Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-21 17:06:00
Universitetlərimizin yataqxana problemi – “İstifadəyə verə bilmirik” -SORĞU

 

 

Sentyabrın  29-dan etibarən ali təhsil müəssisələrində  əyani tədrisə start verilir.

 

Xüsusi  ilə  təhsil alacağı  universitet  daimi yaşayış ünvanından fərqli  bölgədə  yerləşən  tələbələri  narahat edən əsas məsələlərdən biri də yaşayış  yeri  problemidir.

 

Hazırda  kirayə  ev  bazarında  qiymətlərin  qalxmasını  da  nəzərə  alsaq,  bu  tələbələr  üçün  münasib  olan  təhsil  müəssisələrinin  yataqxanalarıdır.

 

Bəs  hazırda  yataqxanaların  vəziyyəti necədir? Qiymətlər necə dəyişir?

 

AzEdu.az  yataqxanalar  haqqında  bütün  bu  suallara  cavab  olaraq  universitetlərin  mətbuat  nümayəndələri  arasında  keçirdiyi  sorğunu  təqdim  edir:

 

Azərbaycan  Texniki Universitetinin  mətbuat  katibi  Sevinc  İsgəndərova  yataqxanaların  yaşayış  standartlarına  cavab vermədiyini  bildirib:

 

“Qeyd  edim ki, Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir. Bu binalarda 1988-90-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb.  Yataqxanalarda ümumilikdə 900-dək qaçqın və məcburi köçkün ailəsi yaşayırdı. Hazırda binalarda 124 ailə qalıb. Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya  sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yarasız hala düşüb. Qaçqın və məcburi köçkünlər köçürüldüyü təqdirdə bina əsaslı təmir edilmədən öz təyinatı üzrə istifadə edilə bilməz. Hazırda müvafiq qurumlar tərəfindən universitetin yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi davam edir. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək”.

 

Bakı  Mühəndislik  Universitetinin  İctimaiyyətlə  əlaqələr  şöbəsinin  müdiri  Elman  Babayev  universitetin  yataqxanasının  bərpa  olunacağını və  xüsusi  nəzarətin  həyata  keçiriləcəyini  bildirib:

 

“BMU-da yataqxanaların fəaliyyəti bərpa olunacaq və mövcud pandemiya şərtləri nəzərə alınmaqla bu istiqamətdə müəyyən hazırlıqlar həyata keçirilməkdədir. Bununla yanaşı, artıq yataqxanalara onlayn formada qeydiyyat prosesinə start verilib və müvafiq elan universitetin saytına yerləşdirilib. Qeydiyyat 15-25 sentyabr 2021-ci il tarixlərində davam edəcək. Müvafiq təlimatlar hazırlanıb və buna uyğun olaraq nəzarət yataqxana rəhbərləri tərəfindən həyata keçiriləcək”.

 

Azərbaycan  Memarlıq  və İnşaat  Universitetinin  Mətbuat  və  informasiya  şöbəsinin  müdiri  Nəcibə Mirzəyeva  yataqxananın  vəziyyəti  və qiymətlər barədə məlumat verib:

 

“Hazırda  yalnız  bir  yataqxanamız  fəaliyyət  göstərir. Digər  yataqxanalarımızda  uzun  illər məcburi  köçkünlər  yerləşmişdi. Doğrudur, hazırda  onlar  köçürülüb, ancaq   hazırda  o  yataqxanalarıın  vəziyyəti  tələbələrin  məskunlaşması  üçün  münasib  deyil.  Oranın  təkrar  təmirə  deyil, hətta  yenidən  qurulmasına  ehtiyac  var. Bu  səbəblə  bir  yataqxanamız  fəaliyyət  göstərir. Bu  yataqxanamız  təmir  edilib, sanitar  qovşağı  yenilənib, tələbələrin  məskunlaşması  üçün  uyğun  şərait  var. Yataqxanamız  252  nəfərlikdir, yerli  tələbələr  üçün  30, əcnəbi  tələbələr  üçün  ödənişi  40  manatdır. Dərslərin  başlaması  ilə  əlaqədar  artıq  müraciətlər  daxil olur, universitetimiz Tələbə  Həmkarlar  İttifaqı  buna  nəzarət  edir”.

 

Azərbaycan  Dövlət  Neft  və  Sənaye  Universitetinin  İctimaiyyətlə  əlaqələr və Marketinq   şöbəsinin  direktoru  Bəhruz  Nəzərov  yataqxananın yoxlanış qaydaları və qiymətlərdən danışıb:

 

“Hazırda  universitetin  yataqxanası  fəaliyyət  göstərir  və  orada  bütün  dezinfeksiya  işləri  həyata  keçirilib. Giriş  zamanı  temperaturlar  yoxlanılır, hər bir  mərətbədə  dezinfeksiya  edici  məhlullar  quraşdırılıb, artıq  qeydiyyat  prosesi də  başlayıb. Universitet  üçün  nəzərdə  tutulan  nəzarət  qaydaları  yataqxana  üçün  də  tətbiq  ediləcək. 320  nəfərlik yataqxanamız var, bir  otağın  qiyməti  100 manatdır. Bir  otaqda  2-3  tələbə  qala  bilər, bu zaman yataqxana üçün ödənilən  məbləğ  tələbələr  arasında  bölünür”.

 

Lənkəran Dövlət  Universitetinin  Mətbuat  və  İnformasiya  xidmətinin rəhbəri  Esmira  İsmayılova  yataqxananın  fəaliyyəti  və  görülən  sanitar-epidemioloji tədrbirlər  barədə məlumat verib:

 

“Yataqxanalar  Nazirlər Kabinetinin müvafiq qərarından sonra fəaliyyətə başlacaq.Hər otaqda  iki nəfərin qalması planlaşdırılıb .1-ci mərtəbə xüsusi karantin otaqları üçün ayrılıb. Dərslərin müddətinə gəlincə, buna da Nazirlər kabineti qərar verəcək və biz də həmin qərara uyğun hərəkət edəcəyik. Bu ilki tədris ili mövcud pandemiya ilə bağlı ali təhsil ocaqları üçün çətinliklər yaratsa da, əminik ki, bunun öhdəsindən layiqincə gələcəyik. Onu da bildirim ki, LDU üçün kifayət qədər antiseptik məhlullar,detrodrem,teplovizor, birdəfəlik tibbi əlcəklər, üz sipərləri və s.alınıb”.

 

Bakı  Dövlət  Universitetinin  İctimaiyyətlə  əlaqələr  və  informasiya  şöbəsinin  müdiri Günel  Orucəliyeva  universitetin yataqxanasının tələbələrin istifadəsinə hazır olduğunu bildirib:

 

“Tələbə evi yalnız ənənəvi tədris başlayandan sonra istifadəyə veriləcək. Müasir tələblərə cavab verən 220 nəfərlik yeni “Tələbə Evi”ndə tələbələrin yaşaması və təhsillərini davam etdirmələri və asudə vaxt üçün bütün şərait yaradılıb.  104 otağın hər biri tələbata cavab verən mebellərlə təchiz edilib. Otaqlar  iki və üç nəfərlikdir. Birinci mərtəbənin qapısında giriş-çıxışa nəzarət üçün avtomatik sistem quraşdırılıb ki, bu da tələbələrin təhlükəsizliyini təmin edir. Pandemiya şəraitini nəzərə alaraq, burada dezinfeksiya üçün mexaniki (əllə işləyən) və həmçinin avtomatlaşdırılmış xüsusi qurğu da yerləşdirilib. Tələbələr öncə əllərini dezinfeksiyaedici məhlulla yuduqdan sonra otaqlarına qalxa biləcəklər”.

 

Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  İctimaiyyətlə  əlaqələr  şöbəsinin müdiri Elnarə  Məmmədova  bildirib ki, UNEC-in 5 yataqxanası var. Yataqxanalarda məcburi köçkünlər məskunlaşdığı üçün tələbələrin istifadəsinə verilə bilmir.