeydiyyatı davam etdirərək müvafiq prosesi tamamlayır və ya digər təlimat keçidlərinə yönəlirlər. Ödəniş etmək üçün namizədlərə iki seçim (onlayn və ya hesab-faktura ilə) təklif olunur.

 

Namizədlər ödənişi tamamladıqdan sonra elektron poçt vasitəsilə qeydiyyata dair təsdiq cavabı alır və artıq imtahanda iştirak etmək hüququnu qazanırlar.

 

Dövlət İmtahan Mərkəzinin Beynəlxalq İmtahanlara Vahid Qeydiyyat Platformasına https://eservices.dim.gov.az/iexams/az/login.aspx linkindən daxil olmaq mümkündür.