Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-23 12:40:00
Vətən Müharibəsində tarix yazan peşəkar müəllim

Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olan tarix müəllimi Famil Əhmədzadənin doğum günüdür.

 

AzEdu.az xəbər verir ki , Famil Əhmədzadə 23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Ailəsi İsmayıllıya köçdüyünə görə o, 1982-ci ildə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul edilib. Orta təhsil illərində məktəbin savadlı, ictimai işlərdə fəal şagirdlərindən biri kimi tanınıb. 1992-ci ildə orta məktəbi əlaçı məzun kimi başa vurub.

 

F.Əhmədzadə orta məktəbi bitirdiyi il Azərbaycanda test üsulu ilə keçirilən ilk imtahanlarda uğurla iştirak edərək Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Politologiya ixtisasına qəbul olub. Akademiyanın sayılıb-seçilən tələbələrindən olan F.Əhmədzadə 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. O, hərbi kafedradan məzun olduğu üçün leytenant rütbəsi alıb.

 

F.Əhmədzadə 1997-ci ildə məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1999-cu ilin əvvələrində Naxçıvan Muxtar Respublikasına hərbi xidmətə yollanıb. 2000-ci ilin 9 noyabrında hərbi xidmətdən baş leytenant kimi tərxis olunub. Hərbi xidmətdən sonra yenidən doğma məktəbində pedaqoji fəaliyyətini davam etdirib. F.Əhmədzadə rayonda, eləcə də respublikada ən yaxşı müəllim kimi tanınıb. İstedadlı müəllimin yetirmələri orta məktəbi uğurla bitirərək yüksək balla tələbə adını qazanıblar. Onun bir müəllim kimi ən böyük arzusu vətənə layiqli vətəndaşlar yetişdirmək olub.

 

F.Əhmədzadə 2020-ci ilin 27 sentyabrında – Vətən müharibəsi başlanan gün könüllü olaraq cəbhəyə yollanıb. Ürəyində böyük vətən sevgisi yaşadan cəsur zabit, müəllim Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin müdafiəsində müstəsna rol oynayıb. Oktyabr ayının 13-dən 14-nə keçən gecə Talış və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Şəhid Famil Əhmədzadənin nəşi noyabrın 3-də əvvəlcə yaşadığı evə, daha sonra İsmayıllı rayonu Şəhidlər Xiyabanına gətirilərək, şəhər sakinlərinin izdihamlı yürüşü ilə dəfn edilib.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş hərbi qulluqçu Əhmədzadə Famil Ağaəhməd oğlu ölümündən sonra Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

 

Ailəli idi. Bir oğlu yadigar qalıb.